Onlayn ictimai-siyasi qəzet
Belarus yerli siyasətçilər üçün “Bermud üçbucağı” kimi bir yerdir. Bu ölkədə siyasət adamları izsiz-tozsuz yoxa çıxır, onları “gördüm” deyən olmur və heç vaxt tapılmırlar.
Axırıncı dəfə belə bir yoxaçıxma hadisəsi ölkə müxalifətinin koordinasiya şurasının spikeri Anjelika Melnikovanın başəna gəllib. O, bu ilin fevral ayından ortada yoxdur, hara gedib, başına nə iş gəlib, bilinmir. Ona görə də mayın 13-də koordinasiya şurasının spikeri postuna yeni şəxs seçiləcək. Həmin vaxt Melnikovanın öz səlahiyyətlərini icra etməməsinin 3 ayı tamam olacaq.
Belə anlaşılır ki, müxalifət spikerin sağ-salamat qayıdacağına, ümumiyyətlə, tapılacağına ümidini itirib. Hazırda onun yoxa çıxmasına dair çoxlu sui-qəsd nəzəriyyələri var. Melnikovanın tərəfdaşları onun harada olduğu barədə məlumat üçün bu həftə pul mükafatı elan etməyi planlaşdırırlar.
37 yaşlı Anjelika Melnikovanın yoxa çıxması barədə ilk məlumatı həmkarları martın 28-də yayıblar – spikerin itkin düşməsindən 1 ay sonra. Belarus müxalifətinin lideri, keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskayanın rəhbərlik etdiyi “Birləşmiş keçid kabineti”nin sədr müavini, Melnikovanın himayədarı sayılan Pavel Latuşko bildirib ki, martın 25-dən onunla heç bir əlaqə olmayıb. Sonradan məlum olub ki, Melnikova fevralın 26-da Avropa İttifaqının ərazisini tərk edərək, Londona uçub, onun keçmiş əri isə martın 3-də Polşadan Belarusa gedib.
Müxalifət resurslarından birinin nümayəndəsinin aprelin əvvəlində Melnikova ilə əlaqə saxlayıb danışdığı barədə məlumat var. Qadının keçmiş əri isə iki övladı ilə birlikdə Belarusda olduğunu təsdiqləyib. Eyni zamanda, o, Anjelikanın harada olması barədə heç nə bilmədiyini iddia edib və heç kimə onun itkin düşməsi barədə heç bir şikayət vermədiyini bildirib.
Bundan az sonra koordinasiya şurasının vitse-spikeri Stanislava Qlinnik məlumat verib ki, Anjelika Melnikovanın akkauntundan bir sıra sənədlər - strateji plan, büdcə, daxili hesabatlar və bəzi başqa materiallar başqa hesaba yüklənib.
Daha sonra Melnikovanın təsis etdiyi müxalifətə dəstək fondunun hesabından pulların çıxarıldığı məlum olub. Bu əməliyyatları kimin etdiyi məlum deyil.
Bu arada, spikerin Polşada yoxa çıxması ilə bağlı istintaq daha yüksək səviyyəyə daşınıb – indi onunla Varşava prokurorluğu deyil, milli prokurorluq məşğul olur.
Tanınmış müxalifətçi Aleksey Leonçik deyib: “Biz yalnız onu bilirik ki, o, Londona, Londondan isə “üçüncü ölkələr”dən birinə uçub. ... Anjelikanın daha sonra hara uçmuş ola biləcəyini müəyyən etmək üçün cəhdlər davam edir. Bu ya adam oğurluğudur, ya da məcburiyyət. Bunun necə baş verdiyinə dair öz nəzəriyyəm var, amma bu, hələ də spekulyativdir”.
Eyni zamanda, Pavel Latuşko iddia edir ki, Melnikova əvvəllər “repressiv xarakterli” təhdidlər alıb. Onun sözlərinə görə, tərəfdaşları spikerin yoxa çıxması ilə bağlı bütün məlumatları təhlil edən xüsusi qrup yaradıblar. "İmkanlarımız məhdud olsa da, biz onu axtarırıq. Nə Polşada, nə də başqa ölkələrdə araşdırma apara bilmirik. Xüsusilə də Belarusda. Amma bunun üzərində daim çalışan bir neçə adam var. Rejimin təsiri olmasaydı, Anjelikanın yoxa çıxması qeyri-mümkün olardı. Nə dərəcədə, bilmirəm. Amma təsir var", - Latuşko deyib.
Qeyd etdiyimiz kimi, bu, Belarusda ilk yoxaçıxma hadisəsi deyil. Bundan əvvəl, hələ ötən əsrin 90-cı illərinin sonunda da Belarusda bir neçə siyasətçi izsiz-tozsuz yoxa çıxıb. Bunlar keçmiş MSK sədri Viktor Qonçar və onun dostu, iş adamı Anatoli Krasovski, keçmiş daxili işlər naziri Yuri Zaxarçenko və jurnalist Dmitri Zavadskidir.
Bu qədər böyük vəzifələr tutan və hər kəsin tanıdığı şəxslər 25 ildən çoxdur ortada yoxdur. Onların çoxdan öldürülüb basdırıldığı barədə iddialar var. Ancaq dövlət orqanlarının apardığı istintaq heç bir doğru-dürüst nəticəyə gələ bilməyib.
Bu şəxslərin prezident Lukaşenkonun zavalına gəldiyinə Belarusda və ondan kənarda çox adam şübhə etmir. Avropanın üstqurum təşkilatlarının, aparıcı dövlətlərinin tələblərinə baxmayaraq, Belarus dövləti bu qaranlıq işlərin üstünü açmır, açmağa tələsmir, hətta hər hansı bir cəhd də göstərmir. Məhz buna görə də Lukaşenko Qərb dövlətlərinin daimi tənqid hədəfidir və sanksiyalara məruz qalır.
İtkin düşənlərin hamısının bu və ya digər şəkildə Lukaşenkoya qarşı olan adamlar olması şübhələri mütləq onun üzərinə gətirir. Ona görə də Melnikovanın yoxa çıxmasında da Lukaşenko izi axtarılır.
30 ildən çoxdur hakimiyyətdə olan Lukaşenkonun öz müxaliflərinə qarşı sərt mövqedə olduğu, hakimiyyəti əldən verməmək üçün hər cür addımı atmağa qadir olması heç kəsə sir deyil. Adam Avropada qədim Şərq satraplığı qurub və onu hakimiyyətdən uzaqlaşdırmaq istəyənləri ya türməyə basır, ya Belarusdan uzaqlaşdırır, ya da … İnsanlar məhz bu “ya da”dan qorxurlar.
Araz Altaylı, Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ