İnsanlara hürriyət, millətlərə istiqlal!

Pezeşkianın Azərbaycana səfəri ilə bağlı deputatdan İLGİNC açıqlamalar

“İran prezidenti Məsud Pezeşkianın Azərbaycana çoxdan gözlənilən səfəri artıq sona çatıb. Özünün də vurğuladığı kimi, əminəm ki, burada doğrudan da Təbriz və Ərdəbil doğmalığı gördü. Niyə gördü? Bunu o da bilir, biz də bilirik, Eynəli dağı da, uca Savalan da”.

Musavat.com-un məlumatına görə, bunu deputat Sahib Alıyev bildirib.

SAHİB ALIYEV.jpg (64 KB)

Millət vəkili İran prezidentinin Azərbaycana səfərindən daha böyük gözləntiləri olanlara yönəlik fikirlərini bu şəkildə çatdırıb:

“Əlbəttə, bir səfərlə ölkələrimiz arasındakı bəzi problem və fikir ayrılıqlarının tam aradan qaldırılması mümkün deyil. Amma ortada xoş niyyət və səmimiyyət olarsa, verilən sözə əməl edilərsə, Azərbaycan-İran əlaqələri bəlli bir vaxtdan sonra hər iki tərəfin maraqlarına uyğun şəkildə genişlənə də, dərinləşə də bilər”.

Deputat ardınca vurğulayıb:

“Əgər səmimiyyətdən söhbət gedirsə, Azərbaycanın İrandan ilk gözləntilərindən biri Tehrandakı səfirliyimizə qarşı terrorun təşkilində əli olanların cəzalandırılması, onu törədənin isə edamıdır. Orada bunu icra edəcək qurumun rəsmisinin Pezeşkianın səfəri öncəsi verdiyi açıqlamada edam üçün bütün hazırlıqların görüldüyü, sadəcə terrorçunun qətlə yetirdiyi zabitimizin doğmalarının, yaxud da onların vəkillərinin guya qisas tələbi irəli sürməmələri səbəbindən hökmün gecikdirildiyi bildirilmişdi ki, bu da ağ yalandır.

Terrorçunun edamının reallaşmasına maneçilik törədənlər onun əlinə avtomat verərək qısqırdıb səfirliyimizə göndərənlərdir. Qarşılıqlı faydaya dayanan əməkdaşlığa gəldikdə, Tehrandakılar hamıdan yaxşı bilirlər ki, Azərbaycan buna həmişə hazır olub, indi də ən yüksək səviyyədə belə bir iradənin ortaya qoyulduğunu gördük.

Onu da gördük ki, cənab İlham Əliyev özünü “Təbrizdə, Ərdəbildəymiş kimi hiss edən” İran Prezidentinə doğmalığın başqa bir yanınını da göstərmiş, onun Azərbaycandan uğurlu nəticələrlə dönməsi üçün uyğun qurumlara bütün mümkün tapşırıqları vermişdi.

Hər iki ölkəyə həm iqtisadi, elə həm də geosiyasi mövqelərini gücləndirmək baxımından dövlət başçımızın mətbuata bəyanatında da vurğulandığı kimi, ən çox səmərə verəcək layihələrdən biri Şimal-Cənub nəqliyyat dəhlizinin bütün gücü ilə işləməsi üçün gərəkən addımların atılmasıdır. Azərbaycan burada nə lazımdırsa, edib, amma Moskvanın da səylərinə baxmayaraq, İran hələ də öz ərazisindən keçəcək dəmir yolu xəttinin çəkilişinə başlamayıb.

Arazın adının ayrılıq rəmzi kimi deyil, nur mənbəyi olaraq hallandırılması üçün onun üzərində müştərək su elektrik stansiyasının tikilməsinin tezləşdirilməsi də, Zəngilanı Naxçıvanla birləşdirəcək kommunikasiya dəhlizi kimi qarşı tərəfin maraqlarına nə dərəcədə cavab verirsə, bir o qədər də ondan asılıdır. Əminəm ki, İran Prezidenti də bütün bunların yaxşı fərqindədir, amma həmin layihələrin sürətləndirilməsi üçün ortadakı əngəllərin aradan qaldırılması gücündədirmi, baxacağıq”.

Sahib Alıyev bildirib ki, aralarında kök, proseslərə baxış və intellekt baxımından böyük fərq olsa da, Pezeşkian ona nədənsə öz sələfləri arasında daha çox Mahmud Əhmədinejadı xatırladır:

“Yeri gəlmişkən, İran prezidentlərindən indiyədək Azərbaycana ən çox səfər edən (5 dəfə) məhz Əhmədinejad olub. Ümid etmək istərdim ki, Məsud Pezeşkian isə daha çox ortadakı problemlərin aradan qaldırılmasında, qarşılıqlı faydaya dayanan əməkdaşlığın dərinləşməsində, hər iki ölkənin regiondakı proseslərə baxışlarının üst-üstə düşməsində böyük iz qoymuş lider kimi xatırlancaq. Ölkəmizə ilk rəsmi səfəri zamanı o özü də gördü ki, Azərbaycan rəhbərliyi bunun üçün lazım olan dəstəyi verməyə hazırdır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR