İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin nə vecinə, Şekspir nə deyib - ona Donbas lazımdır...

Rusiya-Ukrayna müharibəsi davam edir və o həddə çatıb ki, Hamletin “olum, ya ölüm” dilemmasına bənzər “ədalətsiz sülh, yoxsa ədalətli müharibə” sualı Domokl qılıncı kimi Ukraynanın və onun dostlarının, tərəfdaşlarının başı üzərində dayanıb. Haqsız güclünün - Rusiyanın ədalətsiz sülh təkliflərinə razı olmaqla, bəşəriyyət gələcək bədbəxtliklərinin təməlini qoymuş olacaq. O gələcək isə, uzaq deyil, yaxın gələcəkdir, sabahdır. Ədalətsiz sülh naminə ağ bayraq qaldırmaq, bu müharibədə bir-birinə dəstək verən iki ölkənin - Rusiyanın və İranın növbəti müharibələri başlatmasına əsaslı zəmin yaratmaq deməkdir. Bu mənada müharibənin Putin şərtləri əsasında bitməsini qəbul etməyən Ukrayna prezidentinin, Avropa liderlərinin Vaşinqton görüşündə və sonra keçirdikləri narahatçılığı anlamaq çətin deyil.

Bu narahatçılığı yaradan başqa bir səbəb də ABŞ prezidentinin Putin siyasətinə qarşı bu günədək loyal münasibət göstərməsi, Rusiyaya qarşı heç bir təzyiq üsulundan istifadə etməməsidir. Bu narahatçılığı biz də çəkirik, məsələ ondadır ki, həm Rusiya, həm də İranla sərhədi olan yeganə ölkə Azərbaycandır. Yəni, bəşəriyyət üçün iki böyük, real təhlükə ilə biz də üz-üzəyik.

d498c2d6-401b-4de8-b1fc-e00a7d10a549.jpeg (69 KB)

Rusiya müharibəni dayandırıb sülh danışıqlarına getməyəcək, o vaxta qədər ki, uduşunun olmadığını və uduzmağa başladığını hiss edəcək. Bu nə zaman baş verə bilər? Artıq Trampın hansısa növbəti son möhlət siyasətinə inam qalmadığı üçün Amerikanın təzyiqini nəzərə almadan demək olar ki, müharibənin 4 ili tamamlanma ərəfəsində və ya bir az gec müddətdə Rusiya müharibəni dayandırıb danışıqlara başlaya bilər. Bir şərtlə - Ukraynaya yardım elə hərtərəfli olmalıdır ki, Putin müharibənin hərbi və iqtisadi dəyərinin ona baha başa gəldiyini real olaraq dərk etmiş olsun. Trampa qalsa, Putin hələ bir müddət onunla “oynamağı” davam etdirəcək. Ona görə ki, Tramp yaxşı biznesmen ola bilər, amma xarakterinə görə ondan dərin diplomatik strategiya gözləmək əbəsdir, çünki zatən yoxdur.

Nə Alyaska, nə də Avropa liderlərinin iştirakı ilə Vaşinqton görüşləri müharibəni bitirmək üçün ümid belə vermədi. İndi isə “Nyu-York Times” yazır ki, Putinin tələbinə bir şərtlə razı olmaq mümkündür: ABŞ özü Ukraynanın təhlükəsizliyinə zəmanət versin. Bu nə deməkdir? Bu, Donbas uğrunda yüz minlərlə qurban verən ukraynalıların artıq Rusiya qarşısında gücsüz qaldıqlarından ədalətsiz sülhlə razılaşmaları üçün Amerikadan başlanan təbliğatdır.

a9b5b7a1-1a27-4747-ba16-d83afc308a74.jpeg (208 KB)

“Ədalətsiz” sözündən sonra hansı bir kəlmə gələcəksə, onun nə bəxş etməsi qəbuledilməzdir, hətta “sülh” kimi bəşəri məna daşıyan söz belə. Siyasət ədəbi nümunə ilə müqayisə edilməyən bir sahədir və romantikliyə yox, reallığa əsaslanır. Amma dünya siyasətində reallığı önə çəkənlər hər zamanmı qalib gəliblər və dedikləri sözlər, qəbul etdikləri qərarlar bir ölkəyə, bir bölgəyə, nəhayət bəşəriyyətə xeyir veribmi? Tarixdən çox sitat gətirib siyasilərin yanlış qərarlarının fəlakətlərindən danışmaq olar. Amma Şekspirin sözləri əsrlərdir ki, yaddaşlarda yalnız bir fərdin deyil, bəşəriyyətin qəbul etdiyi dəyər olaraq şərəfli, ləyaqətli insanların devizi olub.

“Olum, ya ölüm, budur məsələ.
Hansı şərəflidir? Azğın taleyin
Müdhiş oxlarına susub dözməkmi
Yoxsa fəlakətlər dənizlərinə
Qarşı silahlanıb üsyanmı etmək:
Ya qələbə çalmaq, ya həlak olmaq?”

Bax, Ukrayna işğalçıya qarşı “hansı şərəflidir” sualı altında “ya qələbə çalmaq, ya həlak olmaq” mübarizəsini aparır.

Bu sətirləri oxuyanda istehza ilə “Putinin nə vecinədi, Şekspir nə deyib, ona hansı yolla olur-olsun Donbas lazımdır, dronlar, raketlər uçanda Şekspir yada düşmür”. Razıyam. Amma vətən uğrunda vuruşan, ləyaqətini qoruyan Ukrayna əsgərini, Ukrayna xalqını, Ukrayna prezidentini düşündürən “hansı şərəflidir?” əxlaqıdır. Məhz bu əxlaq indiyədək imkan verməyib ki, Putin arzusuna çatsın. Ədalətsiz sülh, yoxsa ədalətli müharibə?

Putin üçün Mefistofel fəlsəfəsi daha keçərlidir. “Faust”da Mefistofel Allahla dialoqunda deyir ki, sən o əxlaqlı, şərəfli bildiyini - Faustu ver mənim ixtiyarıma. O zaman görəcəksən, sənin mükəmməl bildiyini mən necə dəyişəcəm. Mefistofel-Putin Allaha - Dünyaya deyir:

3d51a124-8a5c-4d67-bf50-7a1563f754d7.jpeg (88 KB)

“Mərc gəlmişəm: O, mənim olacaq gec-tez!
İzin ver, onu öz yoluma çəkim…
Gedəcək dalımca, şübhə yoxdur heç!”

Putinin “ədalətsiz sülhə” aparan fəaliyyəti sanki gerçəkləşmə ərəfəsindədir. Sanki Putin Dünya ilə mərc gəlib ki, Ukrayna onun olacaq. Bəs, Putinin Faustu kimdir ki, onu aldada bilib? Putin üçün Faust Rusiya ölkəsidir. Bu ölkə Putinin imperiya təfəkkürünə uyaraq ona etiraz etmir, dəstək verir. Buna görə cəhənnəm qapılarının astanasından son anda onları xilas etmək mümkün olacaqmı? Əgər Mefistofelə - Putinə qarşı kütləvi etiraz etsələr, dünyadan təcrid olmuş dövlətin deyil, normal bir dövlətin vətəndaşlarına çevrilə bilərlər. Faustu da aldadan, yolundan çıxaran Mefistofel onu cəhənnəmə aparanda, Allah sonunda mələklərini göndərib onu xilas edir, cənnətə aparır.

Ukraynanı da ədalətsiz sülhə məcbur etmək istəyən Mefistofellər var. Amma Ukraynanın haqq işini öz işi kimi bilən dövlətlərin gücü ilə ədalətli müharibə aparan Ukrayna öz cənnətinə - müvəqqəti itirdiyi torpaqlarına qovuşacaq. Ukraynanın cənnəti həm də bəşəriyyətin cənnətidir.

xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR