İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərb "Zəngəzur savaşı"nı niyə uydurub: Azərbaycana böhtan atırlar, erməniləri isə aldadırlar

ABŞ və Qərb Cənubi Qafqazda gərginliyin tamamilə sona çatmasında qətiyyən maraqlı deyil, provokativ ssenarilərlə hərbi toqquşmalara yol açmağa çalışır... Qərb siyasi dairələri nəyin bahasına olursa-olsun, Ermənistan ərazisini Rusiyaya qarşı savaş poliqonuna çevirmək niyyətindədirlər, erməni toplumunu fəlakətə yaxınlaşdıracaq "ikinci cəbhə"nin açılmasına yönəlik cəhdlər intensivləşdirilib...

ABŞ və Qərb Cənubi Qafqaz uğrunda mübarizədə "qara propoqanda"dan istifadə etməyə çalışır. Qərb siyasi iradə mərkəzləri bu regionda savaş əhval-ruhiyyəsinin və gərginliyin mövcudluğu qorunmasında maraqlıdırlar. Çünki yalnız bu halda, ABŞ və Qərb Cənubi Qafqazda geopolitik manevrlərlə regional oyunçu roluna iddia edə bilərlər. Və əks halda, Qərb bu regionda heç kimə lazım olmaz.

Əslində, ABŞ və Qərbə elə indi də Cənubi Qafqazda ehtiyac duyulmur. Azərbaycan Qərbin bu regiona nüfuz etməsində qətiyyən maraqlı deyil. Çünki rəsmi Bakı Azərbaycanın ərazi bütövlüyünü bərpa etdikdən sonra Cənubi Qafqazda əsas geopolitik iradə sahibinə çevrilib. Və belə bir situasiyada Qərbin bu regionda ikibaşlı oyunları rəsmi Bakı üçün yalnız problem yarada bilər.

02963ab6-df35-492d-a9e8-f160c6dfe70d.jpg (251 KB)

Təbii ki, bu səbəbdən də, rəsmi Bakı Cənubi Qafqazın bütün mövcud problemlərinin məhz regional müzakirə platformasında müzakirə edilməsinə üstünlük verir. Azərbaycan bu prosesin "3+3" formatında qapalı platformaya çevrilməsinə cəhd göstərir. Və bununla da regiona yalnız məkrli ssenarilərlə yerləşməyə can atan Qərbin Cənubi Qafqazdan kənarda bloklanmasına çalışır.

Onu da qeyd etmək lazımdır ki, Gürcüstan da ortaq regional müzakirə platformasına qarşı deyil. Çünki rəsmi Tiflisin Rusiya ilə ciddi problemləri olsa da, Gürcüstanın Qərblə münasibətləri də ziddiyyətlərdən qətiyyən uzaqlaşmayıb. Hər halda, rəsmi Tiflis Gürcüstanın Avropa Birliyinə üzvlük məsələsində Qərbin mövqeyinə güvənmədiyini gizlətmir. Və Qərbin ikibaşlı oyunları ucbatından Rusiya ilə növbəti hərbi-siyasi gərginliyə həvəs göstərmir.

Göründüyü kimi, geriyə yalnız Ermənistan qalmış olur. İndi ABŞ və Qərb Cənubi Qafqaz planları üçün yalnız Ermənistana ümid bəsləyə bilər. Halbuki, Ermənistan cəmiyyəti də Qərb və Rusiyaya yanaşma məsələsində parçalanmış vəziyyətdədir. Bu baxımdan, ABŞ və Qərbin regiona Ermənistan üzərindən yerləşmək planları hələlik olduqca ləng irəliləyir.

Ona görə də, ABŞ və Qərb davamlı olaraq, Ermənistan cəmiyyətində stresin yüksəldilməsinə çalışır. Qərb strateqləri Azərbaycana qarşı "qara propoqanda" yürütməklə, Ermənistan cəmiyyətində qorxu mühitini gücləndirməyə cəhd göstərirlər. Və bu baxımdan, Ermənistan cəmiyyəti üzərində xof texnologiyasının tətbiq olunduğunu da iddia etmək mümkündür.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB)

ABŞ və Avropa media qurumlarında davamlı olaraq, Azərbaycanın Ermənistana qarşı yeni müharibəyə hazırlanması barədə iddiaların irəli sürülməsi xüsusi hədəflərə hesablanıb. Erməni toplumuna mesaj verilir ki, Ermənistan növbəti savaşda təkbaşına qala bilər. Rusiyanın Ermənistanı müdafiə etməyəcəyini təbliğ edirlər. Və bu vəziyyətdə erməni toplumunu yalnız Qərbə ümid bəsləməyin mümkün ola biləcəyinə inandırmağa çalışırlar.

Halbuki, Qərb strateqlərinin bu iddiaları yalan və iftiradan başqa bir şey deyil. Çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. ABŞ və Qərbin riyakar mövqeyi ucbatından 30 il mövcud olmuş "Qarabağ problemi" də artıq mövcud deyil. Belə vəziyyətdə rəsmi Bakının Ermənistana qarşı yenidən hərbi əməliyyatlara başlamaq üçün elə bir ciddi səbəbi də yoxdur.

Üstəlik, Azərbaycan ordusunun erməni separatçı-terrorçulara qarşı antiterror tədbirlərindən sonra Ermənistanla sərhəddə hər hansı hərbi insident də baş verməyib. Yəni, Azərbaycan və Ermənistan arasında yeni hərbi toqquşmalara yönəlik heç bir əlamət müşahidə edilmir. Və bu, Qərbin öz məkrli planlarını məhz Ermənistanı yalan məlumatlar üzərindən reallaşdırmağa cəhd göstərdiyini təsdiqləyir.

Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərb öz "qara propoqanda"sını Azərbaycanın Zəngəzur dəhlizini hərbi yolla açmaq niyyətində olması barədə uydurma iddia üzərindən gücləndirməyə çalışır. Halbuki, rəsmi Bakı bu uydurma iddianı da artıq boşa çıxarıb. Belə ki, Azərbaycanın rəsmi dairələri Zəngəzur dəhlizinə əvvəlki marağın artıq olmadığını açıq mətnlə bəyan ediblər. Eyni zamanda, İran ərazisindən marşrutun çəkilməsinə start verməklə, bu mövqeyini əməldə də təsdiqləyiblər. Belə vəziyyətdə ABŞ və Qərbin Azərbaycanı "Zəngəzur savaşı"na başlamaq niyyətində ittiham etməsi tamamilə absurddur.

3d107a676f63b4b95b2c610cfc9a996f.jpg (196 KB)

Belə anlaşılır ki, ABŞ və Qərb Ermənistan cəmiyyətini məqsədyönlü şəkildə aldatmağa çalışır. Bu "böyük yalan" isə ABŞ və Qərbə Ermənistanı Rusiyaya qarşı daha radikal addımlara sövq etmək üçün olduqca vacibdir. Belə ki, Qərb Ermənistan ərazisində mümkün qədər daha çox sayda hərbi-siyasi təmsilçi yerləşdirməkdə maraqlıdır. Bir müddət öncə Rusiyanın hərbi müttəfiqi olan Ermənistanda ABŞ-ın yüz nəfərə yaxın hərbçisinin iştirakı ilə hərbi təlimlər keçirilmişdi.

Digər tərəfdən, Azərbaycan və Ermənistan arasında hər hansı hərbi insident olmadığı halda, Avropa Birliyi bu ölkədə olan mülki müşahidə missiyasının tərkibini artıqmaq qərarına gəlib. Üstəlik, Avropa Birliyi bu qərarını yenə də Azərbaycanın "Zəngəzur savaşı" hazırlanması ilə əsaslandırmağa çalışır. Yəni, Qərb siyasi dairələri bir tərəfdən Azərbaycana qarşı böhtan atırlar. Digər tərəfdən isə Ermənistan cəmiyyətini aldadaraq, rəsmi İrəvanın Rusiya əleyhinə ritorikasına haqq qazandırmağa cəhd göstərirlər. Bütün bunlara paralel olaraq da Ermənistan ərazisində Qərb kəşfiyyatçılarının sayını artırırlar.

Məsələ ondadır ki, Kreml Avropa Birliyinin mülki müşahidə missiyasının Rusiyaya qarşı hərbi kəşfiyyat vəzifələrini yerinə yetirməkdə olduğunu artıq rəsmən bəyan edib. Rusiya siyasi dairələri bu missiyanın fransız və alman casuslarından ibarət olduğunu iddia edirlər. Onların fikrincə, ABŞ və Avropa Birliyinin əsas hədəfi Rusiya-Ermənistan hərbi müttəfiqlik münasibətlərini tamamilə pozmaqdan ibarətdir. Və rəsmi İrəvan bu provokativ plana itaət etməklə, Rusiyaya münasibətdə düşmənçilik mövqeyini inkişaf etdirir.

Göründüyü kimi, ABŞ və Qərb Cənubi Qafqazda gərginliyin sona çatmasında qətiyyən maraqlı deyil. Qərb siyasi dairələri nəyin bahasına olursa-olsun, Ermənistan ərazisini Rusiyaya qarşı savaş poliqonuna çevirmək niyyətindədirlər. Yəni, bu, müəyyən mənada, Ermənistanı yaxın gələcəkdə böyük fəlakətlərə düçar edə biləcək "ikinci cəbhə"nin açılmasına yönəlik cəhd təsiri bağışlayır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR