İnsanlara hürriyət, millətlərə istiqlal!

Damlanın ağlaşan fanatları – incəsənət ilahəsi Muzanın ağladılması

 

O gün gənc əməkdaşlarımızdan biri ilə yol gedirdik. Maşının radiosu “Bakı Retro FM” kanalına köklüydü və “Qaya” vokal ansamblının 50 il əvvəlki mahnısı səslənirdi – “Almanı atdım xarala, qaldı sarala-sarala”. Qəfildən gəncdən soruşdum ki, bilirsənmi, bu oxuyanlar kimlərdir. O, təvazökar görkəm alaraq, “bilmirəm” dedi. Sonra Səxavət Məmmədovun “Azad bir quşdum” mahnısı səsləndirildi, əməkdaşımız yenə oxuyanın kim olduğunu bilmədi.

Bilmirlər, əziz oxucular, rabitə qırılıb, indiki nəsillər 20-30, 50-60 il əvvəl Azərbaycan musiqisinə şedevr əsərlər bəxş etmiş korifey sənətkarları tanımırlar, bilmirlər. Onlaın bildiyi ya bir-birinin nənəsini “quş” çıxaran, bir-birinin üstünə cinsi azlıq yarlığı qoyan meyxanaçılardır, ya da “Üzeyir-stayl” tipli, Damlavari, Nəfəs dəstiri şeylər oxuyanlar.

Əslində onlar da bizdən soruşanda ki, bəs siz bu adı çəkilənləri və onlar kimi oxuyanları tanıyırsınızmı, bizim də dilimiz gödəlir. Çünki bu yeni müğənniləri 3-4-nü tanıyırıq – o da ifrat səciyyə alan və qapıdan, pəncərədən içəri soxulan reklamlarına, telefonun ekranından, kompüterin displeyindən sızan görüntülərinə, avtomobillərin audiopleyerlerindən qulağımıza girən səslərinə görə.

Dünən sosial şəbəkələrdə müğənni Damlanın açıq hava konsertindən bir görüntü yayılmışdı, istər-istəməz, izlədim və mat qaldım. Yekə-yekə qızlar, yetkin qadınlar, bəlkə də azyaşlı uşaq anaları Damlanın əlinə, qoluna təmas edərək ağlaşırdılar, ona daha yaxın olmaq, şəkil çəkdirmək istəyirdilər.

Əslində, dünyanın hər yerində belədir, hər məşhurun mütləq çoxsaylı pərəstişkarları, sənətinin və özünün vurğunları olur, onunla rastlaşanda vəcdə (ekstaz deyək, anlaşıqlı olsun) gələrək, hönkürüşüb ağlaşırlar. Bir ara Riki Martindən, Uitni Hyustondan ötrü özünü lezvalayanlar, bayılanlar vardı. Əgər çoxsaylı cangüdənləri olmasaydı, bəlkə də fanatları hər konsertdə yazıq Maykl Ceksonun şalvar-pencəyini, hətta rəngini dəyişdirdiyi dərisini cırıq-cırıq edərdilər. Deyirdilər, “meqa-star”ın 18 milyon fanatı var. Bu qədər fanat ordusu ilə dünyanın 150 ölkəsində prezident seçilmək olar.

İndi belə anlaşılır ki, ölkəmizdə də Damlanın fanat ordusu böyüyür (deputat olmaq istəyir-nədi). 2-3 il qabaq bir bığlı-saqqallı kişi (30+ yaşda) müğənninin oturduğu maşının pəncərəsindən ona elə məlul-məlul, elə heyranlıqla baxırdı ki, deyərdin, Leyliyə baxan Qeysdir, bir az da keçsə Məcnun olub düşəcək çöllərə. Nə olub, adə? Qadın görməmisən, yoxsa müğənni? Toyxanalar doludur dəə.

Bir şəkkak simsarım var, deyir, ya o ağlaşanlar kütləvi psixoz yaşayırlar, ya da, ola bilər, həmin “fanatka”ları Damla özü təşkil edib, deyib, konsertdə qabaq sırada durun, mən sizə yaxınlaşanda ağlaşın, videkameralar çəksin, sonra bundan reklam üçün istifadə edərik.

Ola bilərmi? Bal kimi olar. Reklam hər şeydir – şöhrət, sərvət, gələcək... Bir ara telekanallarda iki müğənninin bir-birilə yalançı qalmaqal yaratmaq, sonra söz duelinə çıxması trendi vardı. Onlar atışırdılar, adamlar da ağızlarını ayırıb baxırdılar. Nəticədə telekanallar pul və reytinq, “oxuyan ombalar” isə reytinq və pul qazanırdılar. Sonra da hamısı barışırdı.

Yox də, nə xəbərdir axı? Bu Damla ağlamsına-ağlamsına nakam məhəbbət mahnısı oxuyursa, o demək deyil ki, özü eşq iztirabı çəkir, tənhalıqdan yanıb qovrulur, vüsalı görünməyən hicran onu əldən salıb, nə bilim, qara sevda bunu məhv edib və s. Mahnıdır, oxuyur, sonra makiyajını sahmana salır, lüks cipinə oturub lüks villasına və ya bahalı fitnes-kluba gedir, sən də onun taleyinə acıya-acıya hıçqırırsan.

Oxuduqları da belədir: “Gəl, ürəyimin parası səninidir, gəl, gözlərimin qarası sənindir, gəl, sözlərimin əlası sənindir, gəlişinə möhtacam, sevgilim”.

Hələ, bu ən yaxşısıdır. Biabırçı, düşük, bayağı, əttökən, səviyyəsiz sözlər dolu mahnılar oxuyurlar.

Keçmişlərdə isə mahnıların sözləri, misal üçün, belə olardı:

“Gəl, yada salma, dildar, ey vəfadar, olub keçənləri, hər nədir.
Qəlbinə dəymişəm, yar, bilirəm, yar, bilirəm, hər günah məndədir”.

Yaxud: “Bilirsənmi, səndən niyə küsmüşəm, baxmadın üzümə sizə gələndə”.

Gün gələcək, indiki düşük mahnıların sözləri də şedevr sayılacaq – çünki daha bayağıları çıxacaq. İndikilərə rəğbət qazandıracaq.

Deyəsən, bu, ümumiyyətlə, dünyəvi prosesdir. Axtarsan, məlum olar ki, heç Amerikada da Elvis Preslini, İngiltərədə “Bitlz”ı, Yunanstanda Demis Russosu, İtaliyada Toto Kutunyo və Al Banonu, Fransada Dalida və Co Daseni dinləyən yoxdur. Yeni nəsil melomanlar onların vallarını bir tərəfə vıyıldadıblar, özləri də hip-hopa qulaq asırlar.

Əlbəttə, zövq məsələsidir. Amma zıl olsun o zövqün düz ortasına ki, sənətin zirvəsindəkiləri tanımır, mərsiyəvari və diringi şeylər oxuyanlara fanatlıq edirlər, ağlaşırlar və ara yerdə incəsənət ilahəsi Muzanı da ağladırlar...

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

YAZARIN DİGƏR YAZILARI

22 Noyabr 2024

20 Noyabr 2024

18 Noyabr 2024

16 Noyabr 2024

14 Noyabr 2024

10 Noyabr 2024

07 Noyabr 2024

06 Noyabr 2024

04 Noyabr 2024

02 Noyabr 2024

31 Oktyabr 2024

29 Oktyabr 2024

27 Oktyabr 2024

25 Oktyabr 2024

23 Oktyabr 2024

20 Oktyabr 2024

17 Oktyabr 2024

14 Oktyabr 2024

12 Oktyabr 2024

09 Oktyabr 2024

07 Oktyabr 2024

05 Oktyabr 2024

03 Oktyabr 2024

01 Oktyabr 2024

29 Sentyabr 2024

27 Sentyabr 2024

25 Sentyabr 2024

23 Sentyabr 2024

21 Sentyabr 2024

19 Sentyabr 2024