Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi rejissor Elvin Rüstəmzadənin "Ayıq sürücü" adlı qısametrajlı filmi ciddi qalmaqala səbəb olub.
Musavat.com bildirir ki, filmdəki "Xala Buzovnada qalır" ifadəsi Buzovna sakinləri tərəfindən təhqir kimi qəbul edilib və bunun nəticəsində film heyətinin üzvləri ciddi təhdidlərlə üzləşib. Bu hadisə sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Musavat.com-un verdiyi məlumata görə, filmin ssenaristi Əli Ucal Buzovna sakinləri tərəfindən təhdid edildiyini açıqlayıb. O, öz videomüraciətində filmin silinməsi qərarını verməyə məcbur olduqlarını bildirib. Əli Ucalın sözlərinə görə, filmə verilən reaksiyaların ardınca, rejissor Elvin Rüstəmzadə və baş rol ifaçısı Səmimi Fərhad Buzovna sakinləri ilə görüşüblər. Görüşdə sakinlər filmin çəkilişi ilə bağlı narazılıqlarını bildirib, amma nəticədə tərəflər bir-birini başa düşmək və ortaq məxrəcə gəlmək qərarına gəliblər.
Əli Ucal qeyd edib ki, qarşıda iki seçim vardı: "Ya 200 min baxışa sahib olan film qalacaq və nəticədə sosial şəbəkələrdə filmə görə region söhbətləri davam edəcək, gənclər arasında daha çox problemlər yaranacaq. Ya da filmi silib, bəzi ifadələri dəyişdirərək, yenidən yükləyəcəyik və beləliklə, bu çaxnaşmanın qarşısını alacağıq".
Ucal çətin də olsa, ikinci seçimi etdiklərini və filmi "YouTube"dən silmə qərarı verdiklərini bildirib.
Filmin ssenaristi həmçinin, bunun onun yazdığı ilk ssenari olduğunu və belə bir vəziyyətin yaranacağını heç düşünmədiyini vurğulayıb.
Xalidə Gəray
Musavat.com
07 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ