Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanla Türkiyə arasındakı ticarət dövriyyəsi yalnız tekstil malları ilə məhdudlaşmır. Türkiyədən idxal etdiyimiz mallar arasında müxtəlif sənaye tipli qazanlar, çənlər, maşınlar, mexaniki cihazlar, nüvə reaktorları və onların hissələri ilk sırada yer alır. Bunların ardınca, elektrik və elektronik avadanlıqlar, səs yazıcıları və ötürücüləri, onların ehtiyat hissələri yer tutur”.
Bu fikirləri Musavat.com-a iqtisadçı-alim Vüsalə Əhmədova deyib.
O vurğulayıb ki, mühərrikli nəqliyyat vasitələri, traktor və velosipedlər, plastik məmulatlar, dəmir-polad məmulatları, inşaat materialları, gigiyenik və kosmetik vasitələr və qida məhsulları da idxalda əhəmiyyətli yerə malikdir:
“Türkiyəyə ixrac etdiyimiz mallar arasında isə xam pambıq, pambıq iplik, pambıq parçalar və alüminium məmulatları yer alır. Həmçinin iki ölkə arasında enerji və nəqliyyat daşımaları sahələrində də intensiv əməkdaşlıq mövcuddur. İki ölkə arasındakı 2024-cü ilin ticarət həcminə nəzər yetirsək, Azərbaycan Türkiyəyə 3,8 milyard ABŞ dolları dəyərində mal ixrac edib, Türkiyədən isə 2,3 milyard ABŞ dolları həcmində mal idxalı həyata keçirib. 2023-cü ilin göstəriciləri ilə müqayisə etsək, idxalda 18,8 milyon dollarlıq atım olduğu halda, əksinə ixracda 1,5 milyard dollarlıq azalma baş verib. Türkiyədən hazır geyim idxalının azalmasına gəlincə, bunun səbəbini qiymətlərin yüksəlməsində görürəm. Xaricdən gətirilən xammalın dəyəri məzənnə fərqindən dolayı Türkiyə istehsalçıları üçün baha başa gəlir, bu da dolayı olaraq qiymətlərə sirayət edir”.
Ekspertin sözlərinə görə, Çində tekstil məmulatlarının qiymətləri Türkiyədən kifayət qədər aşağıdır:
“Bu səbəbdən alternativ bazar olaraq Çinə yönəlmə baş verir, hansı ki, Azərbaycanın idxalında Çin ilk sırada yer alır. Bundan əlavə, hazırda Azərbaycana inteqrasiya edilmiş istehsal həyata keçirən toxuculuq fabriklərinin funksional imkanlarının artmış ola biləcəyini düşünürəm ki, bu da hazır geyim sahəsində xaricdən gətirilən məhsullara tələbatı azalda bilər”.
Nigar HƏSƏNLİ,
Musavat.com
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ