Onlayn ictimai-siyasi qəzet
Ukrayna Azərbaycandan qaz tədarük edə bilər. Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski bildirib. O qeyd edib ki, ehtiyac olarsa, qaz alışı həyata keçirilə bilər: “Əlavə qazı Yunanıstandan da əldə edə bilərik. Müxtəlif ölkələrlə də razılaşma var. Həmçinin Azərbaycanla da. Hamı bu istiqamətdə işləyir. Qaz məsələsi həll ediləcək”.
Qeyd edək ki, Rusiya son aylarda Ukraynanın qaz hasilatı və nəqli infrastrukturuna dayanmadan zərbələr endirir. Xüsusilə oktyabrın 3-də endirilən kombinə olunmuş zərbələr ölkənin qaz hasilatını dəfələrlə azaldıb. Bloomberg-in məlumatına görə, Ukrayna 3 oktyabrda Xarkov və Poltava vilayətlərində enerji infrastrukturuna edilən zərbələrdən sonra qaz istehsalı gücünün 60 faizindən çoxunu itirib və bu da onu yanacaq idxalına təxminən 2 milyard avro xərcləməyə məcbur edəcək. İşğalçı ölkənin zərbə endirdiyi hasilat obyektlərində bərpa işlərini təkrar zərbə təhlükəsinə görə aparmaq hələlik mümkün olmur.
Oktyabrın 22-də məlum olub ki, enerji sektoruna təsir və modernləşdirmə səbəbindən Polşa vasitəsilə qaz idxalının dayandırılması fonunda Ukrayna yeraltı anbarlara qaz vurulmasını dayandırıb. Oktyabrın 22-də anbarlardan qaz götürülməsi nəticəsində onlardakı ehtiyatlar 0,01 faiz azalıb. RBC-Ukrayna xəbər verir ki, bu həftənin əvvəlində Ukrayna Rusiyanın Ukrayna enerji obyektlərinə zərbələri və Polşa vasitəsilə idxalın dayandırılması fonunda yeraltı qaz anbarlarının (UQS) doldurulmasını dayandırıb.
Ukrayna qaz nəqli qurumu olan OGTSU-nun məlumatlarına görə, əvvəllər gündə 9 milyon kubmetrdən çox olan Polşa vasitəsilə qaz idxalı 20 oktyabr səhəri Ukrayna və Polşa sistemlərinin qovşağında planlaşdırılan modernləşdirmə işləri səbəbindən dayandırılıb. Təchizatlar oktyabrın 23-də bərpa olunub, oktaybrın 25-dək gündəlik limit 6,48 milyon kubmetr təşkil edəcək.
Oktyabrın 22-nə olan məlumata görə, Ukraynanın yeraltı qaz anbarlarında təbii qaz ehtiyatları uzunmüddətli saxlama (emal qazı) istisna olmaqla, 8,5 milyard kubmetri keçib. Əvvəllər Ukrayna Energetika Nazirliyinin istilik mövsümü üçün yeraltı anbarlarda 13,2 milyard kubmetr qaz toplamağı planlaşdırdığı bildirilirdi. 14 oktyabr tarixinə olan məlumata görə, 12 milyard kubmetr qaz yığılıb. Bura 4,7 milyard kubmetrlik emal olunmamış qaz da daxildir.
Ukraynanın keçmiş energetika naziri Olqa Buslavets bildirib ki, qaz istehsalının azalması, istehlakın artması və ictimai obyektlərdə istilik sistemlərinin qismən yenidən işə salınması səbəbindən ötən həftənin sonunda yeraltı qaz anbarlarına qaz vurulma sürəti gündə 10 milyon kubmetrə endirilib. Oktyabrın 16-da Ukraynanın “Naftogaz” şirkətinin rəhbəri Sergey Koretski ölkə sakinlərini mümkün olduqda qaza qənaət etməyə çağırıb.
Oktyabrın 23-də Nazirlər Kabineti istilik mövsümünə hazırlıq məqsədilə ev təsərrüfatları üçün əlavə qaz idxalına 8,4 milyard qrivna ayırıb. Ukraynanın Baş naziri Yuliya Svırıdenko bu barədə Telegram kanalında məlumat verib: “Bu qərar hücum altında olan qışa hazırlıqların bir hissəsidir. Ukraynanın sabit istilik mövsümünü təmin etmək üçün daha çox qaza ehtiyacı var. Axı Rusiyanın qaz infrastrukturuna kütləvi zərbələri səbəbindən müvəqqəti olaraq öz istehsalımızı itirmişik”.
Ukrayna yay aylarında vəsait çatışmazlığı üzündən əlavə qaz həcmləri ala bilməyib. Rusiya zərbələrinin nəticələrini də əlavə etdikdə, ölkənin qış aylarında qaz idxalından asılı olacağı aydın olur. Prezident Vladimir Zelenski əvvəllər bildirmişdi ki, belə bir problem yaranarsa, Ukrayna əlavə qaz alışı üçün 2 milyard dollar (təxminən 84 milyard qrivna) tapmağa hazır olacaq. O, müvafiq idxal müqavilələrinin artıq Slovakiya və ABŞ-dakı enerji şirkətləri ilə mövcud olduğunu bildirib.
Energetika nazirinin müavini Nikolay Kolesnik qeyd edib ki, nazirlik qaz təchizatı marşrutlarını şaxələndirir. Polşa-Ukrayna sərhədində qaz tədarükünün artırılması üçün işlər davam edir. TransBalkan qaz kəməri ilə də qaz alışının bərpa olunması planlaşdırılır.
Qeyd edək ki, Ukraynanın Azərbaycandan qaz alması məsələsi Rusiya qazının ölkə üzərindən tranzit nəqli tamamilə dayandırılandan etibarən davamlı gündəmə gətirilib. Ukrayna Azərbaycan qazını almaqla yanaşı, onu öz ərazisindən Avropaya nəql etməkdə də maraqlı olduğunu dəfələrlə bəyan edib. Bu ilin iyulunda məlum olub ki, Ukraynanın “Naftogaz” Şirkətlər Qrupu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) qrupuna daxil olan “SOCAR Energy Ukraine” şirkəti ilə Azərbaycan təbii qazının alınması haqqında ilk müqaviləni imzalayıb. Şirkətdən bildirilib ki, ilk dəfə olaraq Azərbaycan qazının Bolqarıstan-Rumıniya-Ukrayna dəhlizi üzərindən Transbalkan marşrutu ilə sınaq tədarükü həyata keçirilir.
Naftogaz"ın baş direktoru Sergey Koretski sövdələşməni belə şərh edib: “Bu, həcm baxımından kiçik, lakin strateji cəhətdən mühüm addımdır və uzunmüddətli əməkdaşlığa yol açır. Bu saziş, həmçinin tədarük mənbələrinin şaxələndirilməsi və Ukraynanın enerji təhlükəsizliyinin gücləndirilməsinin daha bir nümunəsidir. Göstərdikləri etimada görə Azərbaycandan olan həmkarlarımıza təşəkkür edirik”.
Rusiya bu əməkdaşlıqdan narahatlığını avqustun 6-da Azərbaycan qazını Ukraynaya çatdıran infrastruktura zərbə endirməklə nümayiş etdirib.
ABŞ-dən LNG və Azərbaycan qazının sınaq həcmləri bu yolla təchiz edilirdi: “Bu gecə bu təchizatı təmin edən avadanlıq onlarla pilotsuz uçuş aparatı tərəfindən hücuma məruz qalıb. Bu, Rusiyanın mülki infrastruktura, energetikaya və eyni zamanda Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarla münasibətlərə, ukraynalıların və bütün avropalıların normal həyatına qarşı məqsədyönlü zərbəsidir”.
Avqustun 7-də zərbə endirilən stansiyadan Ukraynaya qaz nəqli bərpa olunub. Lakin sentyabrın 11-də bu istiqamətdən Ukraynaya qaz idxalı tam dayandırılıb. Buna ABŞ və Azərbaycanla pilot razılaşmaların başa çatması səbəb olub. Belə ki, avqustun 18-də Ukraynanın energetika naziri Svitlana Qrinçuk bildirib ki, Azərbaycanla kiçik həcmli alışı nəzərdə pilot müqavilə başa çatıb və Kiyev artıq Trans-Balkan dəhlizi vasitəsilə Azərbaycan qazının tədarükünün davam etdirilməsi üçün Bakı ilə danışıqlar aparır: “Hazırda danışıqlar aparırıq. Azərbaycan maraqlıdır. Müqavilə imzalanarsa, davam etdirəcəyik”. Yeni müqavilələr qaz tədarükünün 2026-cı ildən yenidən başlanmasını ehtiva etməlidir.
Zelenskinin açıqlamasından aydın olur ki, artıq iki ölkə arasında müzakirələrdə müəyyən nəticələr əldə olunub.
Azərbaycan hazırda 14 ölkəyə qaz ixrac edir. Onlardan biri olan Suriyaya ildə 2 milyard kubmetr qaz satışına dair öhdəlik bu ilin iyulunda götürülüb. Bu baxımdan, qış aylarında Ukraynaya mümkün ixrac həcmləri elə də yüksək olmaya bilər. Mümkündür ki, SOCAR Ukraynaya digər ölkələrdən aldığı qazı tədarük etsin. Dövlət Statistika Komitəsinin açıqladığı statistikadan aydın olur ki, avqustun sonuna qədər Azərbaycandan Ukraynaya qaz ixracı qeydə alınmayıb. Bu isə o deməkdir ki, SOCAR Ukraynaya Azərbaycan qazını deyil, başqa ölkələrdən aldığı qazı satıb. Qış aylarında kəskin ehtiyac duyularsa, bu ticarətin yenidən başladılması mümkündür.
Rusiyanın Azərbaycana Ukraynaya qaz tədarükünə görə hansısa təzyiqi isə real deyil. Baxmayaraq ki, Vladimir Putinin təşəbbüsü ilə iki ölkə arasında münasibətlərdə soyuqluq qismən aradan qaldırılıb, Rusiyanın rəsmi Bakının digər ölkələrlə münasibətlərində diqtə etməsi imkanları tükənmiş vəziyyətdədir. Xüsusilə Rusiyanın öz qazının Azərbaycan üzərindən İrana nəqlini mümkün qədər qısa müddətdə başlamaq istəyini nəzərə alsaq, Ukraynaya qaz satmaq istəyən Bakıya hər hansı təzyiq rıçağının olmadığını söyləmək mümkündür.
Dünya SAKİT,
“Yeni Müsavat”
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ