İnsanlara hürriyət, millətlərə istiqlal!

Təqaüdçülərlə “işləyən” gənc dələduzlar

 

İndiki cavanlar bilməz, bizim dövrümüzdə bir bədii nəsr əsəri vardı: “Timur və onun komandası”. Təbliğat xarakterli əsər idi. Povestin qəhrəmanı olan uşaqlar köməyə ehtiyacı olab ahıllara yardım edirdilər, su daşıyır, odun yarır, çəpər düzəldir, lazım olan yerləri rəngləyirdilər və s.

Bu, uşaqlara xeyirxahlıq aşılamaq, bir növ böyüyən nəsli adam eləmək üçün düşünülmüşdü və pis şey deyildi. Biz də çalşırdıq ki, Timur kimi olaq. İctimai nəqliyyatda böyüklərə yer verirdik, yüklərini daşıyırdıq, yolu keçmələrinə kömək göstərirdik və s.

Bəlkə elə uşaqlar, yeniyetmələr yenə də var, dəqiq bilmirəm. Olmamış olmaz, əl-əlbət var. Fəqət indi timurçuluq trend deyil. Bu, dəqiqdir.

İndinin uşaq və yeniyetmələrinin bir xeylisi ya o qədər eqoistdir ki, heç doğma dədə-nənələrinə köməklik etmirlər, ya da kələk gəlməyə, soymağa ahıl və avam adam axtarırlar.

Araşdırsaq, görərik ki, bu saat türmələrdə onlarla cavan uşaq məhz bankomatdan təqaüdünü çıxarmaq üçün çətinlik çəkən ahıllara yaxınlaşıb, guya təmənnasız “timurluq” ediblər, amma binəva təqaüdçülərin kartındakı pulu məngirləyib aradan çıxıblar və axırda Ucar beçəsi kimi cələklənib aparılıblar içəri.

Düzdür, onlar telefondan, kompüterdən, texnoloji yeniliklərdən baş çıxarırlar, amma qanmırlar ki, bankomatda videkamera da var, oradan pul çıxaranları da, çıxarmaq istəyənləri də, hətta pul çıxara bilməyənlərə “kömək edənləri” də qəşəngcə çəkir.

Şəkli çəkilən dələduzun polislər tərəfindən tapılması isə texniki işdir. Yeniyetmə (gənc) dələduzlar həmin pula uzağı bir enerji içkisi alıb hortlada bilərlər, çipsi almaq istəyəndə poqonlular kəsdirir başının üstünü, “Fiat Dobla”ya mindirib bölməyə dəvət edirlər.

Bir bizim ölkəmizdə deyil, o gün Qazaxıstanda da 7-8 gənc dələduzu yaxalamışdılar. Onlar da təqaüdçülərlə “işləyirmişlər”, zəng edirmişlər ki, yaxın qohumunuzun başına iş gəlib, tuturlar, biz bu işi bir miqdar xərclə həll edə bilərik. Qohumcanlı dədələr, nənələr öz övladlarını, nəvələrini türmədən qurtarmaq üçün hərəkətə gəlirmişlər və illərdir yığdıqları “kəfən pulu”nu aparıb verirmişlər fırıldaqçılara.

Bu, əlbəttə, deqradasiyadır, mənəvi aşınmadır. İndinin yeniyetmə və gənclərini amansız həyat, yaşayış uğrunda gedən şiddətli mübarizə bu hala salıb. Amma onlar da anlamalıdırlar ki, heç kəs dələduzluqla, fırıldaqla xoşbəxt olmayıb. Necə deyərlər, bu işin axırı yoxdur.

Bu yaxınlarda Rusiyanın Kuzbass şəhərində, şaxtaçı qəsəbələrinin birində belə bir hadisə baş verib. İki avara-gor gədə gəliblər tək-tənha yaşayan 85 yaşlı qarının evinə. Kömək məqsədilə... Yığdığı pulun yerini tapacaqmışlar. Onlar niyyətlərini nənəyə bildirəndə, qarı gözlənilmədən gənc quldurlarla əməkdaşlıq variantını seçib, deyib, gizli saxlancı zirzəmidədir, asan yerdədir, alın bu elektrofənəri, düşün, götürün. İki metr boyu olan boynu sınmışlar zirzəmiyə düşüb axtarışa başlayanda birdən hiss ediblər ki, zirzəminin ağır taxta qapağı örtüldü və kilidləndi, üstünə də nəsə ağır bir şey qoyuldu. Gədələrin çığır-bağırının xeyri olmayıb. Yox, qarı onları zirzəmiyə salandan sonra dərhal polisə zəng etməyib, ümumiyyətlə, yadından çıxarıb ki, zirzəmidə adam var. Məlum: yaşlılıq, yaddaş pozğunluğu... Nənə həyətdə, qapıda-bacada işində-gücündəykən, zirzəmidəki quldurlar başa düşüblər ki, onlara qurtuluş yoxdur, daxili imkanlar hesabına həyatda qalmaq üçün bu dəfə qida axtarışına başlayıblar və əllərinə kartof, alma kimi şeylər keçib. Bir həftədən sonra “amneziya”ya yoluxmuş nənənin nəvəsi şəhərdən gələndə hiss edib ki, zirzəmidən inilti, ağlaşma səsi gəlir, gedib zirzəminin qapağını qaldırıb, görüb ki, it gününə düşmüş iki quldur...

Bizdə tənha nənələr azdır, amma əksəriyyətinin kələ kimi nəvələri var. Onlara fırıldaq gəlmək istəyənlər bu faktoru nəzərə alsalar yaxşıdır. Yoxsa sonra ya zirzəmidə alma ümidinə qalacaqlar, ya da içəridə “şestyorka”lıq edəcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024