İnsanlara hürriyət, millətlərə istiqlal!

Trampın 100 günü: Cənubi Qafqaz təhlükədə!

"Donald Tramp Ağ Ev sahibi kimi 100 gününün sonunda ABS televiziya kanalına müsahibəsində əldə edilən nəticələrdən danışıb. Ancaq müsahibədən aydın olub ki, müsbət nəticələr çox deyil".

Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, Ağ Ev sahibi daxili siyasətdə yumurtanın qiymətinin azaldılması və miqrantların ölkədən çıxarılmasını göstərə bilib:

"Rusiya-Ukrayna müharibəsi Donald Trampın xarici siyasətdə üzləşdiyi ən böyük problemə çevrilib. O, seçkiqabağı vədləri sırasında Rusiya-Ukrayna müharibəsini 3 ay içərisində başa çatdıracağını bildirmişdi. 3 ay geridə qalıb, nə müharibəyə son verilib, nə də atəşkəsə nail olunub.

Müsahibədən də aydındır ki, Donald Tramp müharibəni dayandıra bilməməsindən məyusdur. Əgər Tramp əvvəlki müsahibələrində müharibənin davamına görə Ukrayna prezidenti Volodimir Zelenskini günahkar bilirdisə, son müsahibəsində Rusiya lideri Vladimir Putinin siyasətindən narazı qalıb. Buna baxmayaraq, Tramp müsahibədə "mən olmasaydım, Putin Ukraynanın tamamını ələ keçirəcəkdi" fikri ilə vasitəçi kimi əhəmiyyətini artırmağa çalışıb.

ELXAN SON.jpg (74 KB)

Bu arada, Donald Trampın birinci prezidentliyi dövründə onun milli təhlükəsizlik müşaviri olan və sonra istefa verən Con Boltonun keçmiş liderinin Rusiya prezidenti Vladimir Putinlə yaxınlığı barədə söylədikləri diqqəti çəkib. Boltonun fikrincə, Putin Trampın ona dəstək verəcəyinə əmindir, Kreml sahibi bu yolla Rusiya imperiyasını bərpa etməyə çalışır. Con Bolton Vladimir Putinin hazırda danışıqlara tələsmədiyini, çünki döyüş meydanında üstünlük qazandığını düşündüyünü bildirib. Boltonun sözlərinə görə, Putin hesab edir ki, bu vəziyyət ona mümkün sülh danışıqlarında daha çox güzəşt qoparmağa imkan verəcək.

Keçmiş müşavir bu siyasətin Rusiyaya qonşu olan digər ölkələr üçün də təhlükəli olduğunu bildirib. Çünki Putin Ukrayna ilə kifayətlənməyəcək, onun planları daha geniş coğrafiyanı əhatə edəcək. Bolton bu sırada Cənubi Qafqaz, o cümlədən Azərbaycanın adını çəkib. Onun sözlərinə görə, Rusiya Azərbaycan, Gürcüstan və Ermənistan təsir dairəsində saxlamaq istəyir.

Con Boltonun söylədiyi kimi, Kremlin Cənubi Qafqazla bağlı "xüsusi planı" ola bilər. Ancaq bunu reallaşdırmaq asan olmayacaq. Gürcüstanın hazırda Qərblə münasibətləri gərgin olsa da, Cənubi Osetiya və Abxaziyaya  görə Tiflis Kremllə əlaqələri bərpa etmək istəməyəcək.

Ermənistan Rusiya ilə iqtisadi zəmində bağlı olsa da, hərbi və təhlükəsizlik sahəsində fərqli siyasətə üstünlük verir. Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyə daha çox üstünlük verir və Kremldən Bakıya təzyiq artarsa, Ankaranın Azərbaycana dəstəyi artacaq. Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanarsa, Rusiyanın Cənubi Qafqaza təsiri daha da azalacaq.

Tramp administrasiyası hələ ki, Cənubi Qafqazda fəal siyasət aparmır. Tramp bölgədə başqa bir problemin həllinə maraq göstərir. Ağ Ev sahibi Tehranın Vaşinqtonla yeni nüvə anlaşması imzalamasına çalışır. Ancaq bu istiqamətdə də hələ nəticə yoxdur.

Bu arada, Hindistanla Pakistan arasında gərginlik artıb. İki nüvə dövləti arasında müharibə başlayarsa, bu, Tramp administrasiyasının yeni problemi olacaq".

Elxan Şahinoğlunun fikrincə, Donald Trampın tarif siyasəti də istədiyi nəticəni verməyib:

"Onun əsas hədəfi Çindir. Tramp ABS kanalına müsahibəsində deyib ki, Çinə qarşı tariflərin 145 faiz artırılması doğru qərar idi. "Onlar buna layiqdir" deyən Donald Tramp bu siyasətini belə əsaslandırıb: "Çin ABŞ-la ticarətdən hər il 1 trilyon dollar qazanırdı. Bu, doğru deyildi. Mən Çin məhsullarına qarşı tarifləri 145 faizə qaldırdıqdan sonra onlar ABŞ-la ticarət apara bilmirlər".

Tramp Çinlə tarif müharibəsi apararkən Avropa ölkələrinə zaman tanıyıb. Ağ Ev sahibi Avropa ölkələrinin tarif siyasətini 3 aylığına dondurub.

Donald Tramp ümid edir ki, Avropa dövlətlərinin hər biri ABŞ-la ticarət sazişi imzalayacaq. Tramp Çinlə də oxşar saziş imzalamaq istəyir. Ağ Evin bu sazişlərdən məqsədi odur ki, hər bir ölkənin ABŞ-la idxalla ixracı bərabərləşsin, yəni heç bir dövlət Amerika ilə ticarətdən birtərəfli şəkildə qazanclı çıxmasın".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR