Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ermənistan hökuməti ilə Ermənistan Apostol Kilsəsi arasında gərginlik fonunda Moskva ilk dəfə açıq şəkildə mövqe nümayiş etdirib.
Rusiya Pravoslav Kilsəsinin nümayəndəsi, Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin müşaviri protoierey Nikolay Balaşov bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan kilsəyə qarşı hərəkətləri ilə Konstitusiyanı pozur və dini quruma təzyiq edir.
Onun sözlərinə görə: “Ermənistan Konstitusiyası dini təşkilatların dövlət idarəçiliyindən ayrıldığını təsbit edir. Dünyəvi hakimiyyət nümayəndəsinin kilsənin daxili həyatına müdaxilə etmək hüququ yoxdur. Kilsənin işləri yalnız onun kanonik qaydaları ilə tənzimlənir”.
Musavat.com-un şərhi:
Tarixi faktlar göstərir ki, Erməni kilsəsi uzun illər boyu Çar Rusiyası dövründən başlayaraq Kremlin ideoloji təsiri altında olub. Bu gün də kilsənin Paşinyan hökumətinə qarşı sərt mövqeyi təsadüfi deyil və Moskvanın siyasi yönləndirməsi ilə formalaşır.
Hazırda gedən proses, əslində Kilsə ilə hökumət arasında mübahisə deyil, Paşinyan ilə Kremlin siyasi qarşıdurmasıdır.
Kremlin məqsədi Paşinyanı zəiflətmək, qarşıdan gələn seçkilərdə Rusiyaya bağlı siyasi qüvvələri hakimiyyətə qaytarmaqdır.
Paşinyan isə bunun fərqindədir və Ermənistanda Moskvanın əsas təsir rıçağı olan kilsənin siyasi rolunu məhdudlaşdırmağa çalışır.
Bu qarşıdurmanın seçkilərə qədər daha da kəskinləşəcəyi gözlənilir. Hazırda Ermənistan daxilində proksi siyasi müharibə gedir və nəticə ölkənin gələcək siyasi kursunu müəyyən edəcək.
Musavat.com
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ