Onlayn ictimai-siyasi qəzet
“Üzünü məndən nihan etmək dilərsən, etməgil”
(Nəsimi)
Keçən il İTV kanalında yayımlanan “Vətəndaş A” serialında bələdiyyənin gözdən salınması haqda yazmışdım. Filmdə kənddəki bütün kriminal işlər bələdiyyə sədrinin üstünə yıxılır, sanki orada icra hakimiyyəti ümumiyyətlə yoxdur. Belə şeylər bələdiyyəni gözdən salır. Deputatlar da mənimlə həmfikir çıxmışlar. Milli Məclisdə deputat Aydın Mirzəzadə demişdir: “Mətbuatda "bələdiyyə sədri tutuldu, cərimələndi, bələdiyyənin qəbul etdiyi qərar ləğv olundu" kimi xəbərləri tez-tez görürük. Vətəndaş da elə bilir ki, bələdiyyə ancaq qanunsuz işlər görür. Ona görə Ədliyyə Nazirliyi bu istiqamətdə işləməlidir".
Həmin iclasda deputat Elman Məmmədov isə bələdiyyəni icra hakimlərinin qoltuğunun altından çıxartmağı təklif etmişdir. Deputat Tahir Rzayev yanvarın axırında keçirilən bələdiyyə seçkisinin yüksək səviyyədə olduğunu, əvvəlki illərə nisbətən rəqabətin daha da artdığını qeyd etmiş, lakin eyni zamanda vətəndaşları qınamışdır. Deyir camaat bələdiyyənin yanında olmur, ona maddi-mənəvi dəstək vermir. Bələdiyyə üzvlərinin yarıdan çoxu isə qanunları yaxşı bilmir, səlahiyyət çərçivəsindən çıxırmış.
Qəribə vəziyyətdir. Bələdiyyə həm yaxşıdır, həm pisdir. Bələdiyyə seçkisi həm yüksək rəqabətlə keçib, həm də camaatın ondan xəbəri yoxdur. Hansına inanaq? Məncə, hər ikisinə. Molla Nəsrəddin demişkən, mənə də inanın.
Ancaq dövlət qulluğu mürəkkəb məsələdir, insafən bunu qeyd etməliyik. Məsələn, keçən həftə gənclər arasında futbol çempionatımızda “Neftçi” “Vətən” komandasını 3:0 hesabla udmuşdu, dava düşdü, “Vətən”in inzibatçısı kəllə atıb rəqibin baş məşqçisinin burnunu sındırdı. Bəlkə oyunda kəllə atıb topu qapıdan keçirə bilərdi, ancaq imkan verilmir. Doğrusu, bu, bizim mövzuya dəxli olmayan mövzu idi, heç niyə bura düşdü, anlamıram.
Dövlətçilikdən bəhs edirdik. İtaliyada internet dələduzları müdafiə nazirinin səsini yamsılamaq üsulu ilə çoxlu biznesmenlərə zəng vurublar, pul istəyiblər. Guya Orta Doğuda hansısa islamçı terrorçular italyan jurnalisti qaçırıblar, onun azadlığı üçün pul lazımdır. Biznesmenlər pulu köçürüb, ya yox, bunu bilmirəm, lakin buradan başqa həqiqət ortaya çıxır: indiki dövrdə xalq nazirlərin səsini eşitməsə, üzünü görməsə daha yaxşıdır, daha dövlətçiliyə uyğundur! Ki, bizim nazirlər əsasən bu cür işləyirlər. Halal olsun. Nə qədər uzaqgörən addımdır... Süni intellekt, süni ağıl dövründə bizə bu cür təbii məmurlar bəxş etdiyi üçün Yaradana sutkada 25 saat dua eləsək azdır.
Mənim yadımdadır, beş-on il qabaq hətta YAP-da belə adət-ənənə var idi, hər həftə 1 nazir gedirdi partiyanın qərargahına, jurnalistlər toplaşırdı, ordan-burdan sual verirdilər. Sonra bu adət milli mentalitetimizə zidd olduğu üçün (hədisə görə nazirin üzü görünməməlidir, oxşar hadisə “Koroğlu” dastanında da təsvir edilir, yadıma salın, axırda danışaram) ləğv edildi. İndi isə ortaya çıxır ki, nazirlərin səsini olduğu kimi təkrarlayıb dələduzluq edənlər yaranıbdır. Qədim jurnalistlərimiz demişkən, “belə olan şəraitdə” səsini çıxarmadan çalışmaq ən doğru yol deyildirmi? Yaxın keçmişimizdə buna bənzər bir saqqız reklamı da var idi: “Bəzən danışmaqdan çeynəmək yaxşıdır”. Çeynəməyə imkan varsa, niyə danışırsan? Buna səni nə vadar edir?
Hələ bəziləri görürsən Milli Məclisdə ağzına gələni danışır, sonra məcbur olur spikerdən üzr istəsin. Bu da xalqda məyusluğa səbəb olur, çünki biz üzr istəyənə pis baxırıq. Hər gün məhkəmələrdə bıçaqlanma işləri aparılır, camaat bir-birinə pis baxdığı üçün qətlə yetirilir, halbuki iki kəlmə üzrxahlıqla yoluna qoymaq olardı.
11 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ