İnsanlara hürriyət, millətlərə istiqlal!

Hövsələ çatışmazlığı sindromu - qısaca “gönüqalınlıq” da demək olar

O gün sosial şəbəkədə həmvətənlərimizin hövsələsizliyi barədə bir status yazmışdım, supermarketdə aldığımız məhsulları çəkdirərkən, bir dəqiqənin içində 3 nəfərin növbəni pozduğundan bəhs etmişdim və axırda da bunun “bir az mədəniyyətsizlik” olduğunu qeyd etmişdim.

Heç demə, istifadəçilərin yaralı yerinə toxunmuşam, çoxu sözümə qüvvət verib, bəziləri “bir az mədəniyyətsizlik” ifadəsi ilə razılaşmadıqlarını bildirib və qeyd ediblər ki, bu, lap yekə mədəniyyətsizlikdir, hətta tərbiyəsizlikdir.

Ağır sözlər işlətməyin əleyhinəyəm, yoxsa “bu, gönüqalınlıqdır” və ya “eşşəklikdir” yazardım. Mən bu xüsusiyyəti daha çox hövsələsizliklə bağlayıram. Baxırsan, mədəni oğlandır, göy kostyumu, ağ köynəyi, qalstuku-zadı da var, kim bilir, hansı bankda işləyir, amma 20 saniyə növbə gözləməyə səbri çatmır.
Bəzi dostlar isə növbəni pozanlara dözümlü yanaşmağımıza görə bizi, hövsələsini basıb 1 dəqiqə artıq gözləyənləri qınayırlar, deyirlər, gərək siz onlarla... dalaşaydınız.

Əlbəttə, bu, mümkün idi. Çətin bir şey yoxdur. Sərt şəkildə növbəni pozana deyirsən: “Növbəyə girmə, qanacağın olsun”. O da deyir: “Tələsirəm, adamlığın olsun”. Sən deyirsən: “Adamlıq növbəni pozmamaqdır, heç kimdən artıq deyilsən”. O deyir: “Panyatkan olsun, ağzımda deyirəm, tələsirəm”. Beləcə, söhbət böyüyür, ərzaq dolu torbalar bir tərəfə qoyulur, tərəflər bir-birinin yaxasından yapışır, iki şillə, bir təpik, hay-küy, mühafizə gəlir, polis çağrılır, bölmədə izahat, cərimə-filan. Tələsən oğlanın gününün yarısı və babat bazarlığa xərcləyəsi pulunun 5 misli cəriməyə gedir. Növbənin pozulmasının qarşısını alan vətəndaşın da başı (və təpik dəyən sol budu) ağrıyır. Hələ ictimai yerdə dava saldığına görə onun da cərimələnməsi ehtimalı var - əgər zərərçəkən deyilsə. Zərərçəkəndirsə, ərizəsini alacaqlar, bir neçə dəfə bölməyə gedib-gələcək. Axırda da barşıq təklif edəcəklər.

Bu, kimə lazımdır? Salamatı 1 dəqiqə hövsələ etməkdir.

Düzü, marketdə növbəmizə girənlərin biri dalaşqan adama oxşayırdı, 33-35 yaşında saqqallı kişiydi. Düzdür, bu saat o yaşda olanların 90 faizi saqqallıdır, amma onun görünüşü hövsələsiz və söz götürməyən biri olduğuna dəlalət edirdi. Belələrinə yolda da yol vermək lazımdır ki, sürüb getsinlər. Yoxsa arxadan səs və işıq siqnalı verirlər, böyürdən ötüb keçəndə də əl siqnalı ilə “ala, sür də, nə sürünürsən” jesti edib keçirlər.

Növbəni pozanların biri isə 65+ yaşda ağsaqqal adam idi, ona nə deyəsən? Yaşına hörmət eləmək lazımdır. Biri də ortayaşlı qadın idi. Bax, onda hansı potensialın olduğunu anlamadıq. Kim bilir, bəlkə söz güləşdirsəydik, səsini başına atar, var-yox söyüşü edər, səs-küyə toplaşanlara deyərdi ki, dava növbə davası deyil, bu kişi məndən nömrə istəyirdi. Di gəl, yaxınlaşan qeyrət dağarcıqlarını başa sal. Polis gələnə qədər adamın adı serial manyaka çıxar. Vallahi, mütləq kimsə tapılar ki, deyər: “Mən bunu tanıyıram, bu, zorlama üstündə yatıb-çıxmış adamdır”. Di get.

Ona görə də yarım dəqiqə hövsələ etməklə manyak çıxmaqdan qurtulmağın özü yekə bir nailiyyətdir.
İki ildən sonra 60 il olacaq ki, Bakıda metro var, əhalinin 60 faizdən çoxu hələ də metro vaqonuna hövsələ ilə minib-düşməyi bilmir, ta nədən danışaq? (Mütləq bəzi oxucular mesaj yazacaqlar ki, nə 60 faiz, azı 90 faizi elədir). İnanmayan bu yazını oxuyan kimi düşsün metroya, minsin vaqona, 1 dayanacaq getsin və vaqonun qapısı açılan kimi düşmək istəsin, ən azı üç qadın qapı açılan kimi içəri təpiləcək.

Niyə? Çünki hövsələ yoxdur. 60-lıq yolda maşını 100-120 ilə ona görə sürürlər ki, hövsələ çatışmazlığı var. Sonradan qazanılmış çatışmazlıqdır. Müalicəsi yoxdur. Yəni hövsələsiz adamı ard-arda 47 dəfə cərimələsələr də, düzələn deyil.

Təəssüf ki, bunun mədəni səviyyə ilə də əlaqəsi var. Qanacaqlı adam başqasının haqqına, vaxtına, növbəsinə girməməlidir, girirsə, demək, hövsələ ilə yanaşı, başqa çatışmazlıqları da var.
Bəziləri isə özünü yuxarı kastadan hesab edir, düşünür ki, o, şudralarla bir yerdə növbə gözləməməlidir, o, üst zümrədəndir, iş-güc yiyəsidir, o tələsir, vaxt itirə bilməz. Məsələ heç də 10-15 saniyə qabağa düşməkdə deyil. Məsələ odur ki, bu adam növbədə durmamalıdır, çünki Həsən ağanın qohumudur.

Bax, Əbdürrəhim bəy “Həsən ağanın qohumu”nun hekayəsini 110-120 il əvvəl yazıb, hələ də aktualdır. Düzəlməmişik. Ona görə ki, bizim artıq hekayə oxumağa belə hövsələmiz çatmır.

P.S. Bu yazını hövsələ edib axıra qədər oxuduğunuz üçün siz marketdə, orda-burda növbəyə girənlərdən deyilsiniz. Təbriklər.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR