İnsanlara hürriyət, millətlərə istiqlal!

"Toy etməyə hazırlaşırıq!" "Necə?" "3 aydır rəqsə gedirik"

 

Deyəsən, dövran doğrudan da, oxumuş adamlar demişkən, kardinal şəkildə dəyişib.

Artıq toylarda “Vağzalı çalınır, ana ağlayır” əyyamı geridə qalıb. İndi “Vağzalı” çalınanda heç kim ağlamır. Bəzən isə “Vağzalı” ümumiyyətlə çalınmır. Necə ki, dünən sosial şəbəkədə yayılan videodan görünür ki, bəylə gəlin toy məclisinə girəndə “Vağzalı” əvəzinə nəqarəti “No-no-no-no-no” olan bir mahnı oxunur, bəy də, maşallah, 100 ilin di-ceyi imiş kimi rəqs edə-edə gəlir. Allah tərəfi, gəlin özünü ağır aparır.

Düzdür, milli mentalitetmizə zidd olan o cür rəqs bəyin boy-buxununa, saqqalına, qalstukuna yaraşmır, amma ta nə edə bilərik, toy onundur, özü bilər.

Belə yozmaq olar ki, bu cütlük “Vağzalı” sədasının ətrafa kədər saçdığı qənaətinə gələrək bunu pozitiv bir şeylə əvəzləmək istəyiblər. Belədirsə, alğışlayaq. 70-100 il qabaq vağzaldan kimlərisə harasa yola salanda (bunun xüsusi bir hekayəti var, yadımdan çıxıb) belə bir təranə çalınıb, o vaxtdan bəridir bütün toylarda bu hüznlü melodiya səslənir. Xeyir ola? Bu qız xoşbəxt olmağa gedir, uzaq yerə də getmir, iki-üç gündən sonra atası evinə gələcək, anası da həftədə 3 dəfə onlara gedəcək, gündə 5 dəfə də telefonla görüntülü danışacalar. Bəs bu nəyin hüznü, həsrəti, kədəridir? O melodiyanı məhdudlaşdırmaq lazımdır. Gerçəkdən.

“Vağzalı”dan imtina etmək adət-ənənələrdən, milli dəyərlərdən, ağsaqqal öyüdündən, ağbirçək məsləhətindən imtina etmək deyil, şair demişkən, “ələmdən nəşəyə” körpü salmaqdır.

Əvvəlki cümlədəki “nəşə” sözünü yanlış anlamayın, bu, bildiyini “şey”i ifadə etmir, şənlik-şadlıq, kefiköklük kimi sözlərin sinonimidir. Ona qalsa, qardaş Türkiyədə Nəşə adlı xanımlar (ən məşhuru - müğənni Nəşə Qaraböcək) var və bu ölkədə “nəşəmiz yerindədir”, “nəşəmizi bozmayalım” kimi ifadələr gen-bol səslənir.

Xüləs, qayıdaq toya. İndiki cavanların toyda unikal görünmək, oynamaq kimi böyük bir dərdləri var. Əvvəllər belə şeylər yox idi. Hamı başını aşağı salıb toyunu yola verirdi. İndikilər nişanlanandan ta toya qədərki müddətdə boş durmurlar, rəqsə gedirlər, aylarla gəlinlik axtarır, seçir, bəyənirlər, toyun repertuarını müəyyənləşdirirlər, xüsusilə də şəhər uşaqları öncədən sazəndələrə tapşırırlar ki, “kəndalı” mahnı səslənməsin.

Vallahi, bir neçə toyda ha istəmişik ki, “Yandırıb-yaxırsan, a göy dondadakı” mahnısını çaldırıb oynayaq, musiqiçilər deyiblər, mümkün deyil, bizim şadlıq sarayında o cür mahnılar çalınmır. Niyə də, niyə? “A balkondakı” mahnısına nə olub? “Qanqam stayl” çalına bilər, o yox? Heç demə, bu “kəndalı” mahnıymış. Hərçənd o mahnını sevən və onun melodiyasına oynamaq istəyən əməldaşımız paytaxtın mərkəzində doğulub-böyüyüb, kənd üzünü yaydan-yaya görüb, ya görməyib.

Guya “Papita”ya oynayanda, toy salonuna “Mendelson marşı”nın sədası altında daxil olanda elit oluruq. Natamamlıq kompleksidir – savadlı yoldaşlar belə deyir.

Yəqin ki, toy salonuna əcnəbi mahnıya əcaib-əcaib oynayaraq girən cütlük də o kompleksdən əziyyət çəkir və milli olan şeyləri – mahnıları, dili, adətləri, davranışları xor görür.

Bizdə gah şimala, gah cənuba, gah da qərbə (eləcə də Qərbə) yarınmaq meylinin bucağı çox itidir. Neytrala atdınsa, özü gedir. Bir dəfə bir toydaydıq, məclis milli musiqilərlə davam edirdi, oynayanlar da Pakistandan Yunanıstana qədər yayılmış bənzər əl-qol, diz-daban hərəkətləri ilə davam edirdi. Qəfildən bəyin dostları girdilər ortaya, düz bir saat oynadılar. Saksafonlar, trubalar, trombonlar hər cür çığırtı-bağırtı səsləri çıxardılar, bir dənə nəinki Azərbaycan, heç Türkiyə melodiyası da çalmadılar. Axırda məlum oldu ki, oynayanlar Qərb ölkələrindən qrant alan QHT-çilərdir.

Yadınızdadırsa, bir ara toylarda “İran təranələri” də çox çalınırdı, sonra yığışdırıldı. Bunun səbəbi siyasət olmadı, sadəcə, o melodiyaya oynayan kişilərin hərəkətləri laübalı görünürdü, ziyalılardan kimsə demişdi ki, bu ibnələrə xas plastikadır.

Yəhudilərin “7-40” melodiyasının da toylarımızda dəb olduğunu xatırlayıram, rus mahnılarının da tez-tez çalındığını da. Hərçənd “Trabzon qolbasdısı” heç cür dəb olmur. Onu oynamaq çətindir, xüsusi hazırlıq istəyir. Bəyin dostları gərək bir ay əvvəldən məşq etsinlər.

Tısbağaların bir xasiyyəti var, qınlarından çıxandan sonra davranışlarını dəyişirlər, ilbizə oxşamaq istəyirlar.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024