İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Rusiyaya qarşı: dövlətə xəyanət ittihamı rekord həddə çatıb

 

2024-cü ilin ilk altı ayı ərzində Rusiyada dövlətə xəyanətə görə verilən hökmlərin sayı rekord səviyyəyə çatıb. “Vahid tarixlər” nəşrinin hesablamalarına görə, bu müddət ərzində 52 nəfər dövlətə xəyanət ittihamı ilə məhkum olunub, bu isə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,5 dəfə çoxdur.

Nəşr həmçinin, casusluqla bağlı maddələr üzrə verilən hökmlərin kəskin artdığını qeyd edir. Son altı ilin ilk yarısında Rusiyada məhkəmələr casusluq işləri üzrə ildə iki hökm çıxarıb, lakin 2024-cü ilin ilk altı ayı ərzində bu rəqəm 18-ə yüksəlib. Bundan əlavə, daha iki nəfər bu dövrdə xarici dövlətlə məxfi əməkdaşlıqla bağlı yeni maddələr əsasında məhkum edilib.

“Vahid tarixlər” həmçinin hərbi qulluqçulara qarşı verilən hökmlərin artdığını vurğulayıb: əgər 2023-cü ilin yanvar-iyun aylarında 2694 hərbçi məhkum edilmişdisə, bu il bu rəqəm 6 min nəfəri keçib. Keçən illə müqayisədə hərbi xidmətlə bağlı cinayətlərə görə məhkum edilənlərin sayı üç dəfə, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən əvvəlki dövrlə müqayisədə isə 7,5 dəfə artıb.

Artım həmçinin Rusiya ordusu haqqında "yalan məlumatlar" yaymaqla bağlı maddə üzrə də müşahidə edilib. 2024-cü ilin ilk altı ayı ərzində bu maddə üzrə 40 hökm çıxarılıb, bu isə keçən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur. Terrorizmə aid maddələr üzrə, məsələn, terrorizmin maliyyələşdirilməsi və ya terror təşkilatlarının fəaliyyətində iştirakla bağlı verilən hökmlərin sayı da artıb. 2024-cü ilin yanvar-iyun aylarında bu maddələr üzrə 366 hökm çıxarılıb, onlardan 152-si KİV vasitəsilə terrorçuluğu dəstəkləmə və ya təbliğ etmə ilə bağlı olan 205.2-ci maddənin ikinci hissəsinə aid olub.

Keçən həftə «Memorial» hüquq müdafiə mərkəzi də siyasi motivli məcburi “müalicəyə” göndərilən ən azı 49 nəfərin olduğunu xatırladıb. “Memorial”ın məlumatına görə, Rusiya hakimiyyəti repressiyalar üçün bəhanə kimi psixi sağlamlıq problemlərindən istifadə edərək, ittiham olunan şəxsləri psixiatriya müəssisələrinə göndərir. “Memorial” bu təcrübəni “ən dəhşətli nəticələrdən biri” adlandırıb: ittiham olunanlar fiziki zorakılıq, alçaldılma və onlara güclü dərmanların verilməsi barədə məlumat veriblər.

 

Nəsimi,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR