Onlayn ictimai-siyasi qəzet
Xalqları bir-birinə qarşı qaldırıb konfliktləri idarə eləmək qartımış Rusiya imperiyasının köhnə vərdişidir. Təəssüf ki, Kreml bu siyasətdən hələ də imtina eləməyib. XİN rəsmisi Mariya Zaxarovanın ötən günkü açıqlaması buna zərrəcə şübhə saxlamır. Sən demə, “Maşa” baş nazir Nikol Paşinyan daxil, erməni rəsmilərinin uydurma “erməni soyqırımını” xarici siyasətin prioritet mövzusu saymamasından əməlli-başlı sarsıntı keçirib.
“Timsah” göz yaşlarını saxlaya bilməyən Zaxarova deyib: “Tarixdə elə dövrlər olur ki, xalqlar və ölkələr çətinliklərin öhdəsindən gələ bilmədikləri üçün yox olurlar. Çünki onlar müqəddəs saydıqları şeylərə xəyanət edirlər. Baxın, bir çox erməni liderinin və dövlət xadimlərinin təfsirində “erməni soyqırımı” (dırnaqlar bizimdir – Z.S.) ilə bağlı tarixə əsaslanan, toxunulmaz görünən məsələnin qəfildən siyasi amilə çevrilməsi, onların təbirincə, kənara atıla biləcək amilə çevrilməsi məni, sadəcə, sarsıtdı. Təsəvvür edirsinizmi?”
Təsəvvür edirik, Mariya Vladimirovna. Lap yaxşı edirik! İş də ondadır ki, çörəyi ağzına yeyənlərin hamısı bilir ki, bu, əsla ermənidən çox erməni olmaq, haylara onların özündən artıq canıyananlıq eləmək məsələsi deyil. Ermənilər Rusiyaya həmişə qonşu xalqlara və dövlətlərə, özəlliklə Azərbaycan və Türkiyəyə qarşı təzyiq aləti kimi lazım olub və lazımdır. Bundan ötrü də ən əvvəl Türk xofu, Türkə nifrət daim “işlək” vəziyyətdə saxlanmalıdır...
Həqiqət həmçinin ondan ibarətdir ki, əsrin bu böyük yalanına ilk dəfə “legitimlik” görkəmini elə Rusiya - SSRİ verib. Aylar öncə baş nazir Nikol Paşinyan bu barədə etiraflar da edib. Deyib ki, erməni xalqı “soyqırımı” mövzusu üzərində bir daha düşünməlidir, çünki bu, xarici güclərin maraqları naminə faktiki ona “sırınmış” bir məsələdir. Yəni necə oldu ki, əsrin əvvəllərində (1915) yaşanmış hadisələr 35 il “soyqırımı” hesab olunmadı və qəflətən, 1950-ci illərdə ortaya “genosid” mövzusu çıxdı?
Tarixçilərin izahı belədir: II Dünya müharibəsindən sonra Stalin Türkiyədən onun şərq rayonlarını tələb edib. Ermənilər bu əraziləri hələ də “Qərbi Ermənistan” hesab edir və bu axmaq iddia indiki konstitusiyada da əksini tapıb. Türkiyənin rədd cavabından sonra isə ortaya “erməni soyqırımı” kartı atılıb. Necə ki, qardaş dövlətin ərazi bütövlüyünü uzun illər təhdid eləmiş terrorçu PKK-nı da SSRİ yaratmışdı...
Qısası, Moskvanı qayğılandıran öz “dərisidir”. Heç təsadüfi deyil ki, Rusiyanın yüksək çinli rəsmiləri 2022-ci ildə Praqada Paşinyanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi rəsmən tanımasından da güclü sarsıntı keçirmişdilər (İndiyədək özlərinə gəlməyiblər!). Nədən ki, Kreml keçmiş Dağlıq Qarabağ münaqişəsindən hələ uzun müddət Bakı və İrəvana təzyiq aləti kimi istifadə eləmək niyyətində idi. Paşinyan “qoymadı”.
Sonra. Bu da sirr deyil ki, uydurma “soyqırımı” yalanı, türkə nifrət demaqogiyası Kremlin forpost Ermənistanda öz hərbi-siyasi mövcudluğuna davam eləməsi üçün əsas ideoloji narrativlərindən biri olub və var...
Beləcə şimal qonşumuzun həm də sülhlə bağlı qeyri-səmimiliyi, daha dəqiqi, riyakarlığı növbəti dəfə üzə çıxır. Moskva bir yandan guya bölgədə sülh və əməkdaşlığın, sərhədlərin və kommunikasiyaların açılmasının tərəfdarı olduğunu bəyan edir, Türkiyənin də daxil olduğu “3+3” formatının üstünlüyündən danışır, digər yandan da Türkə nifrəti gündəmdə saxlayıb qızışdırmaqla, ermənilərin “yaralı” yerindən basmaqla qonşu xalqlar arasında düşmənçiliyi bitməsinə imkan vermir. Bu ikili mövqeyi indi necə oxuyaq?
Əslində çox sadə. Daşlaşmış başqa gerçək belədir ki, Rusiya bölgədə inkişaf, daimi dinclik və sabitliyin bərqərar olmasına, o sırada Azərbaycan və Ermənistan arada sülh müqaviləsinin imzalanmasına bacardıqca əngəl olacaq. Çünki Güney Qafqazda xalqlar arasında düşmənçiliyə son qoyulması Kremlin imperiya planlarına daxil deyil. Ona görə ki, o halda regionda hozu Rusiyaya heç bir “ehtiyac qalmayacaq”.
İndi bir daha yəqinlik hasil oldumu ki, “Maşa və Ayı” (Rusiya) İrəvanın böyük barışıq naminə qondarma genosid məsələsini arxa plana keçirməsindən niyə bunca təlaşlıdır?..
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ