İnsanlara hürriyət, millətlərə istiqlal!

Öldürülən “Amin Mərdəkanski”nin qardaşı oğlu hakim qarşısında – Qana susamış ənənə qurbanı...

Bakının Mərdəkan qəsəbəsində başlayan qanlı hekayə artıq ikinci cinayət işi ilə məhkəmə zalında davam edir. “Amin Mərdəkanski”nin adı indi məhkəmədə cinayət aləminin üzvü kimi deyil, mərhum kimi keçir. Onun bacısı oğlu, qohumları və düşmənə çevrilmiş keçmiş qudaları indi cinayət dosyesinin fiqurantlarıdır.

Bu, artıq sıradan bir ailə dramı yox, Bakı kəndində yaşanan, qəddarlığı ilə diqqət çəkən bir vendettadır. Vendetta – qanuna yox, ənənəyə əsaslanan ədalətdir.

Mərdəkanda baş verən, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi araşdırılan cinayət işində ənənələrin qanunları üstələməsinin acı nəticəsi çılpaqlığı ilə görünür.

Hakim qarşısına Amil Xudaverdiyevin qardaşı  oğlu Pərviz Xudaverdiyev çıxarılıb.  Musavat.com xəbər verir ki, o, 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 53 yaşlı Cavanşir Ruhulla oğlu Abdullayevi “Revolver” markalı tapança ilə qətlə yetirib. Bundan sonra 38 yaşlı Pərviz Cabir oğlu Xudaverdiyev polisə təslim olub. İstintaq araşdırması zamanı hadisənin törədilməsində iştirak edən daha bir nəfər – Seymur Adil oğlu Xudaverdiyev də müəyyən olunaraq saxlanılıb.

İstintaqla müəyyən edilib ki, 2023-cü il noyabrın 1-də saat 17 radələrində Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1970-ci il təvəllüdlü Cavanşir Abdullayevin qətlinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyevin aralarında yaranmış mübahisə zamanı “Revolver” tipli silahdan atəş açmaqla Cavanşir Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Cabir oğlu Xudaverdiyev polisə gələrək təslim olub. Hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyev ölən şəxsin qohumu olub. 

Qətlə yetirilən Cavanşir Abdullayev Pərvizin əmisi Amin Mərdəkanskinin qudası olub. Cavanşir Abdullayevin oğlu Ruhulla Abdullazadə Pərvizin bacısını qaçırıb. Münaqişə Ruhullanın Pərvizin bacısını boşadıqdan sonra yaranıb. Mərhum Cavanşir Abdullayev quyu qazan texnikanın sürücüsü, Pərviz Xudaverdiyev isə qəssab kimi fəaliyyət göstəriblər.

Məhkəmədə dindirilən Şahin Xudaverdiyev bildirib ki, onun eşitmə, görmə və yaddaşla bağlı problemi olduğu üçün hadisəni dəqiq xatırlamır:

"Mən heç nə bilmirəm. Onu eşitmişəm ki, qardaşım qudam Cavanşiri öldürüb. Kim demişdi xatırlamıram. Məsələ isə qızımla əlaqədar olmayıb. Sosial şəbəkədə paylaşılanlardan da xəbərim yoxdur. Mən köhnə model telefon istifadəçisiyəm".

Bu zaman hakim Novruz Kərimov ona qardaşının bunu niyə etməsinin səbəbini soruşub. Şahid cavab verib ki, qardaşı da daxil olmaqla ailəsinin bir neçə üzvü ruhi xəstəlikdən əziyyət çəkib: “Bizim ailədə ikinci qardaşımdan başqa hamı ruhi dispanserdə müalicə alıb. Pərvizin də belə problemi olub. Ümumiyyətlə, hadisəni niyə törətdiyini bilmirəm. Silah-sursat da görməmişəm”.

Dövlət ittihamçısı şahidə Amin Xudaverdiyevin qətli ilə bağlı da sual ünvanlayıb. Belə ki, istintaq materiallarına əsasən hər iki qətlin əlaqəli olduğu ilə əlaqədar əsaslı şübhələr müəyyən edilib. Şahin Xudaverdiyev bildirib ki, qətlə yetirilən hər iki şəxsin bir-birilə əlaqəsi yaxşı olub. Onların arasında ədavət olması ehtimalı ilə bağlı məlumatı yoxdur.

Qeyd edək ki, qətl hadisəsi 2023-cü ilin noyabrın 1-də Xəzər rayonu, Şağan qəsəbəsində baş verib. İş adamı 53 yaşlı Cavanşir Abdullayevin "Revolver" markalı tapança ilə qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 38 yaşlı Pərviz Xudaverdiyev polisə gələrək könüllü təslim olub. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

2024-cü ilin avqustun 7-də  Amin Mərdəkanski öldürülüb. Həmin gün Xəzər rayonu, Mərdəkan qəsəbəsində 1972-ci il təvəllüdlü Amin Cabir oğlu Xudaverdiyevin qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1993-cü il təvəllüdlü Ruhulla Cavanşir oğlu Abdullazadə polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb. Amin Xudaverdiyev uzun illər Rövşən Lənkəranskinin tərəfdarları sırasında yer alıb. 2012-ci ildə Rövşən Lənkəranski ilə Nadir Səlifovun yaxın adamı “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədovun arasında insident yaşanarkən Amin Xudaverdiyev birincinin tərəfində dayanıb. O,  uzun illər Rövşən Lənkəranskinin yaxın tərəfdaşı hesab olunub.

 

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR