Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Akif İslamzadənin Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordenilə təltif olunması ilə bağlı sərəncam imzalayıb.
75 yaşlı Akif İslamzadə "Şöhrət" ordeni alması ilə bağlı təəssüratlarını Musavat.com-la bölüşüb.
Müğənni bu mükafata layiq görülməsinin onun üçün sürpriz olduğunu deyib:
"Əgər 15 dəqiqə əvvəl mənə zəng etsəydiniz, deyəcəkdim ki, xəbərim yoxdur. Böyük təəccüb və sevinc içərisindəyəm. Buna görə Prezidentimizə, xalqıma təşəkkür edirəm. Bu, 75 yaşıma qədər aldığım ilk mükafatdır".
Akif İslamzadə bir müddət sonra 75 illik yubileyini qeyd edəcəyini bildirib:
"75 yaşımı ailə içərisində qeyd etdim. Amma yubileyimi bir neçə ay sonra bir qədər geniş şəkildə qeyd etməyi düşünürəm. Hazırda havalar çox istidir, üstəlik, Məhərrəmlik ayıdır, ona görə də yubileyimi keçirməmişəm. O ki qaldı bu yaşımda özümə arzuma, Allahdan cansağlığı diləyirəm".
Qeyd edək ki, Akif İslamzadə 8 avqust 1948-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycanın məşhur xanəndəsi Sara Qədimovanın ailəsində dünyaya göz açan Akif İslamzadə 12 yaşında Azərbaycan Televiziya və Radiosunun uşaq xorunun solisti kimi çıxış edib. Daha sonra Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayan Akif İslamzadə müxtəlif illərdə Azərbaycan Dövlət Tele-radio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində, Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi vəzifəsində işləyib. Mahnılarından "Sarı gəlin" və "Bu gecə" diqqəti cəlb edib.
1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib. Onkoloji Mərkəzdə 6 aylıq müalicələrdən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb. Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.
Müğənni 2016-17-18-ci illərdə Prezident Mükafatına, 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Xalidə Gəray
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ