Onlayn ictimai-siyasi qəzet
Neçə illər bundan əvvəlin söhbətidir. Bəlkə də 90-cı illərin axırları olardı. Elmlər Akademiyası tərəfdə bir bomj dolaşırdı. Prinsipcə, burada qeyri-adi heç nə yox idi: harada bomjlar yoxdur ki? Onlar hətta bugünün özündə ABŞ-da, bütün Qərbdə var.
Düzdür, motivlər tamam başqadır, Qərbdə adamlar bir səbəbdən, Şərqdəsə tamamilə başqa səbəbdən bomj oldular, necə ki, bu iki dünya seqmentində hətta intiharlar da fərqli səbəblərdən olur: şərqlilər daha çox maddi, qərblilər isə mənəvi problemlər ucbatından intihar edirlər.
Nə isə. Mənə təəccüblü gələn başqa şey idi. Bir neçə dəfə görmüşdüm ki, ziyalı görkəmli, necə deyər, qalstuklu-filanlı adamlar dayanıb bu bomjla söhbət edirlər. Bir daha deyirəm ki, təəccüblü görünən bu idi.
Bir dəfə jurnalist dostum rəhmətlik Qadir İbrahimli ilə oradan keçirdik. Rəhmətlik Qadirə bomju göstərib dedim ki, ay Qadir, bəs belə şey görmüşəm. Qadir qayıtdı ki: “Deyilənə görə, bu bədbəxt özü də ziyalı, hətta yaxşı jurnalist olub!” Vallah, bilmirəm, rəhmətlik Qadirin sözləri – məlumatı nə qədər dəqiq - dürüst idi, amma o, mənə belə demişdi...
İndi məsələnin əzəl-mübtədası haqda: niyə bunu xatırladım? Şükür, bizim jurnalistləri bomj olmaq təhlükəsi gözləmir, hamının evi-eşiyi, hələki işi-gücü var. Gənclərin belə problemi varsa, İnşallah, o, da düzələr: ölkə toparlanıb onlar üçün də bina tikər, yaxud da jurnalistikanı bir az dirçəldərlər ki, gənclər özləri problemlərini həll edə bilsinlər.
Məni daha çox başqa problem narahat edir: çap mediası böyük addımlarla yox olmağa doğru gedir. Niyə belə olmalıdır? Doğrudanmı çap mediasının ayağa qalxması üçün bütün resurslar tükənib?
Bəri başdan deyim ki, bunu yalnız ölkədəki siyasi mühitlə, hakimiyyətlə-filanla bağlamaq cəhdləri var. Amma qətiyyən belə deyil. Əlbəttə, siyasi mühitin bir az da liberallaşması mediaya da, xüsusən də yazılı mediaya da impuls verərdi. Amma problem bütün dünyada müşahidə olunur. Sadəcə, bizdən fərqli olaraq hələ heç yerdə qəzetlər tamam dizlərini yerə qoymayıblar.
Dəfələrlə eşitmişəm ki, bizim telekanallar Ermənistan siyasətindən danışanda erməni “Hraparak” qəzetinə də istinad edirlər. Yox, demirəm ki, səhv edirlər. Əsla! Sadəcə, məni başqa məsələ dilxor edir: belə çıxır ki, hətta qotur Ermənistanda hələ qəzetlər yaşayır! Bir daha deyirəm ki, bilmirəm, bu “Hraparak” hansı məzhəbə xidmət edir (deyilənə görə, rusiyayönümlüdür), kimlər onu maliyyələşdirir? Məni maraqlandıran, rəhmətlik Mirzə dayı demişkən, budur ki, o əjdahadan bəs bizdə niyə yoxdur? Bizim qəzetlərimiz haradadır? Axı bir nəsil onları yaratmaq üçün az qala, həyatını qoymuşdu...
Qərbin media korporasiyaları qalsın bir tərəfə, indini bilmirəm, əvvəllər onların az qala, kosmik gəmiləri vardı. Bir az Şərqlə də maraqlanmışam. Yenə də deyirəm, son illəri bilmirəm, bir vaxt “əl-Cəzirə” dünya kanalı olmuşdu.
Bu yaxınlarda “əl-Ərəbiyyə” kanalı ilə maraqlandım. İnanmazsınız, ərəblər bu kanalı yaratmaq üçün 300 milyon dollar xərcləyiblər! Bəli, bəyənmədiyimiz çalmalı ərəblər.
Dediyim nədir? Bizim niyə görə, heç olmasa, regional müstəviyə çıxan kanallarımız, saytlarımız olmasın? Niyə görə Azərbaycandan danışanda əcnəbi siyasi-təhlilçilər, aparıcılar onlara istinad etməsinlər?
Bizdə deyirlər ki, böyük saytlar niyə lazımdır? Beş -üç informasiya saytı oldu bəsdir! Vallah, bəs deyil, Billah, bəs deyil! İnsanların heç də hamısı illərlə, məsələn, Yaxın Şərqdə baş verən prosesləri, Rusiyada cərəyan edən hadisələri, nə bilim, ABŞ-da, Dünyada olanları izləmirlər, bunlar jurnalistlərin işidir, hətta “akademik politoligiya” məşğul olanlar belə cari siyasətdən uzaq olur. Onlar yaxşı halda bir yarımücərrəd mövzu götürüb müdafiə edir və daha çox pedaqoji fəaliyyətlə məşğul olurlar: axı hamı Kissnicer, Bjezinski, Zəkəriyyə olmur! Deyiləndə ki, insanların bir neçə mənbədən informasiya almaq hüququ var, mən daim deyirəm ki, onların bir məsələ ilə bağlı bir neçə yozum oxumaq-eşitmək hüququ da var! Bəs bu yozumları kim edir? Peşəkar jurnalistlər – siyasi təhlilçilər.
Üstəgəl, Dünya tək siyasətdən ibarət deyil axı. Bunun iqtisadiyyatı, mədəniyyəti, hətta idmanı var. Hətta sadaladıqlarımızn hamısının detallarını adi adamlar bilirmi? Nə olsun, hamımız eşidirik-oxuyuruq ki, filan film Kannda mükafat alıb! Axı bu prosesin detallarını bilən, məsələn, kinoşünaslardır! Bəs onları danışdırıb geniş, qeyri-peşəkar publikaya çatdıranlar kimdir? Əlbəttə, jurnalistlər! Mən hələ onu demirəm ki, bizim azərbaycanlıların 80-85 faizi ali məktəbi bitirəndən sonra kitab üzü açmır. Qoy, heç olmasa, jurnalistləri oxusunlar-dinləsinlər! Axı jurnalistlər bir çox sahələrdə onlara həqiqətən də bələdçilik edə bilər.
Demirəm ki, jurnalistlər bütün sahələr üzrə hər şeyi bilir. Yox, onlar müəyyən məsələni gündəmə gətirir, bu sahələrin ekspertlərini danışdırır və oxucuya təqdim edirlər. Adi oxucu özü bunu edə bilərmi?..
Ötən dəfə də elə bu saytımızda jurnalistika haqda yazmışdıq. Bilirsiz, adam özünü bəzən nikbin notlara kökləmək istəyir, amma inanın, çap mediası ilə, hansına ki, jurnalistikanın cövhəri deyirlər, bağlı nikbinlik üçün əsas demək olar, yoxdur. Zənnimizcə, bu məsələyə təzədən konseptual şəkildə yanaşmaq lazımdır, bəlkə də xüsusi bir proqrama da ehtiyac var.
Ən əsası, mən həmişə yazıram ki, çox xahiş edirəm, mənim sözlərimi başqa səmtə-filana, xüsusən də siyasət tərəfə yozmayın, başqalarını deyə bilmərəm, mən siyasətə 2000-ci ildə “əlvida” demişəm. Jurnalistika ilə bağlı ona görə narahatıq ki, Vallah, heyfdir bu, bir sanballı sayt hətta bir partiyanın işini görə bilər lazım olsa.
Həm də bir peşədir bu! Tanıdığım jurnalistlərin çoxu artıq altmışı adlayıb. Onlar nə etsin? Durub özlərinə bu yaşda başqa peşə axtarsınlar?
Mən də intuitiv olaraq hiss edirəm ki, bu ölkədə daha kağız medianı qaytarmaq mümkün olmayacaq. Odur, gəlin fikirləşək, görək, elektron versiyaları necə gəlirli edə bilərik?..
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ