Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev Moskvanın Ukrayna limanlarına iddia edib-etməməsi və münaqişənin həlli prosesində bunu müzakirə etməyi planlaşdırıb-planlaşdırmaması ilə bağlı suala cavab verib.
Teleqraf xəbər verir ki, o, Qara dəniz sahilində yerləşən Odessanın tarixi Rusiya ərazisi olduğunu bildirib.
“Odessa və onun sakinlərinin böyük əksəriyyətinin Kiyev rejimi (Ukrayna – red.) ilə heç bir əlaqəsi yoxdur. Ukraynanın regionlarının, o cümlədən Qara dəniz bölgələrinin sakinləri öz gələcəklərini özləri həll etməlidirlər”, - Patruşev deyib.
Onun fikrincə, onlar Ukraynanın “qeyri-qanuni hökumət”inə tabe olmaq istəmirlər.
Paruşev iddia edib ki, Rusiya xalqın iradəsinin ifadəsinə hörmətlə yanaşır, bu da Krım, Donbas və digər bölgələrin Rusiyanın tərkibinə daxil olmaq istəklərindən görünür.
“Odessanın əsasını Rusiya imperatriçəsi II Yekaterina qoyub və yarandığı gündən iki əsrdən artıq müddət ərzində bu şəhər Rusiyanın Qara dənizdəki forpostu olub”, - Rusiya prezidentinin köməkçisi qeyd edib.
Xatırladaq ki, Rusiya Ukraynanın Krım, Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinə iddia edir. Rusiya 2014-2022-ci illərdə həmin bölgələri ilhaq etdiyini açıqlayıb. Ukrayna bu ərazilərindəki Rusiya işğalını tanımır.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız Ukraynada yaşayan polkovnik Elxan Nuriyevdir. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ