Onlayn ictimai-siyasi qəzet
Roma Papası Fransiskin dəfn mərasimindən əvvəl Ukrayna prezidenti Volodimir Zelenskiyə ABŞ lideri Donald Trampın onunla görüşə hazır olduğuna dair “siqnallar” çatdırılıb.
Musavat.com xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Saytın yazdığına görə, Zelenskinin müşavirləri öncə çox narahat olublar. Hətta Oval kabinetdə baş verən mübahisədən sonra bəzi müşavirlər Zelenskiyə bununla bağlı narahatlıqlarını çatdırıblar.
Mənbələrin bildirdiyinə görə, əvvəlcədən konkret razılaşma olmayıb. Ancaq Vatikan ərazisinə daxil olduqdan sonra liderlər təsadüfən qarşılaşıblar və Müqəddəs Pyotr bazilikasında təkbətək görüş üçün bir yer tapıblar.
Görüş zamanı Zelenski Trampa bildirib ki, Putin yalnız o halda geri çəkilə bilər ki, ABŞ prezidenti ona daha güclü təzyiq göstərsin. Tramp isə cavabında bəlkə də Putinə yanaşma tərzini dəyişdirməli olacağını deyib.
Həmçinin, Zelenski Trampdan sülh danışıqlarına başlanğıc nöqtəsi kimi, əvvəllər irəli sürdüyü qeyd-şərtsiz atəşkəs təklifinə qayıtmağı xahiş edib. Bu təklifi Ukrayna qəbul etmiş, lakin Rusiya rədd etmişdi. Trampın cavabı bu ideyanı yenidən nəzərdən keçirməyə hazır olduğunu göstərib.
Görüşdə Volodimir Zelenski bir daha bəyan edib ki, Ukrayna Krımı Rusiya ərazisi kimi tanımır. Tramp isə açıq şəkildə bildirib ki, ondan belə bir tanınma tələb edilmir.
Planda ABŞ-ın hansısa tanınma aktı nəzərdə tutulur, lakin bu, Ukraynanı əhatə etmir. Zelenski vurğulayıb ki, müharibənin dayandırılması naminə müəyyən güzəştlərə getməkdən çəkinmir, lakin bunun üçün kifayət qədər etibarlı təhlükəsizlik zəmanətləri olmalıdır.
Tramp, eyni zamanda, ABŞ ilə Ukrayna arasında faydalı qazıntıların tədarükü üzrə sazişin mümkün qədər tez imzalanmasında israr edib.
“Axios”un yazdığına görə, bu görüşün əvvəlkilərə nisbətən daha müsbət atmosferdə keçməsinin mümkün səbəblərindən biri vitse-prezident Vens və Ağ Evin xüsusi elçisi Vitkoffun orada iştirak etməməsi olub. Ukraynalılar bu şəxsləri Rusiyanın mövqeyinə yaxın olmaqda ittiham edirlər. Görüşdən sonra Zelenski ilk dəfə olaraq Trampın Putinə münasibətini dəyişməyə nail olduğunu hiss etdiyini bildirib.
Musavat.com
30 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ