Onlayn ictimai-siyasi qəzet
Xalqın öz milli-mənəvi dəyərlərinin keşiyində ayıq-sayıq durması sevindiricidir. Xətai rayonunda bir gözəllik salonu xətaya yol verərək reklam lövhəsində qeyri-etik ifadə yazıbmış, dərhal xalq ayağa qalxdı, sosial şəbəkələrdə salonu divara dirədilər, hüquq-mühafizə orqanları tədbir gördü, lövhə söküldü və söküntü haqqında xalqa məlumat çatdırıldı. Yoxsa xalq çox pis ayağa qalxmışdı, deyirdi oturmayacağam, bu isə isti günlərdə günvurma ilə nəticələnərdi.
Uzun sözün qısası, belə ifadə özgürlüyü mövzuları bəndənizdə dəruni maraq oyatdığı üçün həmin qeyri-etik ifadənin dalıyca düşdüm, çünki həmişə olduğu kimi, bizdə nəyinsə qadağan olunduğu yazılmışdı, ancaq bilmirdik qadağan olunan zibil nədən ibarətdir. Son illərdə tez-tez başımıza gəlir. Kimisə pisləyirik, lakin bilmirik bu it oğlunun günahı nədir. Əhvalatın, hadisənin təkzibini veririk, ancaq əhvalat nədir, onu örtülü saxlayırıq. Bu, dünya mediasında görünməmiş yenilikdir, qürur, fəxr yerimizdir. Hər şeyi camaatın əvəzinə yazmaq olmaz ki. Qoy onlar özü də axtarsın, arasın. Tapmasa belə, zənn eləsin, təsəvvür eləsin. Elmi cəhətdən isbat edilib, fantaziya beyinin inkişafına səbəb olur.
İkinci dəfə uzun sözün qısası, salonun yazdığı şüarı tapdım. Belə bir zad imiş: “Var-yoxuna nəhlət, Ən ucuz qiymət bizdədir” kimi cümlə idi.
Bu, filoloji baxımdan mənim üçün yenilikdir. Var-yoxa and içmək, lənət demək, ya da elə salonun el dilində yazdığı kimi, “nəhlət” oxumaq artıq qeyri-etik sayılırmış. Halal olsun. Nə qədər estetik, nə qədər mədəni yanaşmadır... Hərçənd, mənə bir balaca elə gəldi ki, etikanın şitini çıxarırıq. Bu cür danışmağa başlasaq axırda xalqla hökumət arasında, media ilə gözəllik salonu arasında ziddiyyət, uçurum, hasar yarana bilər.
Var-yox niyə pis söz sayılsın? Lənət də həmçinin. Birincisi ailə dəyərlərimizin, nəsil şəcərəsinin adıdır, ikincisinə isə dini kitabımızda hər cümlənin əvvəlində və axırında rast gəlirik.
Ola bilər ki, indi “filankəsin var-yoxu” ifadəsindən imtina edək, sabah Bakıda o məşhur paraddan keçirilsin. Göy qurşağı rəngləri olan tayfanı nəzərdə tuturam. Çünki var-yoxdan imtina bizi təbii artımdan ayırır, yan istiqamətlərə yönəldir. İstər-istəməz. Yəni, burada 3-cü qüvvələrin, xaricdən maliyyələşən təxribatçıların əli olmasını ehtimal etmirəm, ancaq nə biləsən...
Digər tərəfdən, “var-yox” ana dilimizin zənginliyidir, həm “ölümüz-dirimiz” ifadəsinin sinonimidir, həm də maliyyə resurslarımızın, neft və qeyri-neft sektorumuzun omonimidir. Var-yoxu qeyri-etik saymağın özü, üzr istəyirəm, var-yoxsuzluq əlamətidir. Ana dilimizə bu cür neqativ, pis gözlə yanaşmağın nəticəsidir ki, indi bir çox gənclər, yeniyetmələr rus dilində, ingiliscə və sairə dillərdə söyüşlərə, arqo deyimlərə üstünlük verirlər. Xalqı böyük edən, dilini yaşadan o dildə həm də söyüş söyməyi bacarmaqdır. Yaxşı, yağlı söymək özü bir bacarıqdır, hər adamın əlindən, daha dəqiqi, dilindən gəlmir. Müdriklər demişkən, tarixin ilk mədəni adamı əlindəki daşı yerə atıb söyüş söyən adam idi. Əlbəttə, bunlar ümumi fikirlər idi, sökülən lövhəyə dəxli yoxdur. O lövhə tərtəmiz etikaya uyğundur.
Yəqin belə repressiv tədbirlər üzündən, söz və ifadə azadlığına müdaxilələr nəticəsində gözəllik salonunda dırnaq yapışdıran mütəxəssislər axırda bezir, başqa sahəyə keçirlər. Məsələn, memarlıq, siyasət, plastik cərrahiyyə, köşə yazarlığı, hüquqşünaslıq, aparıcılıq və sairə sahələrə - özünüz tanıyırsınız...
Sonda şair Ayaz Arabaçı-dan mövzunun beyti:
“Neçə sahib olurlar bilirsənmi ağ üzə...
Qoy oturaq bu dərdi salma dilə-ağıza,
Bu yurdun ağrısını köçürmürsə kağıza,
Əlin də, qələmin də, “pen”in də var-yoxunu..."
24 Avqust 2025
23 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ