İnsanlara hürriyət, millətlərə istiqlal!

“Rayonlardakı idmançılar 5-ci dərəcəlidirlər... havayı maaş alırlar” - Aqil Abbasdan SƏRT TƏNQİD

“Beynəlxalq yarışlarda qalib gələn idmançılarımızın əksəriyyəti şəhərlərdən çıxıb. Rayonlarımızda isə idmançılar yetişdirilmir”.

Musavat.com xəbər verir ki, bunu Milli Məclisin 6-cı çağırış deputatı olmuş Aqil Abbas deyib. Yazıçı bildirib ki, bölgələrdə idmana az diqqət göstərilir.  

“Rayonların hamısında olimpiya idman kompleksləri var. Bölgələrimizdə 10 milyonluq binalar tikilib. Amma həmin komplekslərdən bir cüdoçu, güləşçi çıxmayıb. Qaliblərin hamısı Bakıdan olanlardır.

 Regionlarda olimpiya komplekslərinin qapısı bağlıdır. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi bu məsələyə diqqət yetirməlidirlər. İcra hakimiyyətləri isə bu işlərə nəzarət etməlidir. İstedadlı uşaqları tapıb üzə çıxarmalıdırlar. Dövlət bu qədər vəsait ayırıb. Təəssüf ki, uğur yoxdur. 

Regionlardan çıxan idmançılar nəyinki ikinci, heç beşinci dərəcəli də deyillər. İndi guya bölgələrdə  futbolu birtəhər inkişaf etdirirlər. Ağcabədidə olimpiya kompleksi tikiblər, yaxşı da futbol komandası var.  Lakin kompleksdəki stadion yararsız vəziyyətdədir. Standartlara uyğun deyil. Rayonun öz stadionu da dağılıb. Ağdamda əvvəllər çox güclü güləşçilər və voleybol komandaları olardı. İndi isə onların heç biri yoxdur. Nazirlik bölgələrdəki idman idarələrinə deməlidir ki, 10 ildir niyə idmançı yetişdirmirsiniz.  Bir işə yaramırsa, bu idarə nəyə lazımdır.  Niyə bu qədər adam orada havayı maaş alır”.

Qeyd edək ki,  bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc qazanıb. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer alıb. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb. Bu yüksək nəticə kimi qiymətləndirilir.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR