Onlayn ictimai-siyasi qəzet
Aşağıda nəql edəcəyim əhvalatı bir neçə prizmadan şərh etmək olar: “Varlıların qəribə işləri”, “Qadın böyük qüvvədir”; “Zənən felinə uyan kişinin ağlına keçə yamasınlar”; “Jurnalistlərin burun soxduğu yerdə sirr qalmaz” və s.
Məsələ belədir: altı il əvvəl alman əsilli amerikalı milyarder Karl-Erivan Haub Alp dağlarında (İsveçrədə) müəmmalı şəraitdə itkin düşüb. Adam oteldən çıxıb xizək sürməyə gedib, axırıncı dəfə onu liftdə görüblər və milyarder bir daha geri qayıtmayıb. 6 gün axtarıblar, ser Haub tapılmayıb, nə özünü, nə baratasını görən olmayıb. Hamı elə bilib ki, milyarderin xizəyi sürüşüb dərədən yuvarlanıb, qar qalağının altında, buzlaqların içində qalıb. Axtarışlar nəticə verməyib, üç il sonra onun öldüyü elan edilib.
Amma bu günlərdə məlum olub ki, Karl-Erivan Haub öz ölümünü saxtalaşdırıb, ölüb-itmiş və ya itib-ölmüş kimi səhnələşdirib, aradan çıxaraq Moskvaya varid olub, bu şəhərdə 44 yaşlı məşuqəsi ilə birlikdə yaşayır.
Məsələnin bu yerə qədərki hissəsi “Varlıların qəribə işləri” rubrikasından şərh oluna bilər. Adamda ürəyə bax, ailə-uşağını, dost-tanışını, biznesini atıb, başını götürüb gedib. 6 il uğurla gizləndiyinə görə onu fərasətli, ütük adam da saymaq olar.
Yaşlı-başlı, özü də milyarder bir almanı cəlayi-vətən etmək də güclü qadının işidir. Bu işi o zamanlar Sankt-Peterburqda xizək, yürüş və alpinizm ekskursiyaları təşkil edən agentliyin rəhbəri olan rus qadın edib. O, milyarderi İsveçrədən sürüşdürə-sürüşdürə Moskvaya görüşə gətirib, qoyub başının altına, indi özü də, bişəkk, ən azı milyonçudur. “Qadın böyük qüvvədir” rubrikası da belə doldu.
Ancaq yəqin ki, çox adam sinninin o vaxtında ölkəsini, ailəsini, biznesini bir qadına qurban vermiş kişinin ağlından şübhələnəcək. Çox adam deyəcək ki, a kişi, sən 20 yaşlı Romeosanmı, eşqə düşən vaxtındırmı, ay evi tikilmiş, indən belə nə edəcəksən, niyə öldüyün yerdə ölmürsən, gərək gəlib Moskvada qocalar evində öləsənmi, a qoca ayğır...
İndi gələk məsələnin jurnalistlərə aid olan yerinə. Bu müəmmanın üstünü kriminal detektivlər və ya təhqiqatçılar yox, jurnalistlər açıb. RTL şirkətinin alman jurnalistləri araşdırma aparıblar, iyləyib-çüyləyib, öyrəniblər ki, səy milyarder yoxa çıxmazdan əvvəl üç gün boyunca bir qadının telefonuna 13 dəfə zəng edib. Şübhəli deyilmi? Bir qadına 13 dəfə zəng elə, bir saat müzakirə apar, sonra yoxa çıx, o qadın da İnterpola xəbər verməsin. Heç amerikalı kriminalistlər də bu detala fikir verməyiblər, hesab ediblər ki, əcnəbi qadınla danışmaq milyarderin şəxsi həyatına aid işdir.
Alman jurnalistlər isə anlayıblar ki, bu işin içində bir iş var, hiss ediblər ki, cənab Haub itkin düşmüşlük haqq-hesabını həmin qadınla - Veronika Yermilova ilə birlikdə təşkil edib.
Dünyanın hər yerində belədir, hüquq-mühafizə orqanlarının əməkdaşları, özəl detektivlər bir müəmmalı işdən əl çəkərlər, amma jurnalistlər əl çəkməz, qurdaladıqca qurdalayarlar, sağdan, soldan ilişərlər, axır ki, ortaya bir zibil çıxararlar.
Əslində bizdə də bu xasiyyətdə olan araşdırmaçı jurnalistlər var, amma onların bu cür işləmələri üçün şərait yoxdur. Çox qabağa gedəndə ya qabaqlarını kəsib qapazlayırlar, ya da restorana aparıb yaxşıca qonaqlıq verirlər, o da anlayır ki, tutalım, itkin düşmüş iş adamı tapılsa, nə olacaq, tapılmasa, nə. Yoxsa, vallahi, bizim jurnalistlər 30 il əvvəl itkin düşən milyonçu Marat Manafovu və ya 22 il öncə itən prorektor Mahir Abdullayevi çoxdan tapardılar.
Çünki bu peşənin adamları çox diqqətcildirlər. Məsələn, 4-5 il əvvəl Bakının mərkəzində bir restoran vardı, vitrininə iri hərflərlə GANJA yazılmışdı, şüşəyə də çinar yarpağının şəkli çəkilmişdi. Hər gün minlərlə adam bu restoranın yanından o tərəfə-bu tərəfə gedib-gəlirdi, amma heç kim vitrindəki yazıya və şəkilə xüsusi diqqət yetirmirdi. Çünki hamı bilir ki, çinar yarpağı Gəncənin simvoludur. Ancaq bir dəfə jurnalistlər fikir verir ki, birincisi, bu çinar yarpağından daha çox çətənə (marixuana) yarpağına oxşayır, ikincisi niyə GƏNCƏ yox, GANJA yazılıb. “Ganja” ingiliscədə çətənə deməkdir, vitrindəki yarpaq şəkli də çətənə yarpağıdır. Demək, bu restoran bu yolla özünü reklam edir, avropalı əcnəbilərə mesaj verir: “Ot lazımdırsa, içəri keçin, soruşun”.
Ta babal yuya bilmərəm ki, həmin restoranda əcnəbilərə marixuana satırmışlar, ya yox, amma burası dəqiqdir ki, bu fakt ictimailəşəndən sonra ajiotaj qopmamış həmin restoranı bağladılar, yarpağı və sözü sildilər.
Həmkarlarım olduğu üçün demirəm, çox xətalı tayfadırlar jurnalistlər. 6 ilin itkinini tapan adamlar ta nə eləməzlər...
20 Noyabr 2024
18 Noyabr 2024
16 Noyabr 2024
14 Noyabr 2024
10 Noyabr 2024
07 Noyabr 2024
06 Noyabr 2024
04 Noyabr 2024
02 Noyabr 2024
31 Oktyabr 2024
29 Oktyabr 2024
27 Oktyabr 2024
25 Oktyabr 2024
23 Oktyabr 2024
20 Oktyabr 2024
17 Oktyabr 2024
14 Oktyabr 2024
12 Oktyabr 2024
09 Oktyabr 2024
07 Oktyabr 2024
05 Oktyabr 2024
03 Oktyabr 2024
01 Oktyabr 2024
29 Sentyabr 2024
27 Sentyabr 2024
25 Sentyabr 2024
23 Sentyabr 2024
21 Sentyabr 2024
19 Sentyabr 2024
17 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ