Onlayn ictimai-siyasi qəzet
Ölkəmizdə ali təhsil müəssisələrinin əksəriyyətinin paytaxt Bakıda cəmlənməsi uzun illərdir müzakirə mövzusudur. Bu vəziyyət bir tərəfdən tədris və elmi potensialın paytaxtda toplanmasına şərait yaratsa da, digər tərəfdən regionların sosial-iqtisadi və intellektual inkişafını ləngidir. Son illər bəzi bölgələrdə yeni ali məktəblərin yaradılması, filialların açılması və təhsil infrastrukturunun yaxşılaşdırılması istiqamətində addımlar atılsa da, bu proses hələ tam sistemli xarakter daşımır. Bir çox bölgələrdə gənclərin keyfiyyətli ali təhsil alması üçün lazımi şərait mövcud deyil.
Qeyd etmək lazımdır ki, dünyanın inkişaf etmiş ölkələrində, hətta ən kiçik şəhərlərdə belə universitetlər fəaliyyət göstərir. Bu təhsil ocaqları yalnız bilik verməklə kifayətlənmir, həm də regionun iqtisadi, mədəni və sosial həyatına güclü təkan verir. Universitet yerləşən şəhərlərdə ticarət canlanır, yeni iş yerləri yaranır, elmi və mədəni mühit formalaşır.
Xüsusilə qonşu Türkiyə bu sahədə uğurlu model ortaya qoyub. Orada demək olar ki, hər şəhərdə, bəzən isə kiçik qəsəbələrdə belə universitetlər fəaliyyət göstərir. Bu yanaşma həm gənclərin təhsilə əlçatanlığını artırır, həm də bölgələr arasında inkişaf fərqini azaldır. Universitetlər təkcə tədris müəssisəsi deyil, eyni zamanda şəhərin “beyin mərkəzi”, iqtisadi dinamikanın və mədəni həyatın əsas hərəkətverici qüvvəsidir.
Mütəxəssislər hesab edir ki, Azərbaycan üçün də belə bir modelin tətbiqi vacibdir. Çünki universitetin olduğu şəhər inkişaf edir, elm və ideyalar toplanır, gənclik həmin mühitdə formalaşır. Təhsil ocaqları olmadan regionların intellektual potensialı zəifləyir, gənclər kütləvi şəkildə paytaxta və ya xaricə üz tutur.
Nəticə etibarilə, ali təhsil müəssisələrinin bölgələrdə yaradılması həm gənclərin gələcəyinə, həm də ölkənin balanslı və davamlı inkişafına qoyulan ən mühüm sərmayələrdən biridir.
Mövzu ilə bağlı təhsil mütəxəssisi Kamran Əsədov Musavat.com-a danışıb. Mütəxəssis qeyd edib ki, Azərbaycanda ali təhsil müəssisələrinin coğrafi cəhətdən qeyri-bərabər paylanması ölkənin sosial-iqtisadi inkişafında balanssızlığa gətirib çıxaran əsas amillərdən biridir:
"Təhlil göstərir ki, ali təhsil və elmi potensialın paytaxtda cəmlənməsi regionlarda insan kapitalının zəifləməsinə, kadr çatışmazlığına, gənclərin miqrasiyasının artmasına və regionların innovativ inkişaf imkanlarının məhdudlaşmasına səbəb olur. Bu vəziyyət yalnız təhsilin deyil, həm də iqtisadiyyatın dayanıqlılığına birbaşa təsir göstərir.
Hazırda Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir və onların təxminən 75 faizi paytaxt Bakıda yerləşir. Bu göstərici regionların ali təhsil infrastrukturunun zəif olduğunu açıq şəkildə göstərir. Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına əsasən, ali təhsildə təhsil alan 188 mindən çox tələbənin 128 mini paytaxtda oxuyur, yəni tələbələrin 68 faizi Bakıda cəmlənib. Bu, həm də region gənclərinin paytaxt və xaric yönümlü təhsil migrasiyasını artırır. Halbuki “Təhsil haqqında” Qanunun 4-cü maddəsində qeyd edilir ki, “təhsil sistemi ölkənin sosial-iqtisadi və mədəni inkişafını təmin edən, əhalinin hər bir təbəqəsinə bərabər imkan yaradan milli prioritet sahədir”. Bu bərabərlik prinsipinin regionlarda ali təhsil infrastrukturuna tətbiqi real şəkildə tam təmin olunmayıb".
Mütəxəssis qeyd edir ki, Elm və Təhsil Nazirliyi son illərdə bu sahədə mühüm addımlar atmağa başlayıb:
"Quba, Lənkəran, Mingəçevir, Şəki və Gəncə kimi şəhərlərdə yeni filialların yaradılması, Naxçıvan Dövlət Universitetinin beynəlxalq modelə uyğun yenilənməsi, ADPU və UNEC-in regional tədris mərkəzlərinin açılması təhsilin əlçatanlığını artırmaq baxımından əhəmiyyətli və müsbət addımlardır. Nazirliyin bu istiqamətdə həyata keçirdiyi siyasət “Azərbaycan Respublikasında ali təhsilin inkişafı üzrə Dövlət Proqramı (2019–2023)” və yeni “Elm və ali təhsilin inteqrasiyası üzrə 2024–2030 Konsepsiyası” ilə də üst-üstə düşür. Hər iki sənəddə regional universitet şəbəkəsinin gücləndirilməsi, tədris və tədqiqat potensialının bölgələrə paylanması prioritet kimi göstərilir. Bu, Elm və Təhsil Nazirliyinin son illərdəki fəaliyyətində strateji baxımdan müsbət dönüş nöqtəsi hesab edilə bilər.
Dünya təcrübəsi ilə müqayisə edildikdə, Azərbaycanın vəziyyəti daha aydın görünür. Məsələn, Türkiyədə 81 vilayətin hər birində ən azı bir dövlət universiteti fəaliyyət göstərir. 2000-ci illərin əvvəllərində Türkiyədə cəmi 76 universitet olduğu halda, 2024-cü ilə qədər bu rəqəm 208-ə yüksəlib. Bu artım nəticəsində təhsil infrastrukturunun bölgələrə paylanması həm gənclərin təhsilə çıxışını asanlaşdırıb, həm də region iqtisadiyyatını gücləndirib. Ərzurumdakı Atatürk Universiteti, Qarsdakı Qafqaz Universiteti və ya Ərzincandakı Binali Yıldırım Universiteti kimi təhsil ocaqları həmin şəhərlərin sosial-mədəni simasını dəyişdirib. Eyni proses Avropada da müşahidə olunur. Məsələn, Estoniyanın ikinci şəhəri Tartu təkcə universiteti sayəsində elmi və texnoloji mərkəzə çevrilib, ölkənin 40 faiz elmi araşdırması məhz bu şəhərdə aparılır. ABŞ-da 4 mindən çox universitet fəaliyyət göstərir və onların əksəriyyəti kiçik şəhərlərdə yerləşir. Bu, region iqtisadiyyatına ildə milyardlarla dollar töhfə verir, gənclərin urban mərkəzlərə axınını azaldır və yerli innovasiyaların inkişafını dəstəkləyir.
Azərbaycanda isə hələlik belə sistemli yanaşma tam formalaşmayıb".
Kamran Əsədov həmçinin bildirir ki, regionlarda universitetlər əsasən ixtisas baxımından məhduddur, elmi-tədqiqat laboratoriyaları, təcrübə bazaları və beynəlxalq əlaqələr zəifdir. Bu da gənclərin “keyfiyyətli təhsil yalnız Bakıda mümkündür” düşüncəsini gücləndirir:
"Lakin son illərdə Elm və Təhsil Nazirliyinin bu sahədə atdığı addımlar, xüsusilə Lənkəran Dövlət Universitetinin inkişaf konsepsiyası, Mingəçevir Dövlət Universitetinin texnopark istiqamətində yenilənməsi, həmçinin Quba filialında tədris resurslarının artırılması müsbət meyillərin başlanğıcıdır. Nazirliyin əsas məqsədi təkcə universitetlərin sayını artırmaq deyil, eyni zamanda onların keyfiyyət göstəricilərini, elmi məhsuldarlığı, kadr potensialını və region iqtisadiyyatı ilə inteqrasiyasını yüksəltməkdir.
Bu siyasətin müsbət nəticələri uzunmüddətli olacaq. Universitetin yerləşdiyi bölgədə tələbə axını artdıqca, ticarət və xidmət sektoru genişlənir, iş yerləri yaranır, şəhərin sosial-mədəni həyatı canlanır. Məsələn, ADPU-nun Şəki və Quba filiallarının fəaliyyətə başlamasından sonra həmin bölgələrdə tələbələr üçün kirayə ev bazarı, iaşə və nəqliyyat xidmətlərində artım qeydə alınıb. Bu, təhsilin iqtisadi effektinin birbaşa göstəricisidir.
Lakin mövcud problemlər də az deyil. Regionlarda yüksək ixtisaslı professor-müəllim heyətinin çatışmazlığı, tədqiqat infrastrukturunun zəifliyi və beynəlxalq əlaqələrin məhdudluğu təhsilin keyfiyyətini paytaxt səviyyəsinə qaldırmağa mane olur. Buna görə də gələcək mərhələdə dövlət proqramlarında “regional akademik inkişaf fondları”nın yaradılması, universitetlərin elmi-tədqiqat laboratoriyalarına xüsusi maliyyə ayrılması, eləcə də regionlarda fəaliyyət göstərən ali məktəblərə əlavə stimullar (məsələn, vergi güzəştləri və xüsusi qrant mexanizmləri) tətbiq olunmalıdır.
Azərbaycanda ali təhsilin balanslı inkişafı üçün əsas istiqamət universitetlərin paytaxtdan kənara çıxarılması deyil, eyni zamanda regionlarda universitet-ekosistemlərinin yaradılmasıdır. Yəni hər bir bölgənin iqtisadi, coğrafi və sosial xüsusiyyətlərinə uyğun ixtisaslaşmış ali təhsil modeli formalaşdırılmalıdır. Məsələn, Quba və Şamaxı aqrar, Mingəçevir və Sumqayıt sənaye, Lənkəran ekoloji və turizm yönümlü universitet mərkəzinə çevrilə bilər. Bu model Elm və Təhsil Nazirliyinin son illərdəki strateji xəttinə uyğundur və ölkənin ümumi intellektual potensialının balanslı inkişafına xidmət edir.
Hesab edirəm ki, ali təhsil müəssisələrinin Bakıda cəmlənməsi ölkənin regional inkişaf siyasətinin zəif halqasını təşkil edir. Elm və Təhsil Nazirliyinin son illərdəki təşəbbüsləri bu tarazsızlığın aradan qaldırılması istiqamətində mühüm və strateji addımlardır. Bu siyasətin davamlılığı təmin edilsə, yaxın illərdə regionlarda universitetlər təkcə tədris mərkəzi deyil, həm də elmi, iqtisadi və mədəni dirçəlişin hərəkətverici qüvvəsinə çevriləcək. Azərbaycanın ali təhsil siyasəti üçün bu istiqamət yalnız sosial ədalət deyil, həm də dayanıqlı inkişafın zəruri şərtidir".
Xalidə GƏRAY
Musavat.com
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ