Onlayn ictimai-siyasi qəzet
Kolbasa şirkətləri əhaliyə nə yedirir; ekspertdən çağırış: “Bu müəssisələr qapıları bağlı, heç kimin nəzarət edə bilmədiyi bir yerə çevrilib”
Ölkədə kolbasa istehsal edən firmalar, deyəsən, “yarışa” giriblər ki, hansı daha çox keyfiyyətsiz məhsul satışa çıxaracaq. Xüsusən də son günlərdə bir neçə şirkətin məhsulunun içərisindən dəmir parçalarının çıxması faktı göstərir ki, həmin müəssisələrin fəaliyyəti yoxlanılmalı, hətta bu minvalla qapısına möhür vurulmalıdır.
Misal üçün, “Halal Zəhmət” firmasının kolbasasından dəmir parçası çıxıb. Bu barədə sosial şəbəkədə aparıcı Nübar Əbil şikayət paylaşıb. Şikayətçi bildirib ki, bu kolbasanı almayın: “Görün bizim kolbasalar hansı şəraitdə, necə iyrənc vəziyyətdə ərsəyə gəlir. Bu kolbasanın artıq yarısı yeyilib, bu məsələyə görə "Halal Zəhmət" firması heç məsuliyyət daşıyırmı? Bundan cəmi bir neçə gün əvvəl “SAB” şirkətinin məhsulundan dəmir parçası çıxmışdı".
Ümumiyyətlə, kolbasa və sosis məhsullarından şikayətlər çoxdur. İnternet resurslarında çoxsaylı sübutlara rast gəlmək olar. Təkcə bu iki fakt deyil. Həmin məhsulların tərkibi, keyfiyyəti, hansı inqridentlərdən hazırlanması problem olaraq qalmaqdadır. İnsanların və xüsusən də uşaqların çox sevdiyi bu məhsulların gələcəkdə onkoloji xəstəliklərə də yol açdığı haqda həkimlər dəfələrlə çağırışlar ediblər. İndi isə kolbasaya ət də yox, metal qatıldığı üzə çıxmaqdadır...
Belə hallarda insanlar nə etməlidir? Hansı şirkətlərin kolbasa-sosislərinə etibar eləmək olar?
Eyyub Hüseynov
İstehlakçı hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “2013-cü ildə Amerikanın bir beynəlxalq təşkilatı Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması ilə bağlı ölkəmizdə Azərbaycan mallarının rəqabətə davamlılıq layihəsini həyata keçirirdi. 5 illik bir layihə idi. Layihənin sonunda həmin beynəlxalq qurum bizə müraciət etdi ki, Azərbaycan istehlakçılarının qida təhlükəsizliyi nişanını müəyyən edək. Beynəlxalq və yerli ekspertlərin köməyini bəzi müəssisələrə verək ki, istehlakçılar bu mallara üstünlük versinlər. Bizim əməkdaşlara müəyyən treninqlər keçirildi. Nəticədə belə bir nişan dövlət qeydiyyatına alındı, dövlət orqanlarına məlumat verildi. SAB və "Zəhmət Ruzi" eyni şirkətlərdir. Biz 5 müəssisəyə, o cümlədən SAB və “Zəhmət Ruzi”yə bu nişanı verdik. Hazırda SAB süd məhsullarının üzərində Azad İstehlakçılar Birliyi tərəfindən təsis edilmiş qida təhlükəsizliyi nişanı var. Həmin nişanın tələblərinə görə ildə bir dəfə orada monitorinq keçirilməli, qiymətləndirmə olmalıdır və sairə. Lakin nişan veriləndən sonra SAB, “Zəhmət Ruzi” heç kəsi yaxın buraxmadı. Orada biz 2013-cü ildən bəri bir dəfə də olsun baxış keçirə bilməmişik. Heç kəs orada baxış keçirə bilmir. Lakin nişandan istifadə olunur. Və bu onu bir daha göstərir ki, bu özünü bağlı-qapalı elan etmiş bir müəssisədir. Heç kəs burada monitorinq apara bilməz, baxış apara bilməz, hətta beynəlxalq təşkilat səviyyəsində verilmiş nişanın nə vəziyyətdə olduğunu yoxlamaq da mümkün deyil. Təəssüf ki, belə hallar var. Bizim ofisimizdə kolbasa məhsullarının içərisindən insan dişinin çıxması, tük çıxması da olub. Dəmirin çıxması isə çox qeyri-adi bir haldır. Onu qeyd edim ki, özünə hörmət edən əhəmiyyətli müəssisələrdə metal detektor deyilən cihaz olur. Əgər orada onun tərkibində metal varsa, onu müəyyən edir və o məhsulu kənara atır. Deməli, belə çıxır ki, həmin müəssisədə tam antisanitar vəziyyət var ki, ora hətta metal qırıntısı da düşür. Düzdür, bəzən həmin məhsullar rəqabətdə olan müəssisənin də işi ola bilər, yaxud oradan qovulmuş adamlarının da işi ola bilər. Lakin birmənalı deyim ki, SAB və ya “Zəhmət Ruzi” müəssisəsi qapıları bağlı, heç kimin nəzarət edə bilmədiyi bir müəssisəyə çevrilib. Belə bir şəraitdə AQTA-nın işi tənqid olunmalıdır. Əslində agentliyin əsasnaməsində cəld yoxlama imkanları yoxdur. Onun əsasnaməsi dəyişməlidir. Hökumətin biznes qurumlara müdaxilənin qarşısının alınmasına dair siyasətini biz də dəstəkləyirik. Biznes qurumlara heç kəs rüşvət verməməli, onlara heç kəs müdaxilə etməməlidir, çünki o verilən rüşvətlər də nəticədə istehlakçıdan çıxır. Lakin qida sahəsində dövlət qurumları tərəfindən cəld müdaxilələr təmin olunmalıdır. Çox təəssüf ki, belə bir müdaxilə mümkün deyil. Heç bir dövlət qurumunun ixtiyarı yoxdur ki, xəbərdarlıq etmədən yoxlama keçirsin. Başqa sözlə, AQTA-nın əl-qolunun bağlı olduğu bir şəraitdə belə hallar müşahidə olunur. Çox təəssüflər olsun ki, Qida Təhlükəsizliyi Agentliyi malların təhlükəsizliyini təmin edir, keyfiyyət məsələsi isə hələ də masanın üstündə qalıb. Demək olar ki, keyfiyyətlə heç kəs məşğul olmur. Və belə müəssisələrə vəziyyətdən sui-istifadə edilir. İstisna olunmur ki, qeyri-ənənəvi heyvan ətləri bəzi ət istehsalı müəssisələrində rast gəlinə bilər. Ölkənin əmtəə bazarında çox sayda təsirsiz kolbasa-sosiska məhsulları var. Xüsusən ana marketlərdə bunlar satılır".
Ekspert əlavə edib ki, birinci növbədə insanlar, istehlakçılar diqqətlə kolbasaların etiket məlumatlarını oxumalıdır: “Orada şübhəli bir məqam görərlərsə, bu zaman maldan şübhələnə bilərlər. Ümumiyyətlə, xaricdən gələn kolbasa-sosiska məmulatlarında etiket məlumatları Azərbaycan dilində deyilsə, belə məmulatdan imtina etsinlər. Xüsusən Rusiyadan, Ukraynadan və digər ölkələrdən gələn kolbasalarda ehtiyatlı olsunlar. Ən çox təhlükəli kolbasalar onlardır. Çünki onlar uzaq yol gəlmək üçün çoxlu kimyalaşır. Baxmayaraq ki, sanki dadları yaxşıdır. Hər halda, bütün hallarda yerli mallara üstünlük versinlər, yəni istehlakçı etiket məlumatından qaynaqlana bilər. Üstəlik, hansı malın buraxılma tarixində yararlılıq müddəti arasındakı məsafə azdırsa, o mala üstünlük versinlər”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ