İnsanlara hürriyət, millətlərə istiqlal!

Məşuqəçilik institutunu çiçəkləndirən nikah növü

 

5-6 il öncə bir gənc (21 yaş) qadın redaksiyamıza müraciət etmişdi ki, əri onu bir uşaqla kirayə evdə, işsiz-gücsüz, pul-parasız qoyub, qəfildən aradan çıxıb, bu da çarəsiz qalıb, maddi sıxıntı içindədir.

Bir az sorğu-sual etdik, məlum oldu ki, cütlüyün rəsmi nikahı olmayıb, eləcə tələbə vaxtı bir-birindən xoşları gəlib, müasir gənclər olduqlarından ata-ana, dədə-nənə məsləhətinə də ehtiyac duymayıblar, şəhərətrafı qəsəbədə ev tutaraq birlikdə yaşamağa başlayıblar.

Qısa müddətdən sonra cütlüyün balı qurtarıb, əvəzində bala əmələ gəlib. Uşaq doğulandan bir az sonra artıq məzun olmuş gənc başını götürüb gedib, heç dünənə qədər “aşkım”, “həyatım”, “ürəyim” dediyi gənc qadına hara getdiyini də deməyib.

Bir uşaqla əl-qoyun, diz-qarın qalmış gənc ana nə etsin? Qanun heç nə edə bilmir. Ortada rəsmi nikah yoxdur. “Vətəndaş nikahındaydıq” deyən gənc xanım ata evinə də qayıda bilmirdi. Çünki vətəndaş nikahına girərkən “öz həyatımdır, özüm bilərəm” kimi başından yekə qələtlər edib.

Bax, ilk dəfə onda eyzən Avropa adət-ənənələrini öyən, rəsmi nikahın insanların əl-qolunu bağladığını deyən, vətəndaş nikahının daha optimal olduğu barədə təbliğat aparanların haqlılığına dair şübhə yarandı.

Belə qənaətə gəldik ki, bəlkə də vətəndaş nikahı yaxşı şeydir, amma bizim başımız, ümumiyyətlə, heç haramız üçün deyil. Biz hələ elə mədəni şeylərin qədrini bilmirik, əl-qolumuz, başımız-qıçımız qanunla, rəsmi nikahla bağlı deyilsə, bir gün aradan çıxırıq.

Beyin yüngül, vicdan defisitdirsə, komforta yanıqlıq varsa, məsuliyyət sıfırdırsa, vətəndaş nikahı dünənki sevgili cananı və “yaşam səbəbi” körpəni kirayə evdə buraxıb, türkün sözü, qayıblara qarışmağa mane olmur.

O gün deputat Fəzail Ağamalı vətəndaş nikahlarının artdığını deyərək qeyd edib ki, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3, kənd və rayonlarda 6 dəfəyə qədər artıb. (Bir fərq odur ki, şəhərdəki vətəndaş nikahları çox zaman özbaşınalıqla həyata keçirilir – kənd yerlərində isə “el qaydasıyla”).

Bəs bunların nə qədəri həmin birlikdəliyi davam etdrirlər, qırdı-qaçdılıq etməyiblər, bax, bu barədə statistik göstərici yoxdur. Burası artıq güclü cinsin insaf-mürvətinə, zərif cinsin isə sədaqətinə qalıb. Vətəndaş nikahında olan kişi bir gün çamadanını qablaşdırıb gedə bilərsə, qadın da kefi istəyəndə onun çamadanını rahlayıb qapı dalında qoya, “xoş getdin” deyə bilər.

Hələ bu vətəndaş nikahının bir variantı da var. Buna da “dini nikah”, “molla kəbini” deyirlər, amma bu da vətəndaş vəziyyətləri aktlarının qeydiyyatı şöbələrindən keçmədiyi üçün qanunsuz sayılır. Yəni cinayət deyil, amma qanuni dayağı da yoxdur. Sabah güclü cins üçcə dəfə “talaq, talaq, talaq” desə, nikah pozulmuş olur. Ondan sonra gənc və işsiz qadın neçə uşaqla bir damın altında başsız qalacaq, necə olacaq, bunu bilmək çətindir.

“Molla kəbini” daha çox məşuqə, ikinci arvad kimi saxlanılan qadınların işinə yarayır. Onların üzü qohum-qardaşlarının yanında ağ olur - ərləri var, molla kəbini kəsdiriblər, halal-hümbət, legitim şəkildə yaşayırlar. Nəslin qeyrətli kişilərinin hamısı bilir ki, xanımın lüks evini və maşınını “öz əri” alıb. Kim nə deyə bilər?

Yəni istər “vətəndaş nikahı”, istərsə də “molla kəbini” hadisəsi milli məşuqəçilik institutunun çiçəklənməsinə, onun müdavimlərinin artmasına münbit şərait yaradır. (Bir az tərbiyəsiz adamlar qədim peşələrdən birinin adını çəkərək bunu daha konkret ifadə edərdilər).

Müğənni İbrahim Tatlısəs 20-25 il qabaq ona “Dərya Tuna ilə nə vaxt rəsmi nikaha girəcəksiniz” sualı verən jurnalistlərə acıqlandı, dedi ki, ya arkadaşlar, bir kağız parçası nəyi həll edir...

Amma sonra İbo ilə Dəryanın arası dəyəndə məlum oldu ki, ortada “bir kağız parçası” olmadığı üçün sənətçinin milyonlarından Dəryaya bir şey çatmır. Sonra elə oldu ki, Dərya nəsə farağat durmadı və ayağndan güllə ilə vurdular. 3-4 il sonra İbonu da başından vurdular. Sadəcə, birinci güllələmə aktının vətəndaş nikahı məsələsinə dəxli olsa da, ikincinin dəxli yox idi.

Dediyim odur ki, əgər özünüzü avropalılar kimi apara, bir ömür boyunca birlikdə yaşaya bilməyəcəksinizsə, əbəs yerə özünüzü qanundakənar duruma salmayın və “xalxın gül kimi” ailə institunun adını bədnam eləməyin. Necə deyərlər, siz vətəndaş nikahında yaşaya biləsi qırışmal deyilsiniz.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024

17 Sentyabr 2024