İnsanlara hürriyət, millətlərə istiqlal!

İnternetdən dərman alışı kütləviləşir - Ölüm riski, cərimə...

Zülfüqar Yusifov: “Onlayn apteklərin mütəmadi monitorinqi aparılmalıdır”

“Dərman vasitələri haqqında” qanunvericiliyə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Vətəndaşlar müxtəlif internet səhifələrindən və ya sosial şəbəkələrdən onlayn şəkildə dərman vasitələri sifariş verməməli, müalicə həkiminin təyinatı əsasında dərman vasitələrini apteklərdən alıb, istifadə etməlidirlər". 

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib.

Qeyd edilib ki, həkimin təyinatı olmadan internet üzərindən sifariş verilən dərman vasitələrindən istifadə etmək tövsiyə olunmur. Çünki düzgün doza və istifadə qaydaları həkim tərəfindən müəyyən edilməlidir. Əks təqdirdə, düzgün istifadə olunmayan dərmanlar sağlamlığa ciddi zərər yetirə bilər. 

Yalnız dərman vasitələrinin pərakəndə satışı əczaçılıq fəaliyyətinə lisenziyası olan apteklərin rəsmi internet səhifəsindən dərman vasitələri sifariş oluna bilər. Bu zaman dərman vasitələrinin çatdırılması müvafiq saxlanma və daşınma şərtlərinə ciddi riayət edilməklə həyata keçirilməlidir. Həmçinin vurğulanıb ki, dərman vasitələrinin dövriyyəsi zamanı reklam haqqında qanunvericiliyin pozulması zamanı İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə uyğun cəza tədbirləri nəzərdə tutulub. 

AEM vətəndaşlara tövsiyə edir ki, onlar özəl tibb müəssisələrində və aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda mərkəzin “Bir pəncərə” sektoru, Qaynar xətt və veb-sayt (www.pharma.az) vasitəsilə müraciət edə bilərlər. 

Bu rəsmi çağırışa baxmayaraq, onlayn dərman alanlar hələ də var. Bu da vətəndaşların həyatını riskə atan haldır.

İnsanları bu addımlardan çəkindirmək üçün hansı addımlar atılmalıdır? Vətəndaş internet vasitəsi ilə dərman almağa niyə üstünlük verir?

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

 Zülfüqar Yusifov 

Bakı Ağrı Klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Həkim qeyd edib ki, dərman maddələrinin satışına nəzarət məsələləri olduqca əhəmiyyətli bir problemdir və müxtəlif ölkələrdə fərqli şəkildə tənzimlənir: “Son illərdə bu mövzuya bizim ölkəmizdə də diqqət artmaqdadır. Xüsusən də elektron səhiyyə sisteminin meydana çıxması, güclü təsirə malik psixotrop və digər dərmanların yalnız elektron reseptlə yazılması bu kimi maddələrə nəzarət mexanizmini xeyli dərəcədə optimallaşdırıb. Lakin bununla yanaşı digər çoxsaylı dərman vasitələrinə hələ də tam nəzarət etmək asan deyil. Çünki bu sahədə pərakəndə satışla məşğul olan çox sayda mənbə, o cümlədən onlayn təkliflər mövcuddur”.

Zülfüqar Yusifov qeyd edib ki, onlayn satış artıq müasir dünyanın qaçılmaz bir parçasıdır: “Lakin burada əsas şərt onlayn apteklərin rəsmi icazə ilə fəaliyyət göstərməsidir. Əgər onlayn apteklərin lisenziyası varsa və onlar rəsmi qaydada çatdırılma xidməti göstərirlərsə, bu, narahatedici hal hesab edilmir. Belə hallarda sadəcə xidmət forması dəyişir və pasiyent üçün asanlıq təmin olunur. Əsas məsələ bu fəaliyyətin lisenziyalı, qanuni şəkildə aparılmasıdır.

Eyni zamanda, lisenziya ilə fəaliyyət göstərən belə onlayn apteklərin mütəmadi monitorinqi aparılmalı, qaydalara riayət etməyən mənbələrə qarşı isə müvafiq tədbirlər görülməlidir.

Dərman maddələrindən danışarkən onların çeşidlənməsi də mühüm əhəmiyyət kəsb edir. Çünki dərman dediyimiz vasitələr sırasına bioloji fəal qida əlavələri də daxildir. Məsələn, Avropa və Amerikada bəzi preparatlar gündəlik istifadə üçün nəzərdə tutulur və hətta ərzaq mağazalarında belə satılır. Bioloji əlavələrin satışı ilə bağlı nəzarət mexanizmi təbii ki, daha yumşaqdır. Amma həyati əhəmiyyət kəsb edən, güclü təsirə malik dərmanların satışı və istifadəsi isə ciddi nəzarət altında olmalıdır. Bu cür dərmanlar yalnız həkim resepti əsasında, lisenziyalı apteklər və onların rəsmi onlayn filialları tərəfindən buraxılmalıdır. Çünki bu vasitələrin düzgün istifadə olunmaması böyük fəsadlara və insan həyatı üçün təhlükəli nəticələrə gətirib çıxara bilər".

Həkim həmçinin bildirib ki, ölkəmizdə bu istiqamətdə kifayət qədər ciddi işlər görülür və artıq mühüm uğurlar da əldə olunub:

“Elektron resept sisteminin tətbiqi tədricən oturuşur və yaxın gələcəkdə bütün tibb müəssisələri ilə həkimlər tam şəkildə bu sistemə uyğunlaşdıqdan sonra dərman satışının tənzimlənməsi və monitorinqi xeyli asanlaşacaq. Belə olan halda elektron sistemdən kənarda aparılan hər hansı satış dərhal qeyri-qanuni fəaliyyət kimi aşkarlana biləcək.

Burada xüsusi olaraq qeyd etmək lazımdır ki, pasiyentlərin maarifləndirilməsi də mühüm rol oynayır. İnsanlar bilməlidirlər ki, həkim məsləhəti olmadan dərman qəbul etmək ciddi fəsadlara gətirib çıxara bilər. Ona görə də həkimlər yalnız resept yazmaqla kifayətlənməməli, həm də pasiyentləri dərmanların istifadəsi, təsiri və mümkün təhlükələri barədə maarifləndirməlidirlər".

Zülfüqar Yusifov vurğulayıb ki, tibb müəssisələrinin həkim fəaliyyətinə nəzarəti güclü olmalı, ictimai nəzarət və monitorinq mexanizmləri də işlək vəziyyətdə saxlanılmalıdır:

“Əgər bu işlər kompleks şəkildə - Səhiyyə Nazirliyi, həkimlər və cəmiyyətin birgə fəaliyyəti ilə həyata keçirilərsə, dərman vasitələrinin satışına nəzarətdə daha böyük uğurlar əldə etmək mümkündür”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR