İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycana qarşı Rusiya-Hindistan sinxron planı

Hikmət Babaoğlu: “Düşünürəm ki, arxa planda bu prosesdə Rusiyanın əli olub”

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Çində keçirilən sammitində Azərbaycanın təşkilata üzvlüyünün bloklanması ilə bağlı yeni məqamlar ortaya çıxıb. Bu barədə APA diplomatik mənbələrdən daxil olan məlumata əsasən yazıb. Xəbərdə deyilir ki, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması təkcə Hindistanın təşəbbüsü ilə olmayıb, Rusiya da bu prosesdə yaxından iştirak edib. Bu prosesdə əsas rolu isə Rusiya Xarici İşlər Nazirliyi oynayıb. Mənbənin sözlərinə görə, Azərbaycanın ŞƏT-ə üzvlüyünün bloklanması məsələsi Rusiya və Hindistan arasında siyasi məsləhətləşmələrdə müzakirə olunub, müvafiq razılığa gəlinib. Sadəcə, Rusiya prosesdə Hindistanı qabağa verib, özü arxa planda dayanıb.

Mənbə onu da deyir ki, Rusiyanın bu hərəkəti həm də Çinə qarşı hörmətsizlik kimi qəbul olunmalıdır. Çünki Çin Şanxay ruhuna uyğun olaraq təşkilatlın genişləndirilməsi üçün addımlar atır. Azərbaycanın ŞƏT-ə üzvlüyünə Pekin də ciddi dəstək verib. Lakin Çində keçirilən sammitdə Rusiya və Hindistan Azərbaycanın təşkilata üzvlüyünü bloklamaqla, həm də Çinə qarşı hörmətsizlik nümayiş etdirib.

Hikmət Babaoğlu: “MSK üzvlərinin kimi sədr və müavin seçəcəyi...” |  Modern.az

Hikmət Babaoğlu

Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın zahirən bir cür, arxada isə başqa cür davranması birinci belə təcrübə deyil: “Biz dəfələrlə Rusiya-Azərbaycan münasibətlərində bənzər təcrübələri yaşamışıq. Amma Azərbaycan diplomatiyası və xarici siyasəti soyuqqanlı diplomatiya olduğu üçün belə məsələləri çox da qabartmır. Nəticə etibarilə bu cür davranışlar iki qonşu ölkə arasında münasibətlərə heç də müsbət təsir göstərmir. Rusiyanın və Hindistanın bu cür davranışları əslində hər iki ölkənin birgə səyləri ilə oturduqları budağı kəsməyə bənzəyir. Nəticə etibarilə Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv olması bu təşkilata üzv olan ölkələrə Azərbaycanın imkanlarının təqdim olunması deməkdir. Çünki Rusiya ilə Hindistanı birləşdirəcək Şimal-Cənub dəhlizi məhz Azərbaycan üzərindən keçir, məhz Zəngəzur dəhlizi üzərindən keçəcək. Azərbaycan üzərindən keçməklə ikinci marşrut İran üzərindən keçəcəkdir. Belə olan halda bu cür mövqe anlaşılan, izah edilən və başa düşülən deyil”.

Deputat buna görə də düşünür ki, arxa planda bu prosesdə Rusiyanın əli olub: “Biz Rusiya-Azərbaycan münasibətləri tarixində bunun çoxsaylı analogiyalarını görmüşük. Bu ehtimal tamamilə mümkündür. Ancaq nəticə etibarilə iki böyük ölkənin birlikdə kiçik saydıqları Azərbaycana qarşı sinxron hərəkət etmələri əslində Azərbaycanın böyüklüyünün göstəricisidir və ironik bir hadisədir”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 


ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR