İnsanlara hürriyət, millətlərə istiqlal!

Xala xətri

Uşağı döyüb, işgəncə veriblər, deyilənə görə, bunu onu himayəsində saxlayan qadın törədibdir. Və xalanı polis saxlamışdır. (Cümlənin çoxmənalı, çoxqatlı alınmasına fikir verin. Buna görə ana dilimizi sevirəm). 

Lakin mən xalanın günahına çox da inanmıram. Yəqin onu hansısa AXC-Müsavat üzvü, ya da xaricdən maliyyələşən jurnalist-bloqer tör-töküntüləri şərləməyə cəhd göstərir. Niyə belə əminliklə yazıram? Çünki xalanın fotosunu dərc etmişdilər və bu üzü nurlu insan başdan-ayağa çadraya, dini geyimə bürünmüşdü. 

Sözgəlişi, vətəndaş haqda burada hər dəfə “xala” yazmaqda hansısa qəsdi-qərəzlik güdmürəm, uşağın dost-doğma xalasıdır. Yoxsa bəzi qərəzli oxucular mənim də söz oyunbazlığı ilə məşğul olmağa girişdiyimi zənn edə bilərlər. Qətiyyən. Bu xala siz düşünən xalalardan deyil. 

Maraqlıdır ki, bizim folklorda xala obrazı bibi obrazına nisbətən daha çox diqqət mərkəzinə çəkilir. Bunu ata sözü və məsəllərimiz də təsdiq edir: “Xala xətrin qalmasın”, “Xala evinə dadanan, ər evində dayanmaz”, “Xalam bildi - aləm bildi”, “Xala, xala, təndiri qala, aşı bişirib, nimçəni yala”, “Xalamın ... olsaydı, ona dayı deyərdim”, “Xalası göyçək” və sairə. Bibi isə ciddi senzura altındadır. Milli folklorumuz bibi temasında israrla susur. Görəsən, bunun elmi kökləri nədir? Təklif edirəm, AMEA nəzdindəki boş-bekar institutların xalaları... üzr istəyirəm, əməkdaşları bu temada fəlsəfə üzrə namizədlik dissertasiyası işləməyə başlasınlar.   

Qayıdaq xalamıza. Bəli, uşağa işgəncə iddiasıyla tutulan xala nəinki dini geyimdə idi, üstəlik, məhəllə sakinləri arasında “həcixanım” adıyla falçılıq edirmiş. Bu da bizim daha bir müqəddəs tərəfimizdir. Falçılıq, pirləri ziyarət, cadu, qulyabanı, mumiya və sairə elmlər xalqımız arasında çox populyardır, hətta vaxtilə telekanalizasiyada verilişləri olurdu, indi xəbərsizəm. 

İndi mən sizdən soruşuram: çadralı bir insan başqasına işgəncə verərmi? Qətiyyən. Mümkün deyildir. Amma həmin zənən mini geyimdə, dekoltedə, hətta əlim qurusun bu sözü yazdığım yerdə - bikinidə olsaydı, biz onun hər cür pisliyinə inanmalıydıq. Çünki İranın, Səudiyyənin, Yəmənin, Əfqanıstanın və sairə gözəl, cənnət məmləkətlərin təcrübəsi göstərir ki, zənənlər dini geyimdə yaşayarsa, orada işgəncənin kökü kəsilir. Açıq-saçıq  geyinmək özü-özlüyündə bir işgəncə növüdür. 

Yeri gəlmişkən, Qurbanolduğumuz da örtüklü torpaqlara yuxarıdan yaxşı baxır, himayəsində saxlayır. Bunu özümdən uydurmuram, beş-on il qabaq iranlı üləmalardan hansısa fətva vermişdi ki, əgər zənənlər gödək don geyinib kəkilləri açıq gəzirsə, Allah-təala orada zəlzələ törədir. Hərçənd, niyə İranda tez-tez zəlzələ olur, bunu anlamaqda çətinlik çəkirəm. Yəqin bilmədiyimiz nələrsə var. 

Təzəlikcə bu dini geyim teması məktəblərimiz baxımından müzakirə olunmuşdu. Hardasa oxudum, bir deputat təxminən belə demişdi ki, yaxası-başı açıq geyimlərlə yuxarı siniflərə dərsə gedən müəllimlər həddi-buluğa çatmış gənclərin psixikasına təsir edir. Yəni, heç olmazsa ibtidai sinifə belə gedin. 

Amma bu da şübhəli yanaşmadır, çünki azyaşlı şagirdlərə yarıaçıq, dekolte geyimlər daha psixoloji təsir edə bilər, onlara süddən təzəcə kəsildiklərini xatırladar. Ondan sonra gəl “Tutu, topu tut”... Nəsə, mövzunun zibili çıxmamış dayanıram.  

Tək hicab, çadra deyil. Dinin həyatımızda rolu yüksəkdir. Məsələn, təzəlikcə iki futbolçumuz naməhrəm qadın hakimlə əl görüşmədilər. Məhz bu cür yaşadıqları üçün komanda çempionlar liqasına çıxıbdır! Yad qadına toxunan anda insan günaha batır, dini baxımdan ofsayda düşür, cəhənnəmdə avtoqol vurur. Təsəvvür edin, metromuz necə günah oylağıdır! Nırç, nırç... 

Mən fikir verdim, Çində son tədbir zamanı bəzi müsəlman dövlət başçılarının xanımları da naməhrəmlərlə əl görüşmürdü. Güman edirəm, onlar bizim futbolçuların oyunlarını izləyirlər. 



ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR