Onlayn ictimai-siyasi qəzet
Qurumun məlumatına görə, təyyarə üçün ümumilikdə 1,003 milyard rubl məbləğində sığorta vəsaiti ayrılıb. Həmçinin qəza nəticəsində həlak olan və xəsarət alan sərnişinlərin ailələrinə bu günə qədər 358,4 milyon rubl ödəniş həyata keçirildiyi açıqlanıb."15 Rusiya vətəndaşından 7-si, 38 Azərbaycan vətəndaşından 35-i, Qırğızıstan vətəndaşlarından 3-ü, Qazaxıstan vətəndaşlarından 6-nın hər birinə vəsaitlər tam ödənilib", - açıqlamada bildirilib.
Qəza zamanı həlak olan milli qəhrəman Hökumə Əliyevanın atası Cəlil Alıyev isə Modern.az-a bildirib ki, Rusiya onun ailəsinə heç bir ödəniş etməyib: “Nə vaxt sığorta ödənişi ediblər?! Bizim xəbərimiz yoxdur, yalan söhbətdir”.
AZAL-ın qəzaya uğrayan təyyarəsinin sağ qalan əməkdaşı, bələdçi Zülfiqar Əsədov da kompensasiya ödənişi ilə bağlı xəbərlərin həqiqət olmadığını deyib. O, Teleqraf-a açıqlamasında yayılan iddiaları yalanlayıb:
“Yalan məlumatdır. Mənə və digər bələdçi Aydan Rəhimliyə sığorta ödənişi olunmayıb. Bizə Rusiya tərəfindən heç nə verilməyib və Rusiya tərəfindən kimsə bizimlə əlaqə saxlamayıb”.
Qeyd edək ki, 2024-cü il dekabrın 25-də baş verən qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Ayxan Hacızadə
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi ilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən 4 sentyabr tarixli açıqlama təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti çaşdırır. O, qeyd edib ki, AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarənin vurulması ilə bağlı ölkəmizin Rusiya hökumətindən kompensasiya tələb etməsi məsələləri tamamilə fərqli mövzulardır: “Sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişlərinin təşkili prosesi artıq 6 aydır həyata keçirilir. Ümumilikdə, bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir. Ödənişlərin məhz Rusiya sığorta şirkəti tərəfindən həyata keçirilməsi məsələsinə gəldikdə, qeyd edək ki, adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir. Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyini nəzərə alaraq, AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb. Beləliklə, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil”.
Ayxan Hacızadə bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur: “Bununla yanaşı, Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərində azərbaycanlıların döyülərək qətlə yetirilməsi münasibətlərdə əlavə gərginlik yaradıb. Bununla yanaşı, Rusiyanın müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti münasibətlərə mənfi təsir edən amillər sırasındadır.
Natiq Ələsgərov
“Bakı” hüquq şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a dediyinə görə, Azərbaycana məxsus mülki sərnişin təyyarəsinin hərbi hədəf kimi vurulması faktının ortadadır və bu, beynəlxalq hüququn ən ciddi pozuntularından birinə çevrilib: “Burada söhbət dövləti məsuliyyətidən gedir. 1944-cü il tarixli Çikaqo konvensiyası mülki aviasiyanın əsas konstitusiyası sayılır. Konvensiyaya görə, dövlətlər mülki təyyarəni hərbi vasitələrlə vurmaq hüququna malik deyillər. Bu, açıq şəkildə qadağan olunub. Əgər belə bir hal baş veribsə, pozuntuya görə üzr istəmək və məsuliyyəti tanımaq, tam kompensasiya ödəmək, zərərin bərpası üçün bütün vasitələri təmin etmək öhdəliyi yaranır.
Məsələn, 1983-cü ildə SSRİ Yaponiya üzərində Cənubi Koreyanın sərnişin təyyarəsini vurdu, nəticədə 269 nəfər öldü. SSRİ uzun müddət məsuliyyəti rədd etdi, lakin beynəlxalq təzyiqlərdən sonra məsuliyyətini qəbul etdi.
2014-cü ildə Ukrayna üzərində Rusiya tərəfindən dəstəklənən qüvvələr Malayziyaya məxsus sərnişin təyyarəsini zenit-raket kompleksindən açılan atəşlə vurdu. Nəticədə 298 nəfər sərnişin öldü. Niderland məhkəməsi məsuliyyəti Rusiyanın üzərinə qoydu, zərərçəkənlərin ailələrinə kompensasiya ödənilməsinə qərar verdi.
Bu presedentlər göstərir ki, mülki təyyarəni vurmaq dövlətin beynəlxalq məsuliyyətini mütləq şəkildə yaradır.
Rusiya Azərbaycan sərnişin təyyarəsini vurmaqla, Çikaqo konvensiyasını və beynəlxalq humanitar hüququ kobud şəkildə pozub. Bu halda hadisə sadəcə “sığorta hadisəsi” ola bilməz, çünki sığorta yalnız texniki qəzalar və fors-major hallara aiddir. Burada isə Rusiya dövlətinin qanunsuz hərbi əməliyyatı var. Azərbaycan tərəfi haqlı olaraq beynəlxalq hüquqa əsaslanaraq Rusiya Federasiyasının rəsmi üzr istəməsini, həm həlak olanların ailələrinə, həm də təyyarənin məhv edilməsinə görə kompensasiya ödənilməsini, günahkar şəxslərin (əmri verən və icra edən hərbçilərin) cinayət məsuliyyətinə cəlb olunması tələb edir.
Rusiyanın ötən aylar ərzində üzr istəməkdən, kompensasiya ödəməkdən yayınması tam qanunsuzdur. BMT-nin hüquq qaydalarına görə, beynəlxalq hüququn pozulmasına görə öhdəlikdən yayınmaq olmaz. Bu, ümumbəşəri xarakter daşıyan - “erga omnes” öhdəlikdir. Sığorta ödənişləri məsuliyyəti əvəz etmir, hətta əgər sığorta şirkəti qismən kompensasiya ödəyibsə, bu, dövlətin beynəlxalq məsuliyyətini ortadan qaldırmır. Rusiya bəzi vətəndaşlara ödəniş etdiyini deyib. Tutaq ki, belədir. Fakt odur ki, Azərbaycan vətəndaşları olan qurbanların hüquqi varislərinə və zərərçəkənlərə kompensasiya ödənməyib. Bu, beynəlxalq hüquqda ayrı-seçkilikdir və hüquqi baxımdan yolverilməzdir.
Bu baxımdan Azərbaycanın üzrxahlıq və kompensasiya tələb etmək hüququ var. Həm dövlət olaraq (diplomatik nota, beynəlxalq məhkəmələrə müraciət), həm də zərərçəkmiş fərdlərin Avropa İnsan Haqları Məhkəməsinə müraciəti ilə təmin olunmalıdır.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ