Onlayn ictimai-siyasi qəzet
Son 5 ildə ödəmə vaxtı keçmiş kreditlərin həcmi müxtəlif istiqamətlərdə dəyişib. Valyuta.az xəbər verir ki, 2025-ci il sentyabrın 1-i vəziyyətinə görə, gecikmiş kreditlərin ümumi məbləği 530,9 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 milyon manat və ya 12,21% artım deməkdir.
Gecikmiş kreditlər problemi necə həll edilə bilər, bağışlanması mümkündürmü?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli Musavat.com-a danışıb. İqtisadçı qeyd edib ki, Azərbaycanda gecikmiş kreditlərin həcmi getdikcə artır:
"İlk baxışda rəqəmlər kiçik görünsə də, əslində bu tendensiya çox ciddi təhlükənin xəbərçisidir. Doğrudur, hazırda problemli kreditlərin ümumi kredit portfelində payı təxminən 1,8 faiz civarındadır. Bu göstərici kritik hədd sayılmasa da, vəziyyətin davamlı şəkildə pisləşməsi narahatlıq doğurur. Adətən bu rəqəm 3 faizi keçəndə artıq “həyəcan təbili” çalınır və dövlət qurumları ilə bank sektorunun ciddi tədbirlər görməsi zərurətə çevrilir.
Hazırda gecikmiş kreditlərin ümumi məbləği çox böyük olmasa da, təhlükəli olan məqam onların hər ay artmasıdır. Statistik tendensiya göstərir ki, demək olar, hər ay problemli kreditlərin sayı və həcmi artır. Bu isə birbaşa insanların gəlirlərinin azalması və kredit öhdəliklərini yerinə yetirmək imkanlarının məhdudlaşması ilə bağlıdır.
Əgər vətəndaşlar aldıqları kreditləri qaytara bilmirsə, deməli, onların real gəlirləri ya azalıb, ya da inflyasiyanın təsiri altında dəyər itirib. Yəni insanların xərcləri artır, gəlirləri isə eyni templə artmır.
Belə şəraitdə bəzi vətəndaşlar “problemli kreditlərin bağışlanması” məsələsini yenidən gündəmə gətirirlər. Lakin bu addımın atılacağı gözlənilmir. Çünki bu mövzuda artıq onlarla, hətta yüzlərlə məhkəmə qərarı var və hüquqi proseslər davam edir. Banklar kreditlərini geri almaq üçün məhkəmələrə müraciət edirlərsə, deməli, bu, onların maliyyə sabitliyinin qorunması baxımından qaçılmaz addımdır.
Əslində, əsas diqqət kreditlərin bağışlanmasına deyil, artımın səbəblərinin araşdırılmasına yönəlməlidir. Problemin kökündə insanların real gəlirlərinin azalması, inflyasiyanın alıcılıq qabiliyyətini zəiflətməsi və əmək bazarındakı qeyri-sabitlik dayanır. Bu amillər aradan qaldırılmadan nə kredit yükü azalacaq, nə də bank sektoru dayanıqlı sabitliyə qovuşacaq.
Yekun olaraq demək olar ki, gecikmiş kreditlərin payı hələ kritik həddi keçməsə də, artım dinamikası narahatlıq doğurur. Hökumət və Mərkəzi Bank bu siqnalı vaxtında dəyərləndirməli, insanların gəlirlərini artırmağa, kredit yükünü optimallaşdırmağa və maliyyə savadlılığını yüksəltməyə yönəlmiş addımlar atmalıdır. Əks halda, bu kiçik faiz göstəricisi yaxın aylarda iqtisadi sabitlik üçün ciddi təhdidə çevrilə bilər".
Xalidə Gəray
Musavat.com
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ