İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp ABŞ prezidenti olarsa, dünyanın balansı necə dəyişəcək?

ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı uğursuz sui-qəsd cəhdinin seçkilərə ciddi təsir göstərəcəyi şübhə doğurmur. Hətta bir çox müşahidəçilər indidən Trampın seçkini qazandığını düşünürlər.

Bəs bu mülahizələr nə dərəcədə doğrudur və Trampın yenidən hakimiyyətə gəlməsi dünya siyasətinə nə vəd edir?

OGUZ.jpeg (277 KB)

Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında bildirib ki, ABŞ-da seçkilərin nəticələri barədə indidən danışmaq tezdir:

“Düzdür, onsuz da reytinq baxımından Co Baydendən irəlidə olan Donald Tramp uğursuz sui-qəsd cəhdindən sonra xeyli nüfuz qazandı. Yəqin ki, o, reytinqini seçkilərin sonuna qədər mühafizə edəcək. Bununla belə, seçkilərdə kimin qazanacağı hələ bəlli deyil. Noyabra qədər ABŞ-da yeni hadisələr baş verə və bu da seçkilərin nəticələrinə yansıya bilər. Amma etiraf etməliyik ki, seçkilərin ən şanslı namizədi Trampdır və həyatına sui-qəsd cəhdi onun nüfuzunu xeyli artırdı”.

Tramp hakimiyyətə gələrsə, ABŞ-ın daxili siyasətindən tutmuş xarici siyasətinə qədər çox şeyin dəyişiləcəyini istisna etməyən Heydər Oğuzun fikrincə, bu dəyişikliyin ən ciddi nəticələri Amerikanın özündə ortaya çıxacaq:

“Məlumdur ki, Tramp ulusalçı, Bayden isə qlobalist cərəyanın nümayəndəsidir. Ulusalçılarla qlobalistlərin arasında əsas fərq birincilərin milli mənafeni hər şeydən üstün tutmaları, beynəlxalq hüquq normalarından irəli gələn tələblərə şübhəçi yanaşmaları, investisiya yatırımlarını milli iqtisadi sahələrə yönəltmək, ölkəyə gələn köçlərin mümkün olduğu qədər qarşısını almaq, mərkəzi və güclü hökumət quruculuğu kimi dəyərlərə üstünlük vermələridir. Qlobalistlər isə bunun tam əksinə olan siyasətləri mənimsəyir, fərdi mənfəətləri yeri gələndə dövlət maraqlarından, beynəlxalq təşkilatları və qanunları milli qurumlardan üstün tutur, sərbəst ticarəti, dünyanın müxtəlif ölkələrinin inteqrasiyasını dəstəkləyirlər. Beləcə guya fərdlərin azadlığına önəm verirlər, əslində isə vətəndaş hüquqlarından istifadə edib milli dövlətləri zəiflədirlər. Əllərindəki beynəlxalq rıçaqlardan təzyiq vasitəsi kimi istifadə edib yerli hökumətlərdən böyük güzəştlər qoparırlar. Tramp da bir Amerika millətçisi kimi qlobalistlərin milli mənfəətlərini heçə sayan bu siyasətə qarşı çıxır, qlobalistləri ölkələrin sərvətlərini istismar edən, sümürən qüvvə kimi görür və xalqın narazılığından faydalanaraq hakimiyyətə gəlmək istəyir”.

TRAMPO.jpeg (65 KB)

Əslində özü də milyarder olan və sərvətlərini qlobalist siyasətlərin sayəsində qazanan Trampın son 10 ildə dəsti-xəttini dəyişməsinin təsadüfi olmadığını düşünən siyasi şərhçi bu dəyişikliyin səbəbini Çinin böyüməsi ilə əlaqələndirir:

“Açığı, 2000-ci ilə qədər ABŞ-ın iş dünyası qlobalist siyasətlərdən çox məmnun idilər. Tədricən dünya iqtisadiyyatını ələ keçirir və vahid bir dövlət, iqtisadiyyat qurmağı düşünürdülər. Qurduqları bütün planlar isə 2000-ci ildə Çini Dünya Ticarət Təşkilatına üzv etmələri ilə pozuldu. Başda ABŞ olmaqla bütün Qərb ölkələri düşünürdülər ki, Çin dünya iqtisadiyyatına inteqrasiya etdikcə liberallaşacaq və demokratik islahatlar keçirərək ABŞ və Avropadan asılı vəziyyətə düşəcək. Çin isə yalnız iqtisadi islahatlara gedərək, öz siyasi xarakterini qorudu. Qərbə iqtisadi inteqrasiya nəticəsində onun böyük sənaye müəssisələrini öz ağuşuna çəkdi. Faktiki olaraq bir çox böyük sənaye devlərini uddu və öz müasir sənaye müəssisələrini yaratdı. Nəticədə Dünya Ticarət Təşkilatına üzv olduqdan sonra durmadan böyüdü və hazırda bir çox sahələrdə ABŞ-a meydan oxuyur. İsveçrənin Sürix şəhərində yerləşən Qlobal Mak-Kinsey İnstitutunun 2022-ci ildə hazırladığı bir hesabat da bundan xəbər verir. Dünya gəlirlərinin 60 faizindən çoxunu təşkil edən 10 ölkənin milli sərmayə potensialını araşdıraraq hazırlanan hesabata görə, 2000-ci ildə 156 trilyon dollar olan qlobal ÜDM 2020-ci ildə üç dəfə artaraq 514 trilyon dollara çatıb. Bu artımın 1/3 hissəsi isə Çinə məxsusdur. 2000-ci ildə ÜDM-i 7 trilyon dollar olan Çin 20 ildə bu rəqəmi 120 trilyon dollara çatdırıb.

CİNO.jpg (97 KB)

Sözsüz ki, Çinin bu inkişafının qarşısı vaxtında alınmasa, bir neçə ildən və ya onillikdən sonra bu ölkə ABŞ-ı da geridə qoya bilər. Hətta bəzi sahələrdə artıq qoyub da. Zənnimcə, Trampın hakimiyyətə gəlmək istəməsinin də əsas səbəbi bununla bağlıdır. Böyük ehtimalla, ABŞ dərin dövlətində bir çox kəsimlər onu açıq şəkildə dəstəkləyəcəklər. Başqa çarələri yoxdur”.

Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ-ın xarici siyasətində ciddi dəyişikliklərin olacağına inanan siyasi şərhçi əsas dəyişiklikləri Rusiya və Çin sahəsində gözləyir:

“Bir çoxları Trampın Rusiyaya meylli siyasətini onun Putinlə şəxsi əlaqəsi ilə izah edirlər. Məncə, bu cür yanaşma məsələni xeyli bəsitləşdirmək deməkdir. Əsas problem ondadır ki, Tramp və ABŞ ulusalçıları Rusiyanı yox, Çini əsas rəqib olaraq görürlər. Odur ki, ilk növbədə Çini zərərsizləşdirmək istəyirlər. Tramp məhz bu səbəbdən ilk hakimiyyəti dövründə Çinə qarşı sərt siyasətlər yürüdür, iqtisadi savaş açmışdı. Yəqin ki, yenidən hakimiyyətə gələrsə, o, bu siyasətini davam etdirəcək, təzyiq məxrəcini Avropadan Hind-Sakit okeanına sürüşdürəcək”.

Trampın Çini hədəfə alan siyasəti çərçivəsində atacağı ilk addımlardan birinin “Bir Yol, Bir Kəmər” layihəsi ola biləcəyini düşünən Heydər Oğuz bizim regionun da ciddi risk daşıdığına inanır:

“Xüsusilə İran Trampın qəzəbinə gələ bilər. Bunun bir səbəbi “Bir Yol, Bir Kəmər” marşrutlarından birinin İrandan keçmə ehtimalıdırsa, digəri Trampın İsraillə yaxınlığıdır.

TRAMPO.jpg (76 KB)

Mümkündür ki, İran-İsrail münasibətlərindəki gərginlik iki dövləti qarşı-qarşıya gətirsin. Bu baş verərsə, ABŞ hakimiyyəti açıq şəkildə İsraili dəstəkləyəcək.

Bizə gəlincə, hələ ki, balanslı siyasətlə heç bir tərəfə qoşulmayan Azərbaycan Türk dünyası ilə Avropa arasında körpü rolunu oynamağa çalışır. Təbii ki, bu siyasət güc mərkəzlərinin hamısına lazımdır və Çinin bu xəttə qoşulub-qoşulmaması bizim iradəmizdən az asılıdır. Yəqin ki, yaxın zamanlarda öz həllini tapan zərurətlər Azərbaycanın siyasi kursunu müəyyənləşdirməsində öz sözünü deyəcək. Əsas odur ki, rəsmi Bakı öz balans siyasətindən kənarlaşmasın və bütün tərəflərə eyni məsafədən yanaşmaq siyasətini davam etdirsin. Böyük ehtimalla belə də olacaq”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR