Onlayn ictimai-siyasi qəzet
Prezident Məsud Pezeşkian fevral ayında Təbrizdəki tədbirdə Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam”ından iki bəndi türkcə dedikdən sonra fars şovinistlərinin nümayəndəsi tribunaya yaxınlaşıb, ona yazılı xəbərdarlıq etmişdi. İran prezidenti isə həm də pərtliyini gizlətməkdən ötrü gülümsəyərək “İki cümlə türkcə şeir oxumaqda problem yoxdur” demişdi. Təsəvvür edin, bir ölkədə milyonlarla insanın səs verib, seçdiyi dövlət başçısı ana dilində səkkiz misra səsləndirir, amma çıxışına müdaxilə olunur...Odur ki, çoxları gözləyirdi, görəsən, Pezeşkian Azərbaycana səfərində ana dilində danışacaqmı, hansısa şeirdən parça söyləyiəcəkmi, yaxud elə Şəhriyardan, “Heydərbabaya salam”dan deyəcəkmi?
Gəldi, danışdı, dedi. Təbii ki, mümkün olanları dedi. Əslində Məsud bəyin aylardır gözlənilən səfərinin son anda, Bəndər Abbasda baş verən dəhşətli, həm də müəmmalı partlayışdan sonra təxirə salına biləcəyi də ehtimallar arasındaydı. Azərbaycana səfər öncəsi 70-dən artıq şəxsin ölümü, 1200-dən artıq insanın yaralanması ilə nəticələnən hadisə ilə eks-prezident İbrahim Rəisinin Türkiyə səfəri ərəfəsində - 3 yanvar 2023-cü ildə - Kerman şəhərində törədilən terror hadisəsi arasında paralellik də aparmaq olar. Deməli, budəfəki hadisə də sadəcə qəza olmaya bilər. Üstəlik, hər iki halda türk dövlətlərinə səfər ərəfəsində baş verən dəhşətli hadisələrdir.
Məsud Pezeşkian Azərbaycana çox böyük önəm verdiyi üçün səfəri təxirə salmadı, yalnız iki günlük proqramı bir gün qısaltmalı oldu. Amma 120 nəfərlik heyətdə azərbaycanlı iş adamlarının, rəsmi şəxslərin, o cümlədən Cənubi Azərbaycan olaraq tanıdığımız, İranın şimal bölgəsinə rəhbərlik edən ostandarlar, digər məmurların olması səfərə möhtəşəm hazırlıqdan xəbər verirdi.
Baxmayaraq ki, İranda elə ağır hadisə baş vermişdi, əhval-ruhiyyəyə təsir göstərmişdi, amma yenə də yüksək hərarəti müşahidə etdik bir günlük səfər boyunca. Azərbaycan Prezidenti İlham Əliyevlə Təbriz türkü olan Məsud bəyin səmimi qucaqlaşması – həm görüşəndə, həm də ayrılanda – çoxlarımızı kövrəltdi. Bu, həm 60 milyona yaxın Azərbaycan türklərinə, həm 350 milyonluq dünya türklərinə, həm də ümumilikdə dost-düşmənə ismarıc idi. Liderlərin həm təkbətək, həm məhdud tərkibdə, həm də geniş tərkibdə görüşündə sözsüz ki, önəmli mövzular müzakirə olunub, vacib qərarlar verilib. Elə prezidentlərin imzaladığı Birgə Bəyanat, həmçinin nazirlər səviyyəsində bir sıra mühüm sənədlərin imzalanması da Bakı və Tehranın əməkdaşlığı daha da irəli aparmaq üçün ortaya siyasi iradə qoyduqlarının təsdiqidir.
“Özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm”, sözləri sıradan sözlər deyildi...Bu, səmimiyyətin, qardaşlığın, birgəliyin, həm də ayrılığın nişanəsiydi.
Məsud Pezeşkianın Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes-forumunda “Heydərbabaya salam” poemasından səsləndirdiyi bəndlərin də mahiyyəti kifayət qədər aydın və zəngin idi:
Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?
Mən sənintək dağa saldım nəfəsi,
Sən də qeytər, göylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,..
Burda bir şir darda qalıb bağırır,
Bu mürvətsiz insanları çağırır.
Allah Şəhriyara qəni-qəni rəhmət eləsin. Bakını ziyarət etmək arzusu ilə dünyadan köç etdi. Yəqin orta və yaşlı nəslin nümayəndələri xatırlayar: Arazın o tayında Şəhriyar, bu tayında Bəxtiyar Vahabzadənin Araz həsrətli şeirləri dillər əzbəri idi. 80-ci illərdə ilk dəfə Şəhriyarın öz səsi ilə radiodan “Heydərbabaya salam”ı eşidəndə səsinin sehrinə düşmüşdüm...O zaman uşaq ağlıma gəlməzdi ki, illər keçəcək, İranın başında olacaq şəxs dilə gətirəcək bu şeiri, özü də Bakıda...
“Haray, haray, mən türkəm”, deyirdi qardaş-bacılarımız, səslərini İran rəhbərliyinə duyursunlar, həm də dünya-aləm eşitsin, deyə. Amma baxın, İran prezidenti uca səslə “mən türk oğlu, türkəm” deyir. Yəni İran əhalisinin 60 faizini təşkil edən türklərin səsini haray çəkmədən, ahəstə səsi ilə dilə gətirir. Bunun özü məxməri inqilabdır! Bir xalqın səsinin qansız-qadasız, yuxarı səviyyədə hər kəsin diqqətinə çatdırmaqdır, haqqını tanımaqdır. İnşallah ana dilində mədrəsə də, ana dilində oxumaq da, yazmaq da olacaq, İnşallah...Urmu gölünün qurumasından narahatlıq keçirən, Azərbaycan türklərinin ana dilində təhsil alması üçün çalışan, Araz üzərindən körpülərin atılmasına cəhdlər göstərən, Bakı ilə Təbrizi ayırmayan bir şəxs gəlib İranın başına. Öz qız övladı ilə Bakıya səfərində də bu səmimiyyəti müşahidə etdik.
Prezident Pezeşkianın Azərbaycanla münasibətlərə önəm verməsi, araya təfriqə salmaq istəyənlərə mesajları, Azərbaycan Prezidentinin siyasətini yüksək dəyərləndirməsi diqqətəlayiqdir. Sitat: “Şimaldan Cənuba, Şərqdən Qərbə yolları, dəhlizləri aça bilərik. Biz bəzilərinə aramızda ixtilaf yaratmasına yol verə bilmərik. Ailələrimiz arasında da əlaqələr var, bunu heç kim poza bilməz. Mən Prezident İlham Əliyevin bu istiqamətdə iradəsini görürəm. Bizim də iradəmiz belədir. Biz qərarlıyıq, qardaşımın da qərarlılığını hiss edirəm. Həm İran, həm Azərbaycan üçün yaxşı gələcək yarada bilərik”.
Etni zamanda cənab İlham Əliyevin İran prezidentinə “Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk. Əminəm ki, bu səfərin tarixi əhəmiyyəti olacaq. Biz bu gün Sizinlə məhdud tərkibdəki görüşdə bir çox məsələləri müzakirə etdik və görürük ki, əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var. Həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın dərinləşməsi iki qardaş xalqın marağındadır. Ümid edirəm ki, bu gün müzakirə olunan və olunacaq məsələlər, verəcəyimiz tapşırıqlar bizim əlaqələrimizi daha da gücləndirəcək”, söyləməsi çox böyük perspektivlərin anonsudur. Araz dəhlizi də reallaşacaq, Zəngəzur dəhlizi də açılacaq, bu səfərdə Şimal-Cənub, Şərq-Qərb marşrutlarından danışıldısa, ola bilməz Zəngəzur görməzdən gəlinsin. Hər şeyin vaxtı var...
Məsud Pezeşkianın Şəhidlər xiyabanını ziyarətdən sonra Bakını seyr etməsi, Bakı meri Eldar Əzizovla Azərbaycan dilində səmimi söhbəti də çox maraqlı anlar idi. Eyni zamanda İran prezidenti Fəxri Xiyabanda mərhum Prezident Heydər Əliyevin və onun xanımı Zərifə Əliyevanın məzarlarını ziyarət – 28 aprel həm də Zərifə xanımın doğum günü idi – etdi. Fəxri Xiyabanda onun Cavad Heyəti xatırlaması və Güneydə dəfn oluna bilməməsindən doğan təəssüfünü ifadə etməsi də duyğusal anlar yaratdı. Özü ixtisasca həkim olan Məsud bəy həmkarına, “Varlıq” dərgisinin yaradıcısına sayğısını ifadə etdi, bu da sıradan məsələ deyildi.
Diqqət edin, səfərin siyasi əhəmiyyəti bir başqa. İmzalanan 7 sənədin də öz yeri var. Həmçinin protokoldakı digər məsələlər...Amma Məsud Pezeşkianın İlham Əliyevlə Zağulbada Xəzərə tamaşa etməsi, səmimi söhbətləşməsi, həmçinin Heydər Əliyev Mərkəzindəki Foruma birgə gələrkən yolboyu tərcüməçisiz doğma dildə danışması, digər səmimi anlar qiymətləndirilməlidir. Bəziləri elə şərh verir ki, elə bil Pezeşkian Bakıda “Bakı, Təbriz bir olsun” deyərək bəyanat verməli idi. Bu şəxs İran prezidentidir, nəzərə alın! Özü də Qacarlardan sonrakı düz 100 ildə İrana rəhbərlik edən ilk türkdür, bizimkidir! Bu faktı qiymətləndirmək lazımdır. Təsəvvür edin, bir erməni hansısa ölkənin başına gəlsə, dünya erməniləri necə davranardılar. Hətta hansısa ermənipərəsti belə, göz üstündə saxlayırlar. Məsud Pezeşkian əleyhinə etikadan kənar hansısa fikirlər səsləndirmək həm də onun Güneydəki seçicilərini məyus etmək və incitməkdir. Unutmayaq, Məsud bəyin seçiciləri Azərbaycan türkləri olub! Gözləyək, kim bilir yeniləşən dünyanın qarşıdakı illərində o taylı-bu taylı bizləri nələr gözləyir...
Və...İran Prezidenti Məsud Pezeşkian Bakı səfəri ilə bağlı paylaşımında qonaqpərvərliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib. “Dünən Bakıda Azərbaycan Respublikasının Prezidenti, əziz qardaşım İlham Əliyevlə razılaşmalarımız oldu və sənədlər imzalandı. Bu səfər etimadın artırılması və hərtərəfli elmi, iqtisadi, mədəni və təhlükəsizlik sahəsində əməkdaşlıq üçün yeni üfüqlərin açılması üçün müqəddimədir. Qonaqpərvərliyinə görə cənab İlham Əliyevə təşəkkür edirəm” – Pezeşkian yazıb. Səmimiyyət var. Azərbaycan və İran prezidentlərinin bir-birinə bu qədər səmimiyyətlə yanaşması bir ilkdir. Pezeşkianın İlham Əliyevə qardaşım deməsi də təsirləndirdi...
Bir günlük səfər bilsəniz düşmənlərimizi və İranda ölkəmizə diş qıcayanları, onların sarmaşdığı digərlərini necə qıcıqlandırdı. Məsud bəyi Allah qorusun, İranda prezident olmaq elə də asan deyil, özü də dilində türkcə...
Uca Yaradan müdrik siyasəti ilə tarix yazan Prezident İlham Əliyevə və o taylı-bu taylı Azərbaycanımıza yar olsun!
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ