Onlayn ictimai-siyasi qəzet
Azərbaycan və İran prezidentlərinin tarixi görüşündə barəsində danışılan ən mühüm məsələlərdən biri də Araz dəhlizi oldu.
Prezident İlham Əliyevin çıxışında bu məsələyə geniş yer ayırması təsadüfi deyildi. Dövlət başçısı bildirdi ki, Araz dəhlizi layihəsi böyük diqqət cəlb edir. Prezident xüsusi vurğuladı ki, həm bölgəmizdə, həm dünyada, bu layihə ilə bağlı müxtəlif fərziyyələr, müxtəlif şayiələr gəzir. Sitat: “Əslində, buna heç bir əsas yoxdur. Çünki bu, sadəcə olaraq, yeni bir nəqliyyat, bağlantı layihəsidir və Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə İran ərazisindən birləşdirən bir layihədir. Burada, eyni zamanda, böyük tranzit imkanları yaranacaq. Bu, sadəcə olaraq, bu bölgənin layihəsi deyil.
Biz hesab edirik ki, bu, Asiyadan Avropaya uzanan nəqliyyat dəhlizinin bir qolu olmalıdır. Bir tərəfi Aralıq dənizinə, bir tərəfi Fars körfəzinə uzanan yeni nəqliyyat bağlantı dəhlizi olmalıdır və bir çox ölkələr bundan fayda götürəcək. Təbii olaraq, bu layihənin ərsəyə gəlməsində əsas rol yenə də bizim ölkələrimizin üzərinə düşür və bu istiqamətdə Azərbaycan tərəfindən aparılan işlər demək olar ki, tamamlanıb. Araz çayı üzərində Azərbaycan tərəfinə düşən körpünün inşası demək olar ki, hazırdır, o cümlədən sərhəd-keçid məntəqəsinin inşası prosesi gedir. Əgər hər şey istədiyimiz kimi olsa, bu ilin sonuna qədər avtomobil körpüsü istismara verilə bilər”.
Azərbaycan və İran arasında gərginlik yaradan və gərginliyi körükləyən qüvvələr – belə qüvvələr İranın daxilində də kifayət qədərdir – həm də Araz üzərindən atılması nəzərdə tutulan körpüyə qarşı idilər.
Xatırlayırsınız yəqin, Araz çayı sahilləri boyunca Azərbaycanı təhdid edən hərbi təlimlər də keçirmişdi İran ordusu.
Baxmayaraq ki, İranın 12 dövlətlə quru sərhədləri olduğu halda, ən etibarlı sərhəd Azərbaycanladır.
Amma bütün bunlara, həm də Azərbaycanın dost və mehriban qonşuluq siyasətinə rəğmən, İrandakı radikal qruplaşmalar ölkəmizə qarşı təhdidlərlə çıxış edirdilər. Amma dövlətimiz, dövlət başçımız hər zaman təmkinli davrandı, ali dəyərləri uca tutdu. 44 günlük Vətən müharibəsindən sonra, 2020-ci ilin 16 noyabrında Prezident İlham Əliyevin Xudafərinə səfəri zamanı, burada Azərbaycanın dövlət bayrağını qaldıran zaman Xudafərin körpüsünü “Dostluq körpüsü” adlandırması da ali dəyərlərin bariz nümunəsi idi.
Baxmayaraq ki, sonrakı dönəmlərdə İrandan Azərbaycana qarşı elə Araz boyunca təhdidlər oldu, Tehrandakı səfirliyimizdə terror törədildi, amma Azərbaycan qətiyyətli, prinsipial mövqeyini davam etdirməklə yanaşı, yenə də körpülərin yandırılması istiqamətində addımlar atmadı, əksinə, elan etdiyi siyasətinə uyğun şəkildə körpülərin bərpası və qurulmasına önəm verdi. Bu siyasət qalib gəldi.
2024-cü ilin 19 mayında Prezident İlham Əliyev və İran lideri Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşdülər və Arazın hər iki sahilini birləşdirən, rəmzi mənası böyük, həm də iqtisadi əhəmiyyət kəsb edən layihənin, su bəndinin açılışında iştirak etdilər. O görüşdə çox mühüm anlaşmalar əldə olunmuşdu. Baş verən helikopter qəzasından, İran İslam Respublikasının prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmasından sonra əldə olunan razılaşmaların arxa plana keçə biləcəyi narahatlığı yaratmışdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olarkən belə demişdi: “O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək”.
Prezident İlham Əliyevin dediyi kimi oldu: Araz üzərindən salınan körpü artıq hazırdır. Bir müddət öncə Azərbaycan və İran rəsmiləri körpüyə baxış keçirdilər. Bu, Ağbənd istiqamətindən İran ərazisindən keçməklə avtomobil yolunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək körpüdür.
O ki qaldı dəmir yolu körpüsünə, Prezident İlham Əliyev Pezeşkianla birgə iştirak etdiyi Forumda bildirdi ki, bu məsələ də müzakirə mövzusudur.
Sitat: “Biz dəmir yolumuzu artıq gələn il İran sərhədinə, Zəngilan-Ağbənd istiqamətinə çatdıra bilərik və təbii olaraq İran ərazisində dəmir yolu inşası da nəzərdə tutularsa, o zaman bu da beynəlxalq nəqliyyat dəhlizi olacaq. Yəni, çox geniş perspektivlər açılır və bütün bunları həyata keçirmək üçün əsas amillər var. Birincisi, Azərbaycan-İran arasındakı dostluq, ikincisi, qarşılıqlı siyasi iradə, üçüncüsü bu layihələrin bir çox ölkələrə xidmət göstərməsi və qarşılıqlı fayda verməsi məsələsi. Bu, yəni, əsas məsələlərdən biri olan layihədir”.
Bu da növbəti işlərin anonsu, yol xəritəsidir. Azərbaycan özü Avropa və Asiya arasında çox mühüm körpüdür. Diqqət edin, Azərbaycan Çin Xalq Respublikası ilə münasibətləri yüksək səviyyədə inkişaf etdirir. Çinin Urumçu şəhəri ilə Azərbaycanın Naxçıvan şəhərinin qardaşlaşması, Pekinin Azərbaycana yüksək səviyyədə dəstəyi son nəticədə Zəngəzur dəhlizinin açılmasına təkan verəcək! Orta Dəhlizi Zəngəzur dəhlizi olmadan təsəvvür etmək mümkün deyil, Ermənistan minlərlə km-lik Avropa və Asiya arasında yolun 43 km-ni bağlı saxlamaq hünərində deyil! Azərbaycan bu məsələdə də səbr edir, artıq 5-ci ildir 2020-ci ilin 10 noyabr bəyannaməsinin 9-cu bəndinin icrasını gözləyir. Amma paralel şəkildə fəaliyyətini də davam etdirir. Araz dəhlizi Zəngəzur dəhlizinə alternativdir və işlərin sürətlə davam etməsi Ermənistanı ciddi şəkildə düşündürməlidir. Eyni zamanda Azərbaycan-İran münasibətlərinin irəliləməsinə, Araz dəhlizinin realaşmasına qısqanc yanaşanlar da ciddi şəkildə düşünsünlər və Zəngəzur dəhlizinin mümkün qədər tez işlək hala gətirilməsi üçün Ermənistana təzyiq göstərsinlər! Əks halda itirən Azərbaycan olmayacaq, çünki Gürcüstan yolunun ardınca, Araz dəhlizinin də reallaşması Ermənistanın növbəti dəfə dalanda qalmasını şərtləndirəcək.
Avrasiya məkanında Azərbaycanın yeri və tranzit imkanları - Şimal-Cənub dəhlizi, Bakı-Qusar istiqamətində yeni yollar, Kəlalə-Ağbənd layihəsi, onun Arazın üstündən keçməsi ilə faktiki layihənin “Araz dəhlizi” ilə leksikona daxil olması, Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Gəncə-Tbilisi-Batumi marşrutunun yaranması və onun üstünlükləri çox böyükdür. Bu marşrut Qara dəniz və Fars köhfəzini birləşdirəcək. Üstəlik, Rəşt-Astara dəmiryolunun tikintisi, Azərbaycanın özünün dəmiryolu infrastrukturunu yeniləməsi və bunun həm də region dövlətləri arasında əlaqələrin inkişafına müsbət təsiri nəhəng perspektivlər vəd edir. Hər iki prezidentin dediyi kimi, Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin reallaşdırılması potensialına malik ölkələrin fürsətlərdən yararlanmasının alternativi yoxdur.
Zəngəzur dəhlizi nə qədər tez açılacaqsa, Ermənistan bir o qədər tez irəli düşəcək, durumunu yaxşılaşdıracaq, künc-bucaqda boyun bükməyəcək. Eyni zamanda Araz dəhlizinin reallaşmasından, həm avtomobil, həm də dəmiryolu xətlərinin tikilməsindən sonra İrandakı mühafizəkarların da Zəngəzur dəhlizi ilə bağlı qara-qorxuları azalacaq. Bir anlıq təsəvvür edin, normal münasibətlər bərqərar olur, bir qatar Arazın o tayından – Araz dəhlizi ilə, bir qatar da Arazın bu tayı ilə - Zəngəzur dəhlizi ilə mənzil başına tələsir. Azərbaycan tarix yazır: Araz dəhlizi Zəngəzur dəhlizini qabaqladı, itirən biz deyilik, dalanda qalanlar düşünsün! Yük daşımalarını rahat və minimum itkilərlə ünvanına çatdırmaq üçün alternativlərin çox olması əlavə imkanlar yaradır. Burada təşviş doğuracaq, hay-küy salacaq, daş atıb, baş yaracaq nə var ki?..
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ