Onlayn ictimai-siyasi qəzet
Media qrupumuzun xəbər-tiraj siyasətinə müxaliflik kimi çıxsa da, deyim ki, bu cür materiallardan məyus oluram – xüsusilə də onların gün ərzində topladığı baxış sayına, sutka içində ən çox oxunan 5 xəbərdən ikisi olduğuna görə.
Necə yəni “bu üç bürc həftənin sonunda cek-pot qazanacaqlar”?
Belə şey ola bilərmi? Hər gün dünyada, regionda, ölkədə baş verən hadisələrə, gedən proseslərə dair 200-ə yaxın yazı, xəbər yazırıq. Onlara nəzər yetirənlərlə “bürc xəbərləri”ni oxuyanların sayı arasında 15 dəfəyə yaxın fərq olur. İkincilərin xeyrinə.
Nüvə müharibəsi ehtimalından yazırsan, diqqət edən yoxdur, bahalıqdan, inflyasiyadan bəhs edirsən, bir neçə yüz adam ilgilənir, amma Qız, Tərəzi, Oğlaq bürcündə doğulanların bu ayın içində milyonçu olacağı barədə mətni başqa bir saytdan (biri sırf bu sahə üzrə ixtisaslaşıb) kopyalayıb qoyursan, baxış sayı 10 minə çatır.
Bu həftə hətta çoxtirajlı “Mehdiyev xəbərləri” də dadını, duzunu, tirajını itirdi, amma 30 ildir müdrik xalqımız “ulduz falı”nı, “bürc xəbərləri”ni eyni şövqlə izləyir, maraqlanır, oxuyur, Allah bilir, bəlkə kəsib saxlayır (skrin-şot) da.
Oxucuların “ulduz falı”nı necə sevdiklərini qəzetlərin qəzet vaxtından bilirəm. Gözümün qarşısında olub: tanış köşkçü ilə söhbətləşdiyim yerdə üzündən-gözündən, xüsusilə də gözlüyündən ziyalılıq yağan biri köşkçüyə yaxnlaşdı, 40 qəpik verib qəzet aldı, dərhal 16-cı səhifədəki “ulduz falı”na baxdı və orada oxuduğu cümlələrdən xoşnud olaraq metroya addımladı.
Rəhmətlik həmkarımız Məmməd Nazimoğlu buna görə deyirdi ki, “qəzet var, öndən oxunur, qəzet də var – gendən”. O vaxtın “ulduz falları” qəzetləri arxadan oxutdururdu. İndinin özündə də belə yazıların saytlarda çox oxunması göstərir ki, dəyişən zamandır, xalq olaraq çox da dəyişməmişik. Hələ də nağıllara, əfsanələrə, xurafata, boş-boş şeylərə inanırıq.
Bir özünüz düşünün, cəmi 12 bürc var, hər həftə onlardan üçü mütləq “milyonçu olur”, “pula pul demirlər”, “pul başlarına xəzəl kimi yağır”, “gözləmədikləri şəkildə varlanır”lar (bunlar fal mətnlərdə işlənən ifadələrdir). 4 həftənin içində bütün bürclərə bu “xoşbəxtlik” nəsib olur. Kənarda heç kim qalmır. Çünki ölkəmizdə yaşayan 10 milyon+ adamın hamısı bu 12 bürcdəndir.
Bu da o anlama gəlir ki, yazılanlar doğrudursa, indiyə ölkədə hamı bir neçə dəfə milyonçu olmalıydı. Olubmu? Olmayıb. Demək, “ulduz falı”nı ciddiyə almaq lazım deyil.
Ümumiyyətlə, astronomiya elmiylə maraqlanmaq, kainatın sonsuzluğunu, təkcə bizim qalaktikada milyardlarla ulduz olduğunu (onların hərəsi bir günəşdir) bilmək lazımdır. Ondan sonra milyard illik məsafədə yerləşən göy cismlərinin Yerdəki “oğlaq”lara, “balıq”lara, “əqrəb”lərə, nə bilim, “qoç” və “şir”lərə sərvət bəxş etmək kimi bir dərdləri olmadığını dərk etmək olar.
Maddi vəziyyətini düzəltmək imkanı insan oğlunun öz əlində və hökumətin sərəncamındadır. Göylərin, atmosfer və troposfer qatlarının, gecə gözə görünən ulduzların, nəinki gecə, hətta gündüz də gözəgörünməz olanların bu işə heç bir təsiri yoxdur. İnandığınız haqqı, yoxdur.
Norveç və Finlandiya camaatı ona görə yaxşı yaşamır ki, ulduzlarla yaxşı dil tapırlar, ona görə yaxşı güzərana malikdirlər ki, belə boş-boş şeylərə maraq etmirlər, yaxşı işləyirlər, dürüst yaşayırlar, haqq-ədalət tələb (və təmin) edirlər.
“Oğlaqların gəliri oktyabrın sonunda artacaqmış”. Nəylə, necə, haradan? Ölkədə oğlaq bürcündən olan 850 minə yaxın adam var. Yəni onların hamısının gəliri artacaqsa, hələ, “tərəzi” və “qız” bürclərindən olan 1, 7 milyon adam da onlara qoşulacaqsa, bu, pul kütləsinin görünməmiş miqyasda artması və hiperinflyasiaya səbəb olması deməkdir.
Göründüyü kimi, iqtisadi qanunlar da “ulduz falları”na qarşıdır.
Qoy oxucular real mətnlər, ciddi xəbərlər, doğru analizlər oxusunlar, görsünlər dünyada, ətrafımızda nə baş verir, kimin niyyəti nədir, axırımız hara gedir və s.
Axırda bir lətifə. Bir tərəkəmə çoban sürüsüylə oturaq kəndə yaxınlaşır, görür ki, bir nəfər çıxıb minbərə, azan oxuyur. Dağda-daşda belə şey görməyən çoban ürcahına çıxan kəndlidən soruşur ki, o adam orda niyə qışqırır. Kəndli cavab verir ki, o, molladır, azan oxuyur. Çoban bir də soruşur: “Bura bax, onun oxumasının keçiyə-qoyuna ziyanı yoxdur ki?” Kəndli deyir, yoxdur. Çoban dərindən nəfəs alır: “Onda qoy istədiyi qədər oxusun”.
İndi onun sözü olmasın, kimsə deyəcək ki, “bürc xəbərləri”nin heç nəyə ziyanı yoxdur, qoy saytlar istədikləri qədər dərc etsinlər.
Niyə ziyanı yoxdur? Var. Xurafatdır. Mövhumatdır. Cəfəngiyyatdır. Və sairdir. Hətta “və ilaxır”dır.
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ