Onlayn ictimai-siyasi qəzet
Futbol üzrə dünya çempionatının final mərhələsi 2026-cı ilin 11 iyun-19 iyul tarixlərində 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada keçiriləcək.
Azərbaycan millisinin DÇ-2026-nın seçmə mərhələsi üçün şansları açıqlanıb. “Football Meets Data” D qrupu üçün proqnozlarını yayıb.
Yığmamızın qrupda dördüncü yeri tutmaq ehtimalı 82 faiz olaraq göstərilib. Komandanın üçüncü olmaq şansı 17 faizdir. Millinin ikinci yerdə qərarlaşmaq ehtimalı 1 faizdirsə, liderlik mümkünsüzdür.
Məlumdur ki, Özbəkistan ilk dəfə DÇ-2026-nın finalına vəsiqə qazanıb. Futbolumuzu heç olmasa Özbəkistan səviyyəsinə qaldırmaq üçün bizə nə çatmır?
Fazil Mustafa
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat” a söylədi ki, futbolumuzun yaxın gələcəkdə Özbəkistan, hətta Gürcüstan səviyyəsinə çatması gözlənilən deyil: “Çünki bizdə futbolun idarə edilməsində diletant yanaşma var. Cəmiyyət olaraq, bizim iki sahəyə xüsusi olaraq qeyri-ciddi yanaşmamız mövcuddur. Bunlardan biri təhsil, digəri idmandır. Ötən əsrin 70-ci illərində ”Neftçi"nin heyətində 4-5 azərbaycanlı tapanda sevinirdik. Faktiki olaraq, bizdə uşaqların futbola yönləndirilməsi işi olduqca zəifdir.
Mərakeşin paytaxtı Rabatın ortasında açıq stadionlar gördüm. Hər dəfə yanından keçəndə insanın ürəyindən bir futbol oynamaq keçir. Mütləq idman infrastrukturları yaradılmalıdır. İç-içə inşa edilmiş binaların əksəriyyətinin yerində bir idman meydançası tikilməli idi. Amma bizdə bir bina, onunla yanaşı, daha bir bina tikilir".
F.Mustafanın sözlərinə görə, idman sahəsi bir çox hallarda idmana aidiyyatı olmayanlar tərəfindən idarə olunduğuna görə bu sahənin inkişafı çətindir: “Bir-iki futbol proqramı qəbul olundu. O proqramın çox cüzi bəndləri yerinə yetirilib. Halbuki, ölkə prezidenti bu sahədə kifayət qədər ciddi bir sənəd imzalayıb və təqdim edib ki, bunu həyata keçirin. Amma kim həyata keçirəcək? Onun üçün də Özbəkistan, yaxud Gürcüstan futboluna çatmaq bizim üçün gözlənilən deyil”.
Millət vəkili “Neftçi” klubuna ayrılan pulların necə xərclənməsi barədə heç bir platformada müzakirə aparılmadığını bildirərək deyir: “Necə olur ki, ”Qarabağ" uğur qazana bilir, amma ondan 10 qat artıq pul xərclənən bir “Neftçi” klubu uğur qazana bilmir? Eləcə də digər klublarımız. “Qarabağ” bütün mərhələləri adlayır, digər klublarımız ən yaxşı halda bir mərhələ keçirlər. Nə üçün? Bir mərhələ keçmələri azmış kimi, sonradan sökülüb, tökülüb, yoxa çıxırlar. Bütün bunların səbəbləri axtarılmalıdır. Bu pulları kim hara xərcləyir? Uşaq futboluna hansı pullar xərclənir? Bütün vəsait hara gedir? Bu günlərdə oxuyuram, bəzi ikinci dəstə komandaları uşaq futbolu üçün ayrı-ayrı bütün yaş qruplarında klublar yaradıblar. Amma onlara heç bir dəstək yoxdur, vəsait ayırmırlar. Onlara “cəhənnəmə yaratmısan, gora yaratmısan, mənə futbol lazım deyil” deyirlər.
İnkişaf etmək istəyiriksə, ikinci dəstədən başlamaq lazımdır. Birinci dəstəyə diqqət ayırmalıyıq. Təsəvvür edin ki, birinci dəstə klublarından, güclülərdən böyük rayonu təmsil edən klublardan bir neçəsi öz rayonunda oyun keçirə bilmir. Gəncə kimi böyük bir şəhərin komandası ötən il öz stadionunda oynaya bilmədi. Bunların hamısı doğrudan da ürəkağrıdan, müzakirə olunması vacib olan məsələlərdir. Amma kimsə hesabat sormur, hesabat verən də yoxdur".
Natiq Muxtarlı
Tanınmış idman yazarı Natiq Muxtarlının sözlərinə görə, Azərbaycan yığmasından DÇ-2026-nın seçmə mərhələsində nəticə gözləməyə dəyməz: “Nikbinlik üçün heç bir əsas yoxdur: futbolumuzda heç nə dəyişməyib. 3-4 ayın içində Azərbaycan millisinin futbolçuları Avropada rəqabət apara biləcək səviyyəyə yüksəlməyiblər. Ona görə də, boşuna ümidlənməyə dəyməz. Onsuz da Azərbaycanın futbol ictimaiyyəti hər ayın əvvəlində müəyyən müzakirələr aparır, nələrəsə ümid edir. Özü də bu müzakirələr ölkə futbolunda illərdir dəyişməyən idarəetmə fonunda aparılır. Amma sonra məyusluq, kədər olur.
Azərbaycan yığmasının uğur qazanması üçün əvvəlcə aşağı yaş qruplarından olan yığmalar Avropada uğur qazanmalıdır. Yəni əvvəlcə Avropada, dünyada rəqabət apara biləcək futbolçu yetişdirməliyik, ondan sonra isə millidən nəticə gözləməliyik.
Ən azı Özbəkistan yığması olmağımız üçün bu işə başlamaq lazımdır. Öncə Özbəkistanın aşağı yaş qruplarından olan yığmaları Asiya və dünya çempionatlarının final mərhələsində iştirak etdilər, uğur qazandılar, sonra növbə əsas komandaya çatdı. Özbəkistan Asiya ölkəsi olsa da, futbolçuları Avropanın adlı-sanlı klublarında özlərinə yer ediblər".
N.Muxtarlı deyir ki, 10-15 il əvvəl Azərbaycanın futbol təsərrüfatında idarəçilik necə idisə, indi də elədir. Biz isə Azərbaycan yığmasından DÇ-2026-nın seçmə mərhələsində nəticə gözləyirik. Mümkün deyil.
Biz futbolçu yetişdirməyə indi başlasaq, ən yaxşı halda 10-15 ildən sonra milli komandadan nəticə gözləyə bilərik. İndiki halda özümüzü aldatmayaq, nikbinlik üçün əlimizdə heç bir əsas yoxdur. Təsadüfi qələbəyə ümid edə bilərik, seçmə mərhələni də, yəqin ki, sonuncu pillədə başa vuracağıq".
***
Sentyabrın 5-də Azərbaycanın futbol üzrə milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ilk oyununa çıxıb. Matç Bakı vaxtı ilə saat 22:45-də start götürüb.
P.S. Qəzet çapa gedərkən oyunun nəticəsi bəlli deyildi...
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ