İnsanlara hürriyət, millətlərə istiqlal!

Separatçılarla danışıqlar aparaqmı?

Bu məsələnin həm də tarixi-psixoloji kökləri var. Çox da uzaq olmayan keçmişimizdə daim deyilirdi ki, Bakı heç bir halda və heç bir vaxt keçmiş Dağlıq Qarabağdakı separatçırlarla danışıqlar aparmayacaq. Ona görə ki, bu cür danışıqlar separatçıların tərəf kimi tanınması kimi başa düşülə bilər.

Bu səbəbdən də hər dəfə Xankəndidəki separtaçılarla danışıqlar söhbəti meydana gələndə insanların yadına həmin bəyanatlar düşür. Amma əbədi siyasi platformalar və əbədi siyasi bəyanatlar olmur, zaman çox şeyə korrektələr edir. Bu aspektdən yanaşanda etiraf etmək lazımdır ki, indi çox şey dəyişib. Azərbaycan Ermənistanla, eləcə də Xankəndi ilə danışıqların predmetini, hətta formatını ayırıb.

İrəvanla biz daha çox iki dövlət arasındakı sərhədlərin müəyyən edilməsi, ərazi bütövlüyünün tanınması, müvafiq dəhlizlərin yaradılması və bir də Ermənistanın silahlılarının keçmiş Dağlıq Qarabağdan çıxarılması ilə bağlı danışıqlar aparırıq.

Bu müstəvidə rəsmi Bakı açıq şəkildə bəyan edir ki, o, daha çox nəticəyə köklənib, digər detallar, prosesin hansı formatda getməsi onu bir o qədər də maraqlandırmır.

Xankəndi ilə danışıqlara gəldikdə, burada da format və predmet dəqiq müəyyən edilib. Birincisi, Bakı çox istərdi ki, separatçı rejimi təmsil edən insanlarla yox, keçmiş Dağlıq Qarabağın erməni icmasını təmsil edən şəxslərlə danışıqlar aparsın. Amma indiki şəraitdə belə bir ayırma – seleksiya aparmaq elə də asan məsələ deyil, odur ki, Bakı bu məsələni keçmiş Dağlıq Qarabağın erməni icmasının öhdəsinə buraxır. İkincisi, Bakı Xankəndi ilə danışıqları beynəlmiləlləşdirməməyə çalışır, buna görə də bu qəbildən olan müzakirələri yalnız və yalnız Azərbaycan ərazsində aparmağa cəhd edir. Üçüncüsü, bu vaxta qədər baş tutmuş və bundan sonra da olacaq danışıqların predmeti dəqiq və konkretdir – onlar yalnız keçmiş Dağlıq Qarabağ əhalisinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını nəzərdə tutur...

Bəli, hazırda mövcud olan tələblər budur. Əlbəttə ki, prosedə iştirak edən digər aktorlar ona korrektələr etməyə çalışır, görüşlərin keçirilməsi üçün digər ünvanlar və ya formatlar təklif edirlər: Qərb yeni ünvan təklif etsə də, öz formatında israr etmir, danışıqların ikitərəfli olmasını israr edir. Amma Rusiya məsələyə fərqli yanaşır. Ünvan məsələsində Rusiya elə də zəngin fantaziyaya malik deyil, hələki danışıqlar üçün Azərbaycan ərazisini təklif edir. Fəqət, özünü elə aparır ki, guya ondan başqa keçmiş Dağlıq Qarabağ ermənilərinin “təhlükəsizliyini” düşünən yoxdur, odur ki, prosesin üçtərəfli formatda getməsində maraqlıdır.

Qeyd edək ki, indi Yevlaxtda baş tuta biləcək görüşü də, səhv etmiriksə, Moskva təklif edib. Bəlkə də Moskvanın adınıın hallanmasının nəticəsidir ki, Azərbaycanda bu prosesə çox pessimist yanaşır və bunun sadəcə, vaxt itkisi olduğunu iddia edirlər. Bəli, biz otuz il Ermənistanla danışdıq və indi durub daha otuz il Xankəndi ilə danışmağa nə həvəs var, nə də ki vaxt!

Azərbaycanda insanların daha çoxu belə hesab edir ki, məsələ İkinci Qarabağ savaşı vasitəsilə, hərb yolu ilə ciddi şəkildə dəyişdiyindən elə savaş yolu ilə də başa çatdırılmalıdır, ən azı ona görə ki, nə Rusiya, nə də Ermənistan 2020-ci il Noyabr razılaşmalarında qəbul olunan öhdəliklərinə əməl etmir – Rusiyanın “sülhməramlıları” burada separatçı ermənilərə xidmət edir, Ermənistansa keçmiş Dağlıq Qarabağdakı minlərlə silahlısını oradan çıxarmır və yaxud da çıxarmağa tələsmir...

Sözsüz ki, azərbaycanlı müşahidəçilər və ya təhlilçilər haqlıdırlar. Ermənistanla otuz il ərzində aparılan danışıqlar bir nəticə versəydi, onu Dağlıq Qarabağ separatçıları ilə də başlamaq olardı.

Üstəgəl, bu illər ərzində biz daha çox elə Dağlıq Qarabağdakı hərbi xuntanın təmsilçilərilə danışıqlar aparmışıq. Koçaryan və ya Sarqsyan kim idi? Əlbəttə ki, erməni separatçılarının təmsilçiləri! Odur ki, erməni separatçıları ilə danışıqlarla bağlı tələblərə daha birini əlavə etməliyik: biz sonsuz müzakirələr aparmaq niyyətində deyilik.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR