Onlayn ictimai-siyasi qəzet
Avropa Şurasının insan haqları üzrə komissarı Maykl O'Flaherti Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yaz sessiyasında Bakıda məhkəməsi gedən xuntaçılarla bağlı danışıb. Komissar deyib ki, məhkəməni diqqətdə izləyir. O, AŞPA adından qeyd edib ki, regionda hər bir insanın hüquqlarına diqqət yetirmək, eləcə də Qarabağa qayıtmaq istəyənlərin qayıdışını təmin etmək lazımdır.
“Mən həmçinin Ermənistanı Dağlıq Qarabağdan (? – red.) qəbul etdiyi insanlara qarşı isti münasibətini davam etdirməyə çağırıram”, - O’Flaherti Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü, revanşist Arusyak Culhakyanın Bakıda saxlanılan erməni məhbuslarla bağlı təxribatçı sualını cavablandırarkən söyləyib.
Bundan əlavə, o, separatçıların məhkəməsi ilə bağlı Bakıya gəlmək üçün iki dəfə cəhd etdiyini, lakin cəhdlərinin boşa çıxdığını bildirib. Bununla belə, cəhdlərinə davam edəcəyini də sözlərinə əlavə edib.
Erməni mediasının yazdığına görə, komissar Bakıda ağır cinayətlərdə ittiham olunan ermənilərə azadlıq da istəyib...
Əlbəttə, Azərbaycana xoş, səmimi niyyətlə təşrif buyurmaq istəyən xarici ölkə yetkilələrinə, avropalılara qapımız həmişə açıqdır. Ancaq öncə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə sayğı göstərmək şərtdir. O sırada Avropa Şurası komissarı qulağında sırğa etməlidir ki, Azərbaycanda “Dağlıq Qarabağ” adında ərazi yoxdur, Qarabağ iqtisadi zonası var.
İkinci yandan, Azərbaycanla normal münasibətlər, o cümlədən insani-humanitar əlaqələr üçün ölkəmizin AŞ PA-da səs hüququ bərpa olunmalıdır. Yoxsa ki, səni sevəcəyəm, sən sevməsən də? Siyasətdə də birtərəfli sevgi olmur.
Yada salaq ki, örtən ilin yanvarından – Qarabağda bir günlük antiterror əməliyyatından az sonra Azərbaycanın AŞ PA-da səs hüququ dondurulub. Bundan əlavə, qurum saxlanılan separatçı quldurlarla bağlı Bakıya əsassız çağırış edib. Ardınca bir sıra AŞ PA deputatlarına ölkəmizə giriş qadağası qoyulub.
Qısası, bizim də dəyişməz “qırmızı xətlərimiz” var. Əgər erməni işğalı dövründə bu “xətlərin” tapdanmasına imkan verməmişiksə, indi - ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunandan sonra heç vermərik...
Qarabağdan könüllü getmiş ermənilərin qayıdışına gəlincə, əvvəla, Azərbaycan sərhədi, Laçın keçid məntəqəsi “karvansara qapısı” deyil ki, istədiyin vaxt gedəsən, istədiyin vaxta da əlin cibində qayıdasan. Qayırmaq üçün artıq konkret hüquqi prosedur, şərtlər var. Onlar hamıya bəlli. Azərbaycan çoxdan “banan ölkəsi” deyil.
Yeri gəlmişkən, görəsən cənab O’Flaherti heç olmasa, bircə dəfə həmin erməni “köçkünlərdən” soruşubmu ki, siz qayıtmaq istədiyiniz ölkənin konstitusiyasını, ərazi bütövlüyünü, bayrağını tanıyırsızmı, saya salırsınızmı? Hansı niyyətlə geri dönmək istəyirsiniz? Əgər hələ də köhnə sevdadasınızsa, o zaman ora necə dönə bilərsiniz? Təbii ki, o halda onlar üçün də qapılar həmişəlik bağlı.
Nəhayət, “regionda hər bir insanın hüquqlarına diqqət yetirməli” olduğunu bəyan edən AŞ komissarı nədən yüz minlərlə Qərbi azərbaycanlı qaçqının elementar hüququndan danışmır? Avropanın ədaləti harda qaldı...
Analitik xidmət,
Musavat.com
17 Aprel 2025
16 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ