Onlayn ictimai-siyasi qəzet
“ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq.
Bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edəcək.
Suallar yaranır ki, gözəllik salonu və kosmetoloji xidmətlər üzrə ƏDV-nin geri alınması vətəndaşların bu xidmətlərdən istifadəsinə necə təsir edəcək? Bu addım xidmətlərin qiymətinə təsir göstərə bilərmi? Bu sistemin uzunmüddətli perspektivdə gözlənilən nəticələri nələr ola bilər? Gələcəkdə “ƏDV geri al” proqramı daha hansı xidmət sahələrinə şamil oluna bilər?

Mövzu ilə bağlı iqtisadçı alim Vüsalə Əhmədova Musavat.com-a danışıb. İqtisadçı alim qeyd edir ki, ƏDV-nin geri alınması mexanizminin məntiqi əsası vətəndaşların rəsmi çeklərlə alış veriş etməsini təşviq etməkdir:
"Çünki, müştəri ƏDV-nin müəyyən hissəsini, məsələn, 15%-lik ƏDV-nin 10%-ni və ya qanunla müəyyən edilən bir payını geri alır. Nəticədə də, müştəriyə məhsul və ya xidmət daha ucuz görünür. Hazırda ölkəmizdə fəaliyyət göstərən gözəllik salonlarında və kosmetoloji mərkəzlərdə qəbzdən istifadə geniş deyil. Mexanizm tətbiq olunarsa insanlar artıq qəbz tələb etməyə daha çox maraq göstərəcəklər, çünki bundan birbaşa fayda əldə etmiş olurlar. Belə olan halda da, rəsmi şəkildə fəaliyyət göstərən müəssisələr rəqabət üstünlüyü qazanacaq, çünki qeyri-rəsmi xidmətlərdə ƏDV geri alma imkanı olmur. Uzunmüddətli perspektivdə, xidmət sahəsində rəsmi qeydiyyatdan keçmiş müəssisələrin sayı çoxalacaq. Həmçinin də, kölgə iqtisadiyyatının payı azalacaq, şəffaf dövriyyə və vergi intizamı artmış olacaq, sektorun rəsmi statistikası formalaşacaq. Bu şəkildə dövlət, öz vergi bazasını genişləndirir və büdcə üçün əlavə gəlirlər formalaşdırır. Bu birbaşa dövlət tənzimləməsi və nəzarətinin güclənməsi deməkdir".
Vüsalə Əhmədovanın fikrincə, bununla belə, tələbin artması bəzi bu kimi xidmət mərkəzlərində qiymətlərin bir qədər qalxmasına səbəb ola bilər:
"Hərçənd ki, mən qısamüddətli dövrdə qiymətlərdə ciddi artım gözləmirəm. Gələcəkdə “ƏDV geri al” mexanizminin daha hansı xidmət sahələrinə şamil oluna biləcəyinə gəlincə, qeyri-rəsmi dövriyyənin yüksək olduğu, dövriyyənin bir hissəsinin hələ də kölgədə qaldığı bütün xidmət sektorlarına tətbiq oluna bilər. Məsələn, avtomobil təmiri sektorunda, özəl kurslar, dil mərkəzləri, repetitorluq xidmətləri kimi sahələrdə, o cümlədən də, rəsmi qeydiyyatdan kənar fəaliyyətlərin geniş yayıldığı fitnes və spa mərkəzlərində tətbiq olunması gözlənilir".
Xalidə Gəray
Musavat.com
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ