Onlayn ictimai-siyasi qəzet
Bakı Ağır Cinayətlər Məhkəməsində Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Vaqif oğlu Qasımovun cinayət işi üzrə proses keçirilir.
Musavat.com xəbər verir ki, Elmar Qasımova qarşı Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə və ya israf etmə (179.3.2) maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə Dövlət Sığorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.
İttihama görə, təqsirləndirilən şəxs Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif şəxslərlə bağlı Dövlət Sığorta Agentliyinə ümumilikdə 212 min manat maddi ziyan vurub.
Agentliyin nümayəndəsi məhkəmədə müttəhimə qarşı 1 milyon 90 min manatlıq mülki iddia qaldırıb.
Məhkəmənin ötən iclaslarında iş üzrə şahidlər dindirilib.
Şahidlərdən Mədinə Murquzova deyib ki, Nizami rayon Dövlət Sığorta Agentliyində mütəxəssis vəzifəsində çalışıb, aylarla maaşları gecikdirilib:
“İşim icbari sığortaları sistemə salmaq olub. Müştərilərə kod verirdik, onlar gedib ödəniş edirdilər. İşin maliyyə hissəsindən məlumatım olmayıb. Ən çox Kəmalə Haqverdiyeva adlı sığorta agenti müqavilə bağlayırdı, ən çox maaş alanda o idi. Onu Elmar Qasımovun qohumu kimi tanıyırdıq. Gülayə və Kəmalə adlı şəxslər rəsmi agentlər idi. Maaşa gəldikdə isə bizim aylarla maaşımız gecikib. Səbəb kimi göstəriblər ki, baş ofis maaşları köçürmür.
Anar Quliyev adlı iş yoldaşımızın Əmək Müfəttişliyinə şikayətindən sonra işçilərin maaşları köçürülüb. Mənim Elman Qasımovun ofisin icarə xərci adı ilə pul köçürməsindən xəbərim olmayıb. Ketrinq xidmətlərinə qaldıqda isə, mən o xidmətdən yararlanmamışam”.
Digər şahid Bəhlul Ramazanov isə ifadəsində bildirib ki, Elmarı şəxsən tanımayıb:
“Mən Sumqayıtda obyektimi həmin sığorta şirkətinə icarəyə vermişdim. Sığortanın nümayədəsi Nizami adlı şəxs ondan ofis kimi istifadə edirdi. Aylıq 1000 manat arendaya pul ödəyirdi. Bütün bu proseslərə oğlum baxırdı. Bildiyim qədərilə, ofis üçün nəzərdə tutulan bütün avadanlıqları icarəyə verdiyim məkana gətiribmiş”.
Məhkəmədə bildirilib ki, onun istintaqdakı ifadəsi ilə hazırda danışdıqları arasında ziddiyyət mövcud olub. Bu səbəbə görə şahidin ifadəsi səsləndirilib.
İfadəyə görə, imzalanan müqavələyə əsasən, şahid obyektini 3000 manata icarəyə verib. Lakin şahid bundan xəbəri olmadığını, ona 1000 manat pul ödənildiyini bildirib. Onun həyat yoldaşının adına açılmış hesabda 3 ay ərzində ödənilən 9 min manat məbləğdən xəbəri olmayıb. Ümumiyyətlə, pulu çətinliklə aldığını bildirib.
İfadəsinin elanından sonra digər hakim Novruz Kərimov Bəhlul Ramazanova kəskin suallar ünvanlayıb.
Onun halı pisləşib və məhkəmə zalında huşu gedib. Öncəki ifadə də adı çəkilən Nizami Ələmov də şahid qismində ifadə verib. O bildirib ki, Elmar ilə rəsmi müqavilə əsasında birlikdə işləyib.
Öncəki ifadəsinə görə, adı çəkilən obyekti icarəyə o götürüb:
“Mən şirkətin nümayəndəsi olaraq Sumqayıtdakı obyekti icarəyə götürdüm. Həmin məkana görə bağlanmış icarə müqaviləsində aylıq 1000 manat ödənilməsi nəzərdə tutulmuşdu. Mən 3 min ödəniş edib 3 ayın pulunu vermişəm. Sözü keçən 9 min manat Elmarın mənə komissiya borcudur. Ona görə də icarəyə ödəniş edəcəyim karta 9 min manat pul köçürüb. 6 min manat pulu özümə götürmüşəm. 3 min isə icarəyə vermişəm. İcarə sahibinin bundan xəbəri olmayıb”.
Digər şahid Xəyal Quliyev həmin agentlikdə işçi olduğunu təsdiqləyib və ifadəsində bildirib ki, maaşını çətinliklə alıblar:
“Nizami filialında direktor müavini vəzifəsində işləmişəm. Elmarı tanıyırdım. İcbari sığorta fəaliyyəti ilə məşğul olurdum. Əsasən avtomobilləri sığorta edirdik. İşə alınan dəftərxana ləvazimatlarını isə özüm alırdım”.
Şahidin ifadəsi qısa olduğu üçün onun istintaqa verdiyi məlumat da səsləndirilib. İstintaqda bildirib ki, maaşını vaxtında ala bilməyib.
Şahid bunu təsdiq edərək şirkətdən şikayət etdiyini deyib:
“Mənim və əsasən xanımlardan ibarət olan agentlərin işi müvafiq iş nömrəsini müştəriyə kodu ilə birlikdə təqdim edib ödənişini qəbul etmək olurdu. Bunun qarşılığında maaş alırdıq. Elmar Qasımov isə mənə qarşı çox haqsızlıq edirdi, aylarla maaşımı vermirdi. 800 sığorta müqaviləsinə görə 167 min manat pul köçürülmüşdü. Ancaq baş mühasiblə işləyirdi. Kəmalə Haqverdiyeva Elmar Qasımovun həyat yoldaşı olub. Bu səbəbdən şirkətdən şikayətçi olmuşam”.
Qeyd edək ki, Elmar Qasımov külli miqdarda mənimsəmədə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə ittiham verilib. İş üzrə Dövlət Sığorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ