Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi, Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfəri baş tutub.
Səfər çərçivəsində Azərbaycandan Ermənistana yollanan nümayəndə heyətinin tərkibinə Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov, Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynov, Milli QHT Forumu İdarə Heyətinin sədri Ramil İskəndərli, eləcə də Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin Qadınlar Sülh və Əmin-Amanlıq Mərkəzinin rəhbərləri Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva daxil olublar. Onlar, həmçinin Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüblər.

Modern.az Topçubaşov Mərkəzinin həmtəsisçisi və direktoru Rusif Hüseynovla əlaqə saxlayıb. O bildirib ki, indiyədək hər iki ölkənin müxtəlif ictimai-siyasi xadimləri, jurnalistlər, idmançılar, eləcə də bəzi hallarda deputatların müxtəlif qarşılıqlı səfərləri baş tutsa da, bu dəfə reallaşan səfər ilk dəfə olaraq ikitərəfli təşəbbüs və razılaşdırılmış çərçivə əsasında həyata keçirilib.
R.Hüseynovun sözlərinə görə, səfərin əsas məqsədi 8 avqustda Vaşinqtonda baş tutan tarixi görüş və orada imzalanmış Birgə Bəyannamənin ruhuna uyğun olaraq sülh prosesinə vətəndaş cəmiyyətinin töhfəsini müəyyənləşdirmək, həmçinin bu prosesdə fəal iştirak etmək olub.
Bəs QHT rəhbərlərinin ardınca azərbaycanlı KİV rəhbərləri də İrəvana səfər edə bilərmi? Media kapitanları Ermənistana getmək istəyərmi?

Vüsalə Mahirqızı
“APA Holdinq” MMC-nin prezidenti Vüsalə Mahirqızı bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi artıq başlayıb və sülh müqaviləsinin imzalanmasına doğru addım-addım irəliləyir:
“Burada söhbət təkcə dövlətlərarası münasibətlərdən getmir. Prezident İlham Əliyevin Qazaxıstanda dediyi kimi, tranzit yüklərin daşınmasına verilən icazə, bir-birinin hava məkanından istifadə və digər kommunikasiya xətlərinin açılması ilə yanaşı, ictimai və siyasi sferada da əlaqələrin qurulmasına ehtiyac var. Nəticədə biz qonşu dövlətik və sülh son dərəcə böyük bir prosesdir. Cəmiyyətlərin bir-birini anlaması, postmüharibə dövrünün travmalarını tədricən geridə qoyması və bir-biri ilə yüksək dostluq münasibətləri qurmasalar belə, ən azı uyumlu yaşamağı qəbul etməsi vacibdir. Bu isə çox çətin və zaman tələb edən prosesdir”.
Vüsalə Mahirqızı bildirib ki, sülhün bərqərar olması üçün hər iki tərəfdə müharibənin yaratdığı izlər və itkilər nəzərə alınmalıdır: “Hər iki tərəfdən minlərlə insan doğmasını, yaxınını itirib. Milyona yaxın azərbaycanlı öz evindən didərgin düşüb. İnsanların taleyi, həyat məqsədləri dəyişib. Cəmiyyətlərin bu ağrılı mərhələdən keçərək sülh şəraitində yaşamağa uyğunlaşması çox mürəkkəb prosesdir”.
Onun sözlərinə görə, həm Azərbaycanda, həm də Ermənistanda cəmiyyətin böyük əksəriyyəti sülh istəyir: “Əminəm ki, hər iki ölkədə insanların mütləq əksəriyyəti razıdır ki, münaqişə dayanıb və biz sülhə doğru gedirik. Amma insanların bunu daxilən qəbul etməsi, postmüharibə sindromundan qurtulması uzunmüddətli və ağır prosesdir. Bu prosesi aparan da məhz vətəndaş cəmiyyəti institutlarıdır. Onlar bu işi dövlətlə yanaşı aparmalıdırlar. Bu baxımdan İrəvanda QHT nümayəndələrinin ilk görüşünü müsbət qiymətləndirirəm və inanıram ki, ilk təmaslar uğurlu olub”.
Mahirqızı qeyd edib ki, regionun gələcəyi qarşılıqlı anlaşmadan asılıdır: “Biz qəbul etməliyik ki, nə ermənilər, nə də azərbaycanlılar bu regiondan heç yerə getməyəcəklər. Bu bizim taleyimizdir. Biz bir-birimizlə yaşamalı, birgə mövcudluğa öyrəşməliyik. Sülh şəraitində yaşamaq hər iki tərəf üçün daha faydalıdır. Buna görə də bu təmasları müsbət qarşılayıram və düşünürəm ki, gələcəkdə bu cür görüşlər daha çox olacaq”.
O, eyni zamanda xatırladıb ki, bu tip görüşlər əvvəllər də təşkil olunub: “Hələ münaqişənin sakit fazasında belə, Azərbaycan və Ermənistanın bəzi media nümayəndələrinin görüşləri baş tutmuşdu. O zaman bu görüşlər ATƏT xətti ilə keçirilirdi və mən də həmin görüşlərdə iştirak etmişdim”.
O, bildirib ki, hazırda şəxsi olaraq İrəvana səfər etməyə maraqlı olmasa da, prosesin özünü vacib sayır: “Hazırda İrəvana getməkdə şəxsi marağım yoxdur. Amma hesab edirəm ki, bu proses cəmiyyət üçün zəruridir. Vətəndaş cəmiyyətinin anlaşması, qarşılıqlı razılıq və etimadın formalaşması çox vacibdir”.

Rəşad Məcid
“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, ictimai qurumlar arasında belə əlaqələrin başlanmasının vaxtı yetişib. Onun sözlərinə görə, İrəvana səfər edən QHT nümayəndələri arasında jurnalist və redaktor da olub: “Mən bu səfərdə iştirak edən Kəmalə Məmmədovanın və Fərhad Məmmədovun açıqlamalarını oxudum. Bu, təşəbbüslərin başlanğıcıdır. Bunların, şübhəsiz ki, davamlı olması vacibdir. 2001-ci ildə biz bir qrup media nümayəndəsi Bakıdan təyyarə ilə İrəvana getdik. Görüşlər keçirdik. Əlbəttə, münasibətlərin indiki səviyyəsində, hesab edirəm ki, belə səfər və əlaqələr normaldır. Ermənistanın KİV nümayəndələri də Bakıya gəlsinlər, görüşlər olsun. Hətta Qarabağa, Şərqi Zəngəzura gedib oradakı tikintini görsünlər. Bütün hallarda belə səfərlər lazımdır. Sülh sazişi ərəfəsi KİV-in cəmiyyətin fikirlərini tənzimləməkdə böyük rolu var”.
Şahanə RƏHİMLİ,
“Yeni Müsavat”
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ