Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahu Donald Trampın təkidli tələblərindən sonra ABŞ-a gedib və iki ölkə lideri arasında görüş baş tutub. Böyük ehtimalla, Tramp onu Türkiyə ilə çox höcətləşməməsilə əlaqədar xəbərdarlıq etmək üçün yanına çağırıb.
Siyasi şərhçi Heydər Oğuz Musavat.com-a açıqlamasında belə deyib.
Onun sözlərinə görə, Netanyahunun dərhal və təcili şəkildə Ağ Evə çağırılması Təl-Əvivdə də ciddi narahatlıqla qarşılanıb:
“İsrail mediasının yazdığına görə, görüşün dərhal keçirilməsini ABŞ prezidentinin Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoff istəyib. Nümayəndə danışıqları sürətləndirməkdə israrlı olub və Netanyahu ilə Ağ Evdəki iclaslara qatılacağını bildirib. Bu da istər-istəməz Təl-Əvivdə narahatlıq yaradıb. Təl-Əvivdə bu tələskənliyin səbəbini anlamaqda çətinlik çəkirlər və bunun xeyrə əlamət olmadığını düşünürlər.
Məlumata görə, ABŞ və İsrail liderlərinin tələm-tələsik keçirilən görüşündə 5 əsas məsələ müzakirə olunub: İranla münasibətlərə aydınlıq gətirilməsi; Qəzzada əsir tutulan israillilərin taleyi; Trampın İsrailə tətbiq etdiyi 17 fazilik gömrük rüsumu; Netanahuya qarşı qaldırılan Beynəlxalq Ədalət Məhkəməsinin qərarı və Türkiyə ilə İsrail arasında son zamanlar kulminasiya nöqtəsinə yüksələn gərginliklər”.
Heydər Oğuzun fikrincə, Netanyahunun Ağ Evə təcili çağırılmasının əsas səbəbi məhz 5-ci məsələ ilə bağlı ola bilər:
“Çünki digər məsələlərlə bağlı ABŞ-la İsrail arasında elə də ciddi fikir ayrılığı yoxdur və onları təciliyyət şərti olmadan da çözmək mümkündür. Türkiyə-İsrail arasındakı gərginliyin getdikcə böyüməsi isə zaman gözləmir və ABŞ-ın himayəsinə arxayın olub ərköyünləşən İsrail yetkililərinin məsuliyyətsiz açıqlamaları iki dövlət arasında böyük qalmaqallara yol aça bilər”.
İsrail rəsmilərinin Türkiyəyə qarşı əndazələrini aşan sözləri və atdıqları bəzi addımların iki dövləti Suriyada qarşı-qarşıya gətirdiyini xatırladan siyasi şərhçi bildirib ki, Təl-Əvivin müxtəlif təxribatlarına qarşı təmkinli açıqlamalar verən Ankaranın bu mövqeyini yanlış anlayan israillilər israrla Türkiyənin və Suriyanın üzərinə gedirlər:
“Hətta az qala qardaş ölkəni müharibə ilə təhdid edirlər. Halbuki, NATO-nun ən güclü müttəfiqlərindən olan Türkiyə ilə İsrailin hərbi qüdrətlərini müqayisə etmək belə imkansızdır. Görünən budur ki, İsrail Türkiyə ilə hərbi gərginlikdə ABŞ-ın himayəsinə arxayındır... ABŞ öz kiçik müttəfiqinin qarşısını almasa, Türkiyə ilə İran vahid düşmənə qarşı birləşə bilər. Bu iki dövlətin İsrailə qarşı ittifaq qurması istər-istəməz ərəb ölkələrini də onların yanında yer almasının yolunu açar və ABŞ-ın da bölgədə təklənməsinə gətirib çıxarar. Bu da ilk növbədə regiondakı marağını gizlətməyən Çinin işinə yarayar.
Nəticədə onsuz da son zamanlar qeyri-populiyar siyasətləri ilə əksər dostlarıni itirən ABŞ-ın dünya geosiyasətində tamamilə təcrid olunmasını sürətləndirər. Görünür, bu perspektivlə üzləşmək istəməyən ABŞ lideri öz kiçik müttəfiqini təcili yanına çağırıb danmaq məcburiyyətində qalıb”.
Donald Trampın Netanyahu ilə görüşü zamanı Türkiyə prezidenti Ərdoğan barədə ağızdolusu təriflər söyləməsinin təsadüf olmadığını bildirən Heydər Oğuzun fikrincə, ABŞ lideri bu sözlərlə əslində öz israilli tərəf-müqabilinə bəzi mesajlar verirdi:
“Görüşdə Türkiyə ilə İsrail arasında ciddi problemlərin olduğunu söyləyən Netanyahuya Trampın cavabı xeyli sadə və konstruktiv oldu. Tramp dedi ki, əgər aranızda problem varsa, bunu birlikdə müzakirə edib çözə bilərik. Türkiyə prezidenti çox güclü və ağıllı adamdır.
Mənə də böyük sayğısı var. Mən də onu yüksək qiymətləndirirəm. Siz də ağıllı olsanız, biz məntiqli həll yolları ilə məsələləri yoluna qoya bilərik. Yəni bir növ Tramp Netanyahuya dedi ki, Ərdoğanla qarşı-qarşıya gəlmə, əks halda acınacaqlı nəticələr qaçılmaz ola bilər”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ