İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaşlar tibbi arayışı əziyyətlə əldə edir, icbari sığorta paketinə daxil edilsinmi?

Rəşad Mahmudov: “Tibbi arayışların icbari tibbi sığorta çərçivəsində əlçatan olması ədalətli və məqsədəuyğundur”

Son günlər tibbi arayışların əldə edilməsi ilə bağlı poliklinikalarda yaranan sıxlıqlar əhali arasında ciddi narazılığa səbəb olub. Vətəndaşlar bir arayış üçün bir neçə tibb müəssisəsinə baş çəkməli olduqları, tibbi arayışı bir neçə günə əziyyətlə əldə etdiklərinə dair narazılıq edirlər. “Yeni Müsavat” redaksiyasına müraciət edən vətəndaşlar hər il avqustun sonu, sentyabrın əvvəlində bu halla qarşılaşdıqlarını, saatlarla, günlərlə növbələrdə əziyyət çəkdiklərini bildirirlər. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sorğumuza cavab olaraq bildirib ki, ali və orta ixtisas məktəbləri, kolleclər və liseylərdə yeni tədris ilinin başlanması ilə əlaqədar “Sağlamlıq haqqında arayış”lara (TQS 086) tələbat əhəmiyyətli dərəcədə artıb.

Zamirə Ədilova TƏBİB-in departament rəhbəri oldu

Zamirə Adilova

Qurumun mətbuat katibi Zamirə Adilovanın sözlərinə görə, təhsilə yeni başlayan uşaqların valideynləri tərəfindən də məktəbəqədər və orta təhsil müəssisələrinə təqdim etmək üçün tibbi sənədlərlə (TQS 026) bağlı müraciətlərdə də artım qeydə alınıb: “2024-cü ilin iyun-avqust  aylarında  arayışla bağlı müraciət edən uşaq sayı 73 093 nəfər olduğu halda, 2025-ci ilin iyun-avqust aylarında bu rəqəm 85 000 nəfərdən çox olub. Tələbatın əhəmiyyətli dərəcədə artması səbəbindən bəzi poliklinikalarda sıxlıq yaranıb. TƏBİB tərəfindən kadr təminatı gücləndirilib, tibbi avadanlıqların yenilənməsi və elektron sistemin daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər görülüb. Arayışların forması, ixtisaslı həkim müayinələri və instrumental-laborator müayinələr Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir. Arayış əldə etmək üçün sağlamlıq vəziyyətinin müəyyən olunması profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil. Lakin sosial layihə olaraq bəzi arayışlar icbari tibbi sığortanın təminatına alınıb. Bunlar 18 yaşa qədər uşaqların bütün növ arayışları - məktəbə, məktəbəqədər müəssisələrə, ali təhsil müəssisəsinə təqdim etmək üçün bütün sağlamlıq arayışlarıdır. Arayışlar artıq bütün tabeli tibb müəssisələrində elektron formada təqdim olunur. Vətəndaşlar elektron tibbi arayışı əldə etmək üçün ilk olaraq tibb müəssisəsinə ilkin müraciət etməli, laborator analizlər verməli, ixtisaslı həkim qəbullarından keçməlidir”.

Açıqlamada o da bildirilib ki, istifadəçilər “E-tabib” mobil tətbiqi və http://kabinet.its.gov.az/\ veb-səhifəsinə daxil olaraq qeydiyyatdan keçdikdən sonra “Şəxsi kabinet”ə daxil olaraq, QR kod vasitəsilə tibbi arayışları elektron əldə edə bilərlər: “Elektron çap formanın üzərində olan QR kodu oxudaraq açılan veb-səhifədə arayışı ”PDF" formatda yükləmək də mümkündür. Xatırladaq ki, arayışlar 1 ay müddətində etibarlıdır".

Z.Adilova əlavə edib ki, 18 yaşa qədər uşaqlardan “Sağlamlıq haqqında arayış”lara görə hər hansı formada ödəniş tələb olunması qanunsuzdur. “Belə hallarla rastlaşan vətəndaşlardan dərhal TƏBİB-ə və aidiyyəti qurumlara məlumat vermələri xahiş olunur”, - deyə o, qeyd edib. 

Sözügedən problem növbəti dəfə tibbi arayışların icbari tibbi sığorta hesabına həyata keçirilməsini gündəmə gətirib. 

Xatırladaq ki, hələ ötən il sağlamlığın qorunması hüququnun effektiv təmin edilməsi məqsədilə bütün tibb xidmətlərinin və xəstəliklərin icbari tibbi sığorta hesabına həyata keçirilməsi təklif edilib.

Bununla bağlı məsələ Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə hesabatı ilə bağlı təkliflər siyahısında yer alıb.

Hesabatda “Sağlamlıq haqqında tibbi arayış”ların icbari tibbi sığorta çərçivəsində verilməsi təklif edilib.

Rəşad Mahmudov: Qüdrətimiz qarşısında bütün maneələr kiçik görünür - AZƏRTAC

Rəşad Mahmudov

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Yeni Müsavat”a açıqlamasında sözügedən təklifi şərh etdi.  Deputat qeyd etdi ki, ötən il həqiqətən də “sağlamlıq haqqında tibbi arayış”ın ödənişli xidmətlər siyahısından çıxarılaraq icbari tibbi sığorta çərçivəsində göstərilən “Xidmətlər zərfi”nə əlavə edilməsi ilə bağlı təklif irəli sürülmüşdü: “Bu məsələ Milli Məclisin Səhiyyə Komitəsində və digər aidiyyəti qurumlarda müzakirə predmetinə çevrilmişdi. Bu il də həmin təklif gündəmdədir və yaxın iclaslarda müzakirəyə çıxarılması nəzərdə tutulur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Səhiyyə Nazirliyi və digər müvafiq qurumlarla birlikdə məsələnin iqtisadi, tibbi və hüquqi əsasları qiymətləndiriləcək. Mənim şəxsi mövqeyim ondan ibarətdir ki, əhalinin geniş istifadə etdiyi və bir çox hallarda vətəndaşların müxtəlif orqanlara təqdim etməli olduqları tibbi arayışların icbari tibbi sığorta çərçivəsində əlçatan olması ədalətli və məqsədəuyğundur. Çünki vətəndaş tibbi xidmətlərin sığortalanması üçün məcburi şəkildə ödəniş edir və bu halda ən çox tələb olunan gündəlik xidmətlərin də həmin paketdə əks olunması tam məntiqlidir. Əlavə olaraq, bu addım həm vətəndaşların cibindən çıxan xərclərin azalmasına, həm də xidmətlərin vahid standart üzrə göstərilməsinə şərait yaradacaq. Bu təklifin müzakirəsi cari il də davam edəcək və mən bir millət vəkili olaraq hesab edirəm ki, sağlamlıq arayışlarının xidmətlər zərfinə daxil edilməsi həm sosial, həm də hüquqi baxımdan düzgün yanaşmadır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR