İnsanlara hürriyət, millətlərə istiqlal!

"Yas mərasimlərinə xərclənən pullar milyonlarla manata çatır, halbuki... "  

Son vaxtlar cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri yas mərasimlərindəki israfçılıq məsələsidir. Həm millət vəkilləri, həm də ictimaiyyət nümayəndələri bu mövzuda narahatlıqlarını ifadə edirlər. Artıq bəzi bölgələrdə israfçı dəbdəbəyə son qoyulduğu bildirilir. Lakin paradoks ondadır ki, bölgələrdə bu istiqamətdə müəyyən irəliləyişlər olsa da, böyük şəhərlərdə, xüsusilə də paytaxt Bakıda bu tendensiya davam edir. Məlum olduğu kimi yas mərasimlərinin mərhəmət və ehtiram məclisi olmaq əvəzinə yarış və nümayiş meydanına çevrilməsi, həm ailələri maddi yük altına salır, həm də dini-mənəvi dəyərlərin mahiyyətini kölgədə qoyur.

Musavat.com bildirir ki, tanınmış hüquqşünas, sabiq millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev məsələyə bu cür mövqe bildirib:

"Əslində, yas insanın faniliyini dərk etdiyi məqamdır. Bu məqamda insanın ehtiyacı nə qədər yeməyin verildiyi, neçə növ təamın hazırlandığı deyil, yaxınlarının yanında olması, təsəlli sözüdür. Amma illərlə formalaşmış yanlış təzyiq var: “qonşu necə etdi, biz də ondan geri qalmamalıyıq.” Bu sosial yarış ailələri borca sürükləyir, illərlə ödənilən xərclərə çevirir.

Yas mərasimlərinə xərclənən pullar milyonlarla manata çatır. Halbuki həmin vəsait uşaqların təhsilinə, gənc ailələrin mənzil probleminin həllinə, kiçik bizneslərin qurulmasına sərmayə ola bilərdi. Hər dəbdəbəli süfrənin arxasında gizli borc yükü var və bu borcu illərlə ödəyən insanlar var".

Əliməmməd Nuriyevin fikrincə, məsələnin həll yolu qadağalarda deyil, şüurun dəyişməsindədir:

"Restoranların şəffaf qiymət siyasəti, din xadimlərinin sadəliyi təbliğ etməsi, ziyalıların nümunə göstərməsi, medianın dəbdəbəni yox, sadə mərasimləri işıqlandırması mühüm addımlardır. Yas mərasimlərini sadə dua və xatirə toplantısı kimi keçirmək, 3, 7, 40 və il mərasimlərini birləşdirmək, təmtəraqlı süfrə əvəzinə sadə ehsanla kifayətlənmək, “məcburi pay” təzyiqini aradan qaldırmaq həm ailələrin yükünü yüngülləşdirər, həm də cəmiyyətin sosial normalarını sağlamlaşdırar".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR