Onlayn ictimai-siyasi qəzet
“Birinci və İkinci Qarabağ müharibələrində ermənilərin törətdikləri vəhşiliklərdən biri də mina terroru idi. Bu gün erməni vandalları torpaqlarımızı tamamilə tərk etsə də, onların izləri hələ qalmaqdadır”.
Bunu Musavat.com-a açıqlamasında deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.
Məlum olduğu kimi, təkcə son həftədə baş verən dəhşətli hadisələr nəticəsində bir hərbçimiz şəhid olub, uşaqlar daxil olmaqla, bir neçə mülki şəxs, o cümlədən ANAMA-nın əməkdaşı yaralanıb. Müharibədən keçən beş ilə yaxın müddətdə Ermənistanın hələ də mina xəritələrini Azərbaycana təhvil verməməsi fəaləkətlərin miqyasını genişləndirir. 44 günlük Vətən müharibəsindən sonra 400-ə yaxın vətəndaşımızın mina qurbanı olması faktı rəsmi İrəvanın bu hadisələrə seyrçi münasibətinin və beynəlxalq hüquqa məhəl qoymamasının məntiqi nəticəsidir.
Arzu Nağıyev da Qarabağda mina terrorunun davam etdiyini vurğulayıb:
“İkinci Qarabağ müharibəsindən indiyədək 400-ə yaxın Azərbaycan vətəndaşı bu ərazilərdə minaya düşərək şəhid olub, yaxud müxtəlif dərəcəli xəsarətlər alıb. Ötən ilin statistikasına əsasən, işğaldan azad edilmiş ərazilərdə 6000-dən çox mina zərəsizləşdirilib. Lakin işğaldan azad olunmuş ərazilərin minalardan tamamilə təmizlənməsi üçün 20 ilə yaxın zaman lazımdır. Ermənistan isə mina xəritələrini təqdim etməməklə vəziyyəti daha da çətinləşdirir”.
Komitə sədri hesab edir ki, Ermənistan bu hərəkətinə və yaxud hərəkətsizliyinə görə beynəlxalq məhkəmə qarşısında Azərbaycana cavab verməlidir:
“Digər bir məqam ondan ibarətdir ki, Ermənistan minalanmış ərazilərin xəritələrini qaytaracağı təqdirdə bu xəritələrin həqiqət payına inanmaq olarmı? Təcrübə göstərdi ki, olmaz. Məlumdur ki, 2021-ci ildə Rusiyanın təşəbbüsü ilə Ermənistan Füzuli və Zəngilan rayonlarında basdırdırılan minaların xəritələrini Azərbaycana vermişdi. Lakin zaman və statistika göstərdi ki, o xəritələrin düzgünlük payı 25 faiz belə deyil. Bu kimi halları nəzərə alaraq məsələnin beynəlxalq müstəvidə həllini tapması ən doğrusudur.
Beynəlxalq təcrübə göstərir ki, postmüharibə dövründə minalanmış ərazilərin xəritələri qarşı tərəfə təqdim olunmalıdır. Lakin Ermənistan beynəlxalq normalara məhəl qoymur. Məsələyə beynəlxalq müstəvidə baxdıqda, Ermənistan bu hərəkətsizliyi ilə beynəlxalq humanitar hüquq normalarını pozur”.
Bəs nə etməli? A.Nağıyev: “Belə olan halda beynəlxalq təşkilatlar Ermənistan qarşısında konkret tələblərlə çıxış etməlidirlər. Lakin beynəlxalq diplomatik təşəbbüslər bu günə qədər iki dövlət arasında daha çox destruktik fəaliyyəti ilə ön plana çıxıb. Beynəlxalq təşkilatlar Azərbaycan və Ermənistan arasında daha konstruktiv müzakirələr aparmalı, mövcud problemlərin həllinə yönəlik addımlar atmalıdır. Məsələyə beynəlxalq aktorların dırnaqarası münasibəti vəziyyəti daha da qəlizləşdirir. Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regionda sülh və sabitliyi təminatı deməkdir”.
Arzu Nağıyev bir mühüm məqama da diqqət çəkərək qeyd edib ki, Qarabağ ərazisində Rusiya sülhməramlıları olan vaxtlarda da minalar basdırılıb və onlar bundan xəbərdar idilər:
“Deməli, Rusiya tərəfi də birbaşa cavabdeh və xəritələrin təqdim edilməsində məsuliyyət daşıyır. Odur ki, Kreml Ermənistana təzyiq göstərməlidir. Hazırda Bakıda məhkəməsi keçirilən separatçı “rəhbərlər” də bu xəritələrdən xəbərdardırlar və öz məsuliyyətlərini dərk etməlidirlər”.
E.Paşasoy,
Musavat.com
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ