Onlayn ictimai-siyasi qəzet
Ötən həftə vəfat etmiş böyük şairimiz Məmməd İsmayılın sovet dövründə yazdığı bir şeir var, iki misrasının mənası bu cürdür: “Hər ilin səkkizinci ayı xalqın sabahı bu günə imtahan verir”.
Sovet dönəmində avqust imtahan ayı idi, bütün ali və orta ixtisas məktəblərinə kütləvi şəkildə imtahanlar keçirilirdi. Dörd imtahanın dördündən də müvəffəq və daha yaxşı qiymətlər alan gənclər ali məktəblərin tələbələri olurdular.
Bəzən tələbə olmaq istəyənlər çox olurdu, dörd imtahanın dördündə də “kəsilməyən”, iki “yaxşı”, iki “kafi” (hərdən dörd “kafi”) qiymət alan abituriyentlər müsabiqədən keçə bilmirdilər, müəllimlər onlara “gələn il gələrsən” deyib evlərinə yola salırdılar.
O dövrün tələbə qəbulunda neqativ hallar dözülməz həddə çatdğından, hətta milli fəlakət səciyyəsi aldığından şair həmin şeirini məhz bu məsələyə həsr etmiş, “hər ilin səkkizinci ayında sabahı bu günə imtahan verən xalq”ın gününə ağlamışdı.
34 il öncə tələbə qəbulundakı korrupsiyaya elə bir zərbə vuruldu ki, o sahədə yaradılmış dürüstlük, halallıq hələ də davam edir. Tələbə qəbulu prosesi yenə də nümunəvi və obyektiv keçirilir.
Bunun sayəsində artqı hər ilin səkkizinci ayıında minlərlə gəncin ölkənin (eləcə də Avropanın) ən prestijli universitetlərinə daxil olması barədə xəbərlər gəlir.
Bu ilin səkkizinci ayı da istisna olmadı. Bir neçə gündür peşəkar medianın səhifələri, eləcə də sosial şəbəkələr övladlarının tələbə olmasıyla bağlı sevinclərini bölüşən valideynlərin açıqlamaları və statusları ilə dolub-daşır.
Gənclərə halaldır, il boyunca oxuyurlar, usanmadan hazırlaşırlar, sınaq imtahanlarından keçirlər, axırda lazımi qədər bal toplayır, savadlarına uyğun olaraq müxtəlif ali məktəblərə daxil olurlar.
Valideynlərə də halaldır ki, sovet dövründəki kimi etmirlər, min bir əziyyətlə qazandıqları pulları ali məktəblərin rüşvətxor müəllimlərinə (“qəbul işinə daxan day-daylar”a) vermirlər, repetitorlara xərcləyirlər, əvəzində balaları yaxşı bilik bazası əldə edir və bu, baza onların 4 il bakalavr, 2 il də magistratura pilləsində təhsil aldıqları zaman kara gəlir.
Bura qədər hər şey yaxşıdır, dürüstdür, rəvan gedir, Amma gənclər məzun olduqdan sonra daha ciddi problemlərlə üzləşirlər.
Məlum olur ki, onların bir çoxunun ixtisası heç kəsə lazım deyil və onlar üçün heç yerdə iş yoxdur. Belə olacaqdısa, o lazımsız ixtisaslar nədən qəbul aparılır və xalqın uşağı azı 4 il vaxt itirir.
Daha bir müans. Məzunların bir xeylisi dövlət qulluğuna imtahan verməli olur, bu, onlar üçün, xüsusilə də universiteti uğurla bitirmiş gənclərdən ötrü çətin deyil, imtahanı verir, lazımi qədər bal toplayırlar, ancaq bu, hələ onların işlə təmin olunmalarına zəmanət vermir.
Ortada “şəxsi müsahibə” deyilən bir mərhələ də var və bu, müvafiq dövlət qulluğuna işçi qəbul edən komissiya üzvlərinin subyektiv mülahizəsi ilə müşayiət olunur. Onlar istəməyəndə qırmızı diplomlu məzunu, dövlət qulluğuna imtahanda maksimum bal toplamış gənci elan etdikləri vakansiya üzrə işə götürmürlər.
Bəs boş yerlərə kimlər qəbul olunur? Dərbənddə, Mahaç-qalada, Girəsunda, Ukraynanın 47-ci dərəcəli “universitet”lərindən diplom almış, amma imkanlı, arxalı gənclər o boş yerləri tuturlar və karyera pilləsində sürətlə irəliləyir, 5-10 ilin içində məsul vəzifələrə gəlirlər.
Yəni 34 il öncə tələbə qəbulunda edilmiş “inqilab” hələ abituriyent-tələbə-məzun-gənc mütəxəssis zəncirində haqq-ədaləti tam bərqərar etməyib. Əyintilər, pozuntular, neqativ hallar hələ də var.
Əslində dövlət qulluğuna, müəllimliyə qəbul üzrə təşkil edilən imtahanlar həmin neqativ halları minimuma endirməyi hədəfləmişdi və müəyyən dərəcədə nailiyyət əldə olundu, amma neqativ hallar tam və qəti surətdə aradan qaldırılmayıb.
Ona görə də bu gün övladının uğuruyla bağlı sevincini bölüşən valideynləri, eləcə də gənclərin özlərini görəndə istər-istəməz düşünürsən ki, kaş elə olaydı, gələcəkdə onları gözləyən çətinliklər olmayaydı.
Hələlik bu xüsusda ürəkaçan məqam odur ki, gənclərin arasında xarici dilləri ana dili kimi öyrənmiş vətənpərvərlər çoxdur və onlar ABŞ, Çin, Yaponiya, eləcə də Avropanın ən yaxşı universitetlərində təhsil alır, dünyaya açılırlar.
Ancaq müasir gənclərimizin elmi sahəyə meyllənməməsi naqis cəhətimizdir. Çin, Cənubi Koreya və Yaponiyanın gəncləri ilə ayaqlaşmaq lazımdır, hamının hüquqşünas və ya həkim olmasına ehtiyac yoxdur, hər il 5-6 tələbə də ixtiraçı mühəndis, texnoloq olmaq istəsə, lap əla olardı.
P.S. 34 il öncə tələbə qəbulunda “inqilab” etmiş Əbülfəz Elçibəyə və Vurğun Əyyuba Allah rəhmət eləsin.
25 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ