Onlayn ictimai-siyasi qəzet
Aprelin 28-də Avropanın qərbində kütləvi elektrik kəsintisi İspaniya, Portuqaliya, Andorra və Fransanın bir sıra regionlarındakı insanların həyatını qaranlığa qərq edib. Nəticədə hava və ictimai nəqliyyatın hərəkəti pozulub. Bütün İspaniyada qatarların hərəkəti dayandırılıb, işıqforlar sönüb, tıxaclar kilometrlərlə uzanıb.
Avropada iki müstəqil enerji sistemi mövcuddur: Şimal sinxron zonası (NORDEL; Skandinaviya ölkələri) və Pireney yarımadası ölkələrinin daxil olduğu Qərb sinxron zonası (UCTE; Mərkəzi və Qərbi Avropa). Eyni zamanda, İspaniyanın şəbəkə infrastrukturu Fransa, Portuqaliya, Andorra və Mərakeşlə bağlıdır, burada da fasilələr qeydə alınıb.
Əvvəlcə bir sıra Avropa rəsmiləri mümkün kiberhücum barədə danışsalar da, sonradan bu versiyanı təkzib ediblər. Müxtəlif səbəblərə görə, dünyada belə kütləvi elektrik kəsilməsi dəfələrlə baş verib.
Hindistanın işığını söndürən kəndlilər
2012-ci il iyulun 30-da Hindistan tarixində ən böyük elektrik kəsilməsi yaşanıb. Kəndlilər dövləti ziyana salıb. Hadisə nəticəsində 28 ştatdan 22-də 700 milyona yaxın əhalinin yarısından çoxu qaranlıqda oturub. Hətta iki gün ərzində elektrik enerjisi istehsal gücünün 38%-ə qədəri dayanıb. Səbəblər ümumi elektrik çatışmazlığı və istehlakın artması olub. Kəndlilər musson mövsümünün gecikməsi ilə əlaqədar əkin sahələrinin suvarılması üçün nasoslardan adi haldan daha çox istifadə edib.
Hindistanda ikinci ən böyük elektrik kəsilməsi də 2001-ci il yanvarın 2-də baş verib. Uttar Pradeşdə yarımstansiyada baş verən qəza ölkənin şimalında elektrik şəbəkəsində problemlərə səbəb olub. Elektrik kəsilməsi altı ştatla yanaşı Yeni Dehliyə təsir edib və 230 milyon insanı təxminən 12 saat qaranlıqda qoyub.
2014-cü il noyabrın 1-də Banqladeşdə baş vermiş insident nəticəsində ölkənin bütün əhalisi (150 milyon nəfər) on saat işıqsız qalıb. Səbəb Bheramara yarımstansiyasında nasazlıq olub. Ölkədəki bütün fabriklər fəaliyyətini dayandırıb. Qəzanın aradan qaldırılmasına, demək olar ki, bir gün lazım olub.
İşıqsız qalan qardaş ölkələr
2015-ci il yanvarın 25-də Pakistanda elektrik kəsintisi nəticəsində 140 milyon insan (ölkə əhalisinin 80%-i) işıqsız qalıb. Ekspertlər elektrik enerjisinin kəsilməsinə səbəb kimi ölkədəki siyasi qeyri-sabitliyi göstəriblər.
2015-ci ildə “müstəqillik tərəfdarı” olan separatçılar iki elektrik qülləsini partladıblar və bu, elektrik stansiyalarının əksəriyyətinin sıradan çıxmasına səbəb olub, generasiya gücünü adi 9000 MVt ilə müqayisədə 600 MVt-a endirib.
2015-ci il aprelin 14-də Türkiyədə üç elektrik yarımstansiyası bir anda sıradan çıxıb. 81 əyalətdən 30-da elektrik enerjisi qismən və ya tamamilə verilməyib və 70 milyona yaxın sakin təxminən on saat işıqsız qalıb.
Bu müddət ərzində ictimai nəqliyyat işləməyib, zavod və idarələrdə iş dayanıb. Səlahiyyətlilər qəzanın səbəblərindən biri kimi kiberhücumun adını çəkib.
Təbiətin qisası
2013-cü ilin noyabrında Filippini bürüyən “Hayan” tayfunu ölkənin əksər elektrik xətlərini, elektrik stansiyalarını və transformatorlarını sıradan çıxarıb. Təxminən 10 milyon insan işıqsız qalıb. Bəzi adalar yalnız bir il sonra elektrik enerjisi görə bilib.
21 iyun 2024-cü ildə Balkan yarımadasında elektrik enerjisinin kəsilməsi eyni anda dörd ölkəni - Bosniya və Herseqovina, Monteneqro, Albaniya və Xorvatiyanın bir hissəsini (təxminən 10 milyon nəfər) əhatə edib. Səlahiyyətlilər problemi istilər fonunda şəbəkəyə böyük yük düşməsi ilə əlaqələndiriblər. Çünki, bəzi rayonlarda havanın temperaturu müsbət 40 dərəcəyə çatıb.
Azərbaycanda da işıqla bağlı qəzalar baş verib. 15.07.2002-ci ildə baş verən qəzalar nəticəsində Azərbaycan müəyyən müddətə Dağıstan, İran, Gürcüstandan enerji alıb. Kəsintiyə səbəb taxıl zəmilərini biçindən sonra yandırılması göstərilib.
2012-ci ilin avqustun 28-də tarixdə güclü leysanla müşayiət olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar səhər saat 06:55 radələrində ölkənin əsas stansiyası olan Azərbaycan İES-də ildırım vurması nəticəsində 330 kV-luq yarımstansiyada yanğın baş verib. İldırım vurması nəticəsində 330 kV-luq gərginlikli transformator zədələnib. Nəticədə idarəetmə avtomatikasının əks-qəza avtomatika dövrələri zədələnib. Avtomatika təhlükəsizliyi zədələndiyindən ölkənin bir çox şəhər və rayonlarında enerji fasiləsi yaranıb.
Bundan başqa 2018-ci ilin iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevirdəki “Azərbaycan” İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb və nəticədə Bakının, eləcə də ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayanıb.
Bu ilin aprelin 9-da və 19-da “Kavkasioni” elektrik xəttində baş vermiş qəza nəticəsində Gürcüstanda elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verib. Tiflisdə və bir sıra digər bölgələrdə elektrik enerjisi kəsilib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb. “Azərenerji” dərhal Gürcüstana kömək edib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
29 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ