Onlayn ictimai-siyasi qəzet
Xəbər verildiyi kimi, Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) aprelin 6-da Ankarada fövqəladə qurultayını keçirib. CHP sədri Özgür Özəl 1171 səslə yenidən partiyanın rəhbəri seçilib. 105 səs etibarsız sayılıb.
CHP-nin qurultayına keçmiş partiya liderləri Altan Öymen, Hikmət Çətin, Kamal Kılıçdaroğlu və keçmiş SHP Partiya lideri Murat Karayalçın, bələdiyyə başçıları, fəxri üzvlər və nümayəndələr qatılıb. Konqres zalında Özgür Özəlin yanındakı yer İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri vəzifəsindən uzaqlaşdırılan Əkrəm İmamoğlu üçün ayrılıb.
Özgür Özəlin təzədən CHP sədri seçilməsi hansı anlama gəlir? Qarşıdakı dönəmdə Ərdoğan hakimiyyətinin əsas rəqibinin dəqiqləşdiyini söyləmək olarmı?
Əhəd Məmmədli
AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, Kamal Kılıçdaroğlunun namizəd olmayacağı bildiriləndən sonra Özgür Özəlin yenidən CHP başqanı seçilməsi gözlənilən idi: “Özgür Özəl CHP-nin ənənəvi milli-kamalist qolunun deyil, daha çox kapitala söykənən liberal, kosmopolit cərəyanının nümayəndəsidir. Onu CHP-nin əvvəlki başqanları olan Kamal Kılıçdaroğlu və Dəniz Baykaldan fərqləndirən də yuxarıda qeyd etdiyim nüansdır. Fikrimcə, CHP-nin transformasiyası gedir. Yəni yeni siyasi cildə girirlər. Özgür Özəl-Əkrəm İmamoğlu cütlüyü klassik sol-kamalist CHP-dən uzaqlaşıb, burjuaziya, oliqarxiyaya dayanıqlı bir partiya qurmaq istəyirlər. Onlar elə düşünürlər ki, daxildən kapitala, xaricdən isə Qərb dövlətlərinin dəstəyinə söykənməklə CHP-ni nəhayət ki, iqtidara gətirəcəklər. Bu yolun CHP üçün nə qədər uğurlu olacağını zaman göstərəcək”.
Ə.Məmmədli hesab edir ki, CHP-nin ənənəvi yöntəmdən çıxarılması yanlış addımdır: “CHP və müttəfiqlərinin son bələdiyyə seçkilərində qələbə çalması, ardınca partiya qurultayında İmamoğlunun projesi sayılan Özəlin qalibiyyəti ana müxalifətin içdən dəyişməsinə təkan verdi və yenilənmə prosesini sürətləndirdi. Bəzi CHP-çilərin rəsmi şikayətindən sonra İmamoğlunun korrupsiyada ittiham olunması və ardınca həbs edilməsi partiya üçün yeni situasiya yaratdı. Ola bilsin ki, belə bir vəziyyəti kamalist düşərgəsində gözləyirdilər və buna hazır idilər. Çox güman ki, İmamoğlu və Özəlin bu cür gedişatdan, yəni həbs duyumları ola bilərdi. Əks halda, İmamoğlu özünü CHP-nin prezidentliyə vahid namizədi elan etməzdi”.
Ekspertin fikrincə, Özəlin yenidən başqan seçilməsi partiyada yeni kursun dəstəklənməsi anlamına gəlir: “O deməkdir ki, klassik-solçu kamalizmi kapitalist-liberal CHP əvəzləyir. Düşünürəm ki, İmamoğlu-Özəl cütlüyü CHP-ni solçu-xalq partiyasından çıxarıb sekulyar - oliqarxik təşkilat edir. Necə deyərlər, siyasət bahalı oyundur. Müasir siyasətdə isə pulsuz ciddi-real durum mümkünsüzdür. İndi CHP, görünür, təkcə ənənəyə, keçmişə deyil, həm də populizm və böyük maliyyəyə söykənir”.
Ə.Məmmədli istisna etmir ki, İmamoğlunun cinayətləri sübut olunacağı və uzunmüddətli həbs olunacağı təqdirdə Özəlin prezidentliyə namizəd yolu açıla bilər: “Düzdür, CHP-də Özəl və İmamoğlu üçün Mansur Yavaş əngəli də var. Mansur Yavaş Əkrəm İmamoğlu kimi CHP-yə sonradan gəlib. Özəldən fərqli olaraq Yavaş da İmamoğlu kimi CHP şinelindən çıxmayıb. Yavaşın bir MHP keçmişi var”.
Kənan Rövşənoğlu
Siyasət yazarı Kənan Rövşənoğlu hələ ki Özəlin namizəd olma şanslarını partiyada üçüncü görür: “Bilindiyi kimi, istintaq orqanları CHP-nin sonuncu qurultayında nizamnaməyə və qanunlara zidd hərəkətlərin olması ilə bağlı tədqiqata başlamışdı. İddia edilirdi ki, partiyadan bununla bağlı şikayət edilib. Bu isə o demək idi ki, hakimiyyət CHP-dəki qurultayın nəticələrinin saxtalaşdırıldığını əsas gətirərək qurultay nəticələrini ləğv edə və partiyaya müvəqqəti olaraq sədr əvəzi qəyyum təyin edə bilər. Bu planın qarşısını almaq, yəni qəyyum təyinatını pozmaq üçün CHP rəhbərliyi növbədənkənar qurultay elan etdi, sədr və yeni rəhbərlik seçdi. Bununla da faktiki olaraq qurultayla bağlı təhqiqat işi pozuldu. CHP-nin sədri Özgür Özəl olsa da, prezidentliyə namizəd Əkrəm İmamoğludur. Martın 23-də keçirilən praymerizdə bununla bağlı qərar yekdilliklə, özü də təkcə CHP üzvləri deyil, ölkə əhalisinin mühüm bir çoxluğu tərəfindən qəbul olunub. Ümumiyyətlə, əvvəldən CHP-də prezidentliyə namizəd kimi iki nəfərin adı çəkilirdi. İmamoğlu və Ankara meri Mansur Yavaşın adı. Hətta bəzi rəy sorğularında Yavaş İmamoğlunu qabaqlayır. Ancaq Yavaş praymerizə ehtiyac görmədi və ilkin seçkilərə qatılmaqdan imtina etdi. Özəlin isə reytinqi əvvəldən də yüksək deyildi, üstəlik, ehtimal olunurdu ki, Özəlin CHP sədri seçilməsi zamanı İmamoğlu və Özəl arasında razılaşma olub. Yəni indiki halda Özəlin prezidentliyə namizəd olması ilə bağlı hər hansı söhbət yoxdur”.
Təhlilçiyə görə, növbədənkənar seçkilər olsa belə, əsas namizəd İmamoğludur, ehtiyat namizəd isə Mansur Yavaş: “Ancaq son hadisələr də göstərdi ki, Özəl cəsarətlidir və partiyanın hakimiyyətə qarşı dinc mübarizəsini təşkil edə bilir. Bu da onu lider kimi tanıtdı. Ancaq dediyim kimi, Özəl bütün rəy sorğularında İmamoğlu və Yavaşdan geridədir. Və hazırda İmamoğlunun azad edilməsi üçün CHP-nin başçılığı ilə ictimai kampaniya davam edir”.
Taleh Şahsuvarlı
Siyasi şərhçi Taleh Şahsuvarlı hesab edir ki, Türkiyədə siyasi gündəm yaxın gələcəkdə daha da qızışacaq: “Özgür Özəlin sədr olacağını hələ Kılıçdaroğlunun "qılıncının dalı da, qabağı da CHP-də kəsəndə" proqnozlaşdırmışdım. Onun başçılığı ilə CHP qarşıdakı dövrdə sözün əsl mənasında iqtidar mübarizəsi aparacaq. Hazırda şanslar tən yarıdır: 42:42%.
Türkiyənin növbəti prezidenti 10% sağ mərkəzdən səs alacaq namizəd olacaq. Əgər İmamoğlu həbsdən çıxmasa və ya diplom məsələsi hüquqi baxımdan çözülməsə, partiya seçkiyə Özgür Özəlin namizədliyi ilə getsə, sağ mərkəzçi elektoratdan 10% səs ala bilərmi? Ala bilər. Əgər diqqət edirsinizsə, o, hər fürsətdə CHP-nin Atatürkün partiyası olduğunu vurğulayır və bu amil üzərindən sağ mərkəzə açılmaq istəyir. Ərdoğanın özünün və ya AKP-nin başqa bir namizədinin həmin 10% səsi almaq imkanı varmı? Var! Odur ki, Türkiyədə siyasi gündəm son dərəcə qızğın və gərgin olacaq".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ