Onlayn ictimai-siyasi qəzet
Səfir Kopırkin ölkəsinin vasitəçiliyini tərəflər üçün faydalı olacağına inandırır; analitik: “Demək istəyir ki, Rusiyanın iştirakı olmadan məsələləri həll etməyin...”
Ermənistan sülh sazişinin tam razılaşdırılmış layihəsini Azərbaycan tərəfinə təqdim edib. “Yeni Müsavat” xatırladır ki, sentyabrın 9-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan belə deyib. XİN rəhbəri İrəvanın Bakıdan cavab gözlədiyini qeyd edib. Nazirin sözlərinə görə, Bakı və İrəvan sülh sazişinin 16 maddəsindən 13-nü tam, qalan 3-nü isə qismən razılaşdırıb: Ermənistan Azərbaycana onuncu təkliflər paketini təqdim edib".
“Hesab edirik ki, qısa müddətdə sülh sazişi imzalamaq və Cənubi Qafqazda uzunmüddətli sabitlik səhifəsini açmaq üçün real imkan var”, - o qeyd edib. Eyni gündə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Ermənistan tərəfi növbəti dəfə ictimaiyyətin fikirlərini real vəziyyətdən yayındırmaq məqsədi güdür. O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə sonuncu dəfə Azərbaycan tərəfindən iyun ayında təqdim olunmuş şərhlərə Ermənistan tərəfi avqust ayının sonunda, təqribən 70 gün sonra şərhlərini göndərib.
“Ermənistan tərəfi, Azərbaycanın təqdim etdiyi şərhlərə adekvat reaksiya vermək əvəzinə layihədə əks olunması zəruri olan müddəaları çıxarmaqla problemlərə göz yummağa cəhd göstərib. Layihə üzrə indiyə qədər bir çox müddəalar, yəni təqribən 80% razılaşdırılsa da, bəzi müddəaların razılaşdırılması hələlik mümkün olmayıb. Ancaq bu o demək deyil ki, Ermənistan tərəfi təklif etdiyi kimi, razılaşdırılmamış müddəaları layihədən çıxarmaqla saziş imzalanmalıdır. Bu, məqbul hesab edilə bilməz. Çünki sülh sazişinin davamlı və uğurlu olması üçün bir sıra istiqamətlərdə iki ölkə arasında problemli məsələlərə layihədə aydınlıq gətirilməlidir”,- XİN rəsmisi vurğulayıb. Onun sözlərinə görə, Azərbaycana qarşı ərazi iddialarını davam etdirən, keçmiş münaqişənin qalığı olan Minsk Qrupunun işinin bərpasına çalışan Ermənistanın “sülh sazişi”nin mətninin əhatə dairəsini azaldaraq onu hər bir formada imzalamağa çağırış etməsi bu ölkənin əsl niyyəti barədə bir çox suallar yaradır: “Saziş layihəsinin imzalanması üçün Ermənistan ilk növbədə hazırda ölkəmizə qarşı ərazi iddialarına istinad edən konstitusiyasında müvafiq dəyişikliklər etməlidir”.
Bu arada isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Bakı ilə İrəvan arasında sülh prosesindən danışıb. Rus səfir deyib ki, Moskva heç vaxt Bakı və İrəvan arasındakı danışıqlar prosesində ədalətli vasitəçi rolundan imtina etməyib. Onun sözlərinə görə, Rusiya dövlət başçısının Azərbaycana səfəri, liderlərlə telefon danışığı bunun təsdiqidir. Səfir iddia edib ki, İrəvan 2022-ci ilin sentyabrında Azərbaycanla sərhəddə vəziyyəti sabitləşdirmək üçün KTMT vasitəsilə bir sıra tədbirlər həyata keçirməyə razılaşsaydı, onun üçün risklər azalacaqdı. Kopırkin Avropa İttifaqının müşahidəçi missiyasının Ermənistan sərhədində kəşfiyyat məlumatı topladığını qeyd edib. Səfirin sözlərinə görə, Rusiya iki müttəfiqi arasında balanslı sülh müqaviləsinin imzalanmasına təhlükəsizlik arxitekturasının qurulması üçün imkan kimi baxır: “Biz ən yaxın qonşularımızın, tərəfdaşlarımızın və müttəfiqlərimizin ərazilərində danışıqların uğurunda, firavanlıqda və sülhdə səmimi maraqlıyıq”.
Bəllidir ki, İrəvan Rusiyanın vasitəçiliyindən imtina edir. Amma Rusiya səfiri iki ölkə arasında hansısa balanslı sülhdən danışır. Maraqlıdır, nə deməkdir bu balanslı sülh sazişi? Yəni Rusiya indiki şəraitdə bu balanslı sülhlə bağlı bəyanatlarla nə demək istəyir və nə bu dərəcədə realdır?
Elxan Şahinoğlu
Analitik Elxan Şahinoğlu əlavə edir ki, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Kremlin Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində “vicdanlı broker” rolundan heç vaxt imtina etmədiyini deyib. Onun fikrincə, bu həm İrəvana, həm də Bakıya mesajdır ki, Rusiyanın iştirakı olmadan məsələləri həll etməyin. Ekspertə görə, Sergey Kopırkin “brokerlikdən” danışarkən 2020-ci ilin 10 noyabrında Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə qəbul olunan üçtərəfli sazişi xatırladıb: “Səfir İrəvana minnətlə demək istəyib ki, müharibəni dayandırmaq Putinin sayəsində baş tutub, əks halda, Ermənistan daha ağır məğlubiyyətlə üzləşəcəkdi, onsuz da 3 il sonra Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərindəki suverenliyini bərpa edib. Azərbaycanın və Ermənistanın, səfirin məntiqi ilə desək, ”brokerə" ehtiyacı yoxdur, Bakı və İrəvan birbaşa danışıqlara üstünlük verir. Tərəflərin yekun sülh sazişinin imzalanması üçün “brokerə” deyil, münasib məkana ehtiyacı olacaq".
Ramiyə Məmmədova
Siyasi ekspert Ramiyə Məmmədova balanssız sülh olmadığını söyləyir. Onun təhlilinə görə, Moskva İrəvanı həvəsləndirir ki, Rusiya moderator olarsa, Ermənistanın da sülh müqaviləsindən çıxarları ola bilər: “Yəni hansısa güzəştlərin qoparılmasına eyham vurur. Amma bu necə ola bilər? Sülh mətninə Azərbaycanın razılığı olmadan Ermənistanın istəklərinə uyğun bəndin salınması mümkün deyil. O baxımdan "balanslı sülh" deyəndə nəyi nəzərdə tutduğu tam aydın deyil. Hələ ki balansın pozulmasını tərəflər dilə gətirməyiblər. Sadəcə, Bakının şərtləri var, İrəvan qəbul etməlidir. Üstəlik, ikitərəfli danışıqlar modeli bütün platformaların ən idealıdır".
Təhlilçiyə görə, Rusiyanın yenidən bu cür fəallaşması Cənubi Qafqazda vəziyyətin dəyişməsi ilə bağlıdır: “Ötən ilin dekabrından vasitəçisiz danışıqlar var, Rusiya qarışmırdı, indi isə bir ilin sonuna yaxın təşəbbüsü ələ almağa çalışır. Bu da regionda kənar güclərin təsirlərinin artmasından qaynaqlanır. Məncə, Rusiyanın vasitəçilik cəhdləri baş tutmayacaq. Putin Bakıda olarkən də bu məsələyə toxundu, amma o qədər də ürəyincə olan cavab almadı. Azərbaycan Ermənistan kimi açıq surətdə "rus masası"ndan imtina etməsə də, diplomatik addımları ilə bunu hiss etdirir. Kreml də barışmalıdır ki, pis-yaxşı bir etimad mühiti yaranır və müdaxiləyə ehtiyac yoxdur. Sadəcə, Rusiya hazırkı danışıqlar formatını Qərb layihəsi kimi qəbul etməkdədir".
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ